Ölkəmizin su hövzələrində həm qanuni, həm də qanunsuz balıq ovu həyata keçirilir. Əsas qanunsuz balıq ovunun Xəzərdə həyata keçirildiyi heç kimə sirr deyil. Tez-tez Xəzərdə özəl şirkətlərə və ya fiziki şəxslərə məxsus gəmilərin qanunsuz balıq ovuna görə saxlanılması barədə xəbərlər eşidirik. Kilkə ovlamağa icazə alan, lakin qanunsuz nərə ovu ilə məşğul olan gəmilər kimə məxsusdur? Təəssüf ki, rəsmi qurumlar bu suala cavab verməkdən yayınırlar.
Modern.az-ın Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, ölkədə balıq ovuna rəsmi icazə verilmiş gəmilər bir neçə qrupa bölünür: göyərtəli, özüüzən və yedəklənən gəmilər. Ölkə sularında balıq ovu ilə torla təchiz edilmiş 30-dan çox göyərtəli (uzunluğu 24-60 metr) gəminin olduğu bildirilir. Bundan başqa balıq ovuna rəsmi icazəsi olan 560-dan çox özüüzən (uzunluğu 5,9 metr), 70-ə yaxın yedəklənən (uzunluğu 5,9 metr) gəmi də var. Bu gəmilər balıq ovu ilə məşğul olan 28 hüquqi və 34 fiziki şəxsə məxsusdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il Azərbaycanda qanuni yolla 20 min tondan çox balıq ovlanır.
Modern.az