Modern.az

“Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...

“Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat”  və  “Çay bağça”...

Ölkə

24 Oktyabr 2014, 13:00

Ağdamın işğal altında olan ərazisində çoxsaylı  toponim və hidronimlar var. İndinin özündə şəhər haqqında söz düşəndə ilk növbədə məhz həmin toponimlər də yada düşür. Bu yazıda biz bir sıra işlək olmuş və  bu gün unudulmaqda olan  toponim və hidronimlər barəsində söz açacağıq.

***

“Qaraçava”

“Qaraçava” – Ağdamın yaddaqalan toponimlərindəndir. Seyidli kəndinin məhəllələrindən sayılır. “Beşmaşınlıq” profilaktoriyanın yanındakı “Ziba” xanımın Su dəyirmanından başlamış üzü yuxarı Qiyaslı kəndinin Söyüdlüqol məhəlləsinədək uzanan hissəsinə “Qaraçava” deyərdilər. Çökək ərazi sonradan həyatyanı sahə  kimi əhaliyə paylanılmışdı.

Qeyd edək ki, Qiyaslıdan geçən magistral yol kəndə çatar-çatmaz sol tərəfə burulurdu. Solda Qaraçava məhəlləsi, sağda isə Qiyaslı kəndi qalırdı. Təxminən bu ərazidə Zakir və Nadir qardaşlarının yeməkxanası fəaliyyətdə idi. Bəzən bu qardaşlara  “qaraçava” Zakir və ya Nadir deyərdilər.

Çökəklik olan  bu ərazinin yuxarı hissəsindən Qar-qar çayından çəkilən  “Kötəl arxı”, aşağı hissəsində isə “Qaraçava arxı” çəkilmişdi. “Qaraçava arxı" Çuxurməhlə kəndinin üst tərəfindən,  Xıdırlı və Qiyaslı kəndinin altından keçərək “Dəvəbatan”adək gedib ambara tökülürdü. Ağdamkənd Su ambarına yığılan su ilə aşağı tərəflərdə olan Çəmənli, Zəngişalı, Mahrızlı, Qaradağlı kəndlərinin əkin sahələri sulanırdı.

Söz mənşəcə türk sözü olub iki hissədən ibarətdir. “Qara” böyük  “çava” isə əslində “çala” “çökək” mənasını verir. “Çala” sözü  işləndikçə təhrif olunmuş və “çava” yazılışı  kimi qəbul edilmişdir.

“Qaraçava” arxı  Qar-qar  çayından çəkilən suvarma kanallarından birincisi idi. Ümumilikdə isə Qar-qar çayından Qaraçava, Kötəl, Qobu, Zoğalat və Xatın arxı çəkilmişdi. Bu kanalların demək olar ki, hamısı “Xanlıq” dövründə  Ağdam və  aşağı ərazilərin əkin sahələrinin su təminatı  məqsədiylə çəkilmişdi. “Xatın arxı” üzü Şelli kəndinə tərəf getməklə Abdal-Gülablı kəndinin altınadək gedirdi. Digər dörd arx isə Ağdam şəhərini bu və ya digər şəkildə kəsməklə sonda Ağdamkənd Su ambarına tökülürdü....

***

“Zoğalat”

“Zoğalat”- Ağdamın az işlənən və hazırda unudulan hidronimlərindəndir. Qarabağ xanlığı dövründə aşağı əraziləri suvarmaq üçün çəkilən arxlardan biri el arasında belə adlanırdı. Bu arx çəkilən arxların ən kiçiyi idi. Təxminən Əhmədavar kəndinin ərazisindən başlanan arx sonda Qobu arxına qarışıb Qar-qar çayına  tökülürdü. Arxın Qar-qardan ayrılan ərazisi  zoğallıq olduğundan əhali bura “zoğalat” deyərdi.

Çox güman ki, “Zoğal arxı” ifadəsinin təhrif olunmuş formasıdır.

***

“Çay bağça”

“Çay bağça” toponimdir. Əhmədavar kəndindən Əsgərən rayonuna gedərkən Qaraağacı qəbrstanlığına çatmamış yolun sol tərəfində yerləşirdi. Böyük bir ərazidən daim axan Qar-qar çayı, üstəlik Şuşanın təmiz havası əraziyə əhalinin diqqətini cəlb etmişdi. Ötən əsrin əllinci illərindən başlayaraq səksəninci illərindək “May bayram”larını əhali ellikcə burada qeyd edərdi.

Ötən əsrin 60-70-ci illərində bu addım sanki bir ənənəyə çevrilmişdi. Ərazıylə üzbəüz Qara qaya idi. Bu ətrafa yaxın ərazidə Şelli kəndinə  yol ayrılırdı. Adıçəkilən ərazidə yeni korpü salınmış və ərazini dəmiryol xətti kəsirdi.

Çay bağça ərazisində sıx tut bağı, magistral yola bitişik hissəsində yeməkxana, daş sexi və Əsgəran tərəfə getdikcə isə Un dəyirmanı var idi.

“Çay bağça” yaşıllıqlarla yanaşı, həm də müxtəlif kol bitkiləriylə zəngin idi...

***

“Kötəl”  arxı

“Kötəl”sözü hidronimdir. Qar-qardan çəkilən arxlardan yalnız “Kötəl” suvarma arxı kimi deyil, su dəyirmanlarını  işlətmək üçün nəzərdə tutulmuşdu. Arxın   Əhmədavar, Seyidli, Keşdazlı və Ətyeməzli kəndindən keçən hissəsində ondan artıq su dəyirmanı var idi. Bu  arxda sonda Ağdamkənd Su ambarına tökülürdü. Qeyd edilən arxlardan yalnız “Kötəl”in suyu  dəyirmanlar üçün istifadə edildiyindən kəsilmirdi.

Maraqlı hal onda idi ki, Kötəl və Qobunun qarşısını kəsməklə yayda məktəb yaşlı uşaqlar çimmək üçün də istifadə edərdilər.

“Kötəl” sözünün kökü və mənası haqqında hər hansı bilgi əldə edə bilmədik.

***

“Qobu” arxı

Xanlıq dövründə çəkilən suvarma kanallarından sayılır. “Qobu” sözü “çökəklik”, “su  axan dərə” və “qurumuş çay yatağı” mənasını verir. Ancaq Ağdamda çəkilən bu arx  daha çox “su axan dərə” mənasındadır.

Belə ki, “Qobu” arxı  dərə ilə axaraq şəhərin mərkəzini kəsirdi. Bu arxda sonda Ağdamkənd su ambarına qoşulurdu. Lakin altmışıncı illərdə şəhərin kanalızasiya xəttləri bu arxa qoşulduğundan 1965-ildə, Nadir Abbasovun Ağdam RPK-nın birinci katibi olduğu dövrdə, “Qobu”nun üstü bağlandı. Yetmişinci illərdə isə Ağdamkənd ərazisində təmizləyici qurğular inşa edildi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı