Modern.az

Şahid olduğum yüz hadisədən biri

Şahid olduğum yüz hadisədən biri

Ölkə

13 Noyabr 2014, 10:38

Beynəlxalq Mahmud Qaşqari Fondunun vitse-prezidenti,
tarixi romanlar yazarı
 

2009-cu ilin iyul ayı idi. Yeddi ay boyunca səkkiz xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsinin əksəriyyəti gənclər tərəfindən törədilmişdi. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsində rəis əvəzi olaraq çalışırdım. Daxili İşlər Nazirliyinin kollegiya iclasında nazir cənab Ramil Usubov yol nəqilyat hərəkəti qaydalarını kobud surətdə pozan, təhlükəli manevr edən, avtomobil sürücüləri  barədə ölçü götürülməsi barədə göstəriş vermişdi. Mən də şəxsi heyətə cənab nazirin gostərişini çatdıraraq ərazidə yol nəqliyyat hərəkəti qaydalarını kobud şəkildə pozanlar barədə ölçü götürülməsini tapşırmışdım.

General Mehmandarov küçəsi ilə general Şıxlınsiki küçələrinin kəsişməsində avtomobili yüksək sürətlə, təhlükəli manevrlərlə idarə edən, əsasən, “VAZ-2107” avtomaşınlarının dövlət nömrə nişanlarını müəyyən edərək, Yol Patrul Xidmətinin əməkdaşları ilə birlikdə onların avtomobillərini cərimə meydançasına aparmışdıq. Bir valideyn bizim keçirdiyimiz əməliyyat zamanı oğlunun avtomaşınının cərimə meydançasına aparılmasına etiraz edirdi.

Həmin hadisədən iki ay keçmişdi. Yenə də tədbirlərmiz davam edirdi. Bizdən narazı olan valideynin övladının avtomobilini biz ikinci dəfə idi ki, DYP cərimə meydançasına aparmışdıq. Həmin valideyn növbəti dəfə bölməyə gələrək, öz narazılığını bildirirdi. Həmin vətəndaşı qəbul edərək, ona bildirdim ki, əgər sənin övladın başqalarının həyatına təhlükə yaradırsa, sən buna niyə göz  yumursan? O isə yenə də mənə qulaq asmadan övladına polislərin şər atdığını deyirdi. Dediyinə görə oğlu avtoxuliqan deyildi.

Onun polisə inanmaması, etibarsızlıq göstərməsi, düzü, mənə pis təsir etmişdi. Mən onun övladının videogörüntülərinin hazırlanması üçün göstəriş verdim. Oğlan yol hərəkəti qaydalarını kobud şəkildə pozanda, konkret olaraq avtoxuliqanlıq edəndə əməliyyat müvəkkilləri onu görüntülədilər. Növbəti dəfə oğlanı bölməyə gətirərkən, atasına zəng vuraraq iddia edirdi ki, heç nədən səbəbsiz yerə polislər onu şərləyirlər. Bir az keçmişdi ki, atası yenə bölməyə gəldi və yenə etiraz etməyə başladı. Mənsə onu dinlədikdən sonra bildirdim ki, biz artıq 3 aydır bu tədbirləri keçiririk. İndiyə kimi 20-yə yaxın avtomobil tərəfimizdən protokollaşdırılaraq, Dövlət Yol Polisi əməkdaşlarına təhvil verilib. Həmin avtomobillər də cərimə meydançasına yerləşdirilib. Amma həmin 20 nəfərin valideynləri hamısı oğlunun səhvini başa düşərək, ya övladlarına maşın vermirlər, ya da onları yol hərəkəti qaydalarına əməl etməyə çağırırlar. Sizin övladınızsa üçüncü dəfə eyni hərəkəti təkrarlayır, sizsə onu tənbeh etmək əvəzinə, polisi günahlandırırsınız.

Valideyn isə israrla oğluna inandığını deyirdi. Mən artıq heç nə demədən  övladının görüntülərini ona göstərdim. Oğlu “VAZ-2107” markalı maşında sürətlə təhlükəli manevrlər edir, yüksək sürətlə maşının yan təkərlərini yuxarı qaldırır, qəza vəziyyəti yaradırdı. Bu görüntülərə baxanda onun rəngi qaçdı. Başını aşağı salaraq məndən, bütün bölmənin əməkdaşlarından üzr istəyib dedi:
-Mən indiyə kimi kor olmuşam. Mən indi gördüm ki, öz övladımı ölümə göndərirmişəm. Görün maşını necə sürətlə idarə edir? Mənsə sizə yox, ona inanmışam. 

O, bunları dedikdən sonra mənə öz həyatını danışmağa başladı. Bildirdi ki, “mən yetim olmuşam. Uşaq vaxtı atasız böyümüşəm. Çox çətinliklər görmüşəm. Ona görə də övladımın həmişə hər sözünə inanmışam. Onun bir dediyini iki etməmişəm. Bu günkü günümdə vəzifə, iş - güc sahibi kimi övladım üçün çalışırdım ki, mən gördüyüm çətinlikləri o, görməsin. Ancaq mən səhv etmişəm, bütün həyatımı bircə anın içindəcə yox edə bilərdim. Tale məni atasız qoydu, indi də övladımı öz səhvlərim ucbatından əlimdən ala bilərdi. Mən, deməli, övladıma düzgün tərbiyə verməmişəm. O, məni aldadır, mənə yalan danışır, mənsə ona inanır, cibinə pul qoyur, maşının açarlarını təzədən ona verirdim. Çünki, ona inanırdım”. 

O, danışırdı, monitorda isə oğlunun maşını necə təhlükəli manevrlərlə idarə etməsi göstərilirdi. Məndən ürəyini tutaraq xahiş etdi ki, görüntüləri dayandırım. Daha sonra sürücüsünə zəng vurub otağıma çağırtdırdı. Tapşırdı ki, “indi get bu dəqiqə mənim qarajmdakı maşınımı götür, apar bazara. Neçəyə desələr, o qiymətə də sat. Bir də oğluma aldığım “VAZ-2107” maşını bizim həyətə gəlməməlidir. O maşın cərimə meydançasından çıxan kimi bazarda satılacaq”.

O, məndən üzr istəyib qapıdan çıxdı. “Sizdən, indiyə kimi sizə dediyim sözlərdən utanıram” – deyərək bütün otaqları tək – tək gəzib hamıdan üzr istədi.

Aradan on gün keçmişdi. Həmin valideyn mənim yanıma gəldi ki, artıq o, özünün və oğlunun maşınını satıb. Və maraqlı bir səmimi etiraf etdi. “On gün öncə polisə olan münasibətim tamam başqa cür idi. Siz onu dəyişdiniz, sağ olun”.
Daha sonra başına gələn bir hadisəni danışdı ki, bir neçə gün öncə işdən evə gəlirmiş. Cavanşir körpüsündən keçəndə görüb ki, Dövlət Yol Polisi əməkdaşları bir maşını saxlayıb. Maşının içində olan dörd nəfərin hamısı sərxoş imiş. Və onlar Dövlət Yol Polisi əməkdaşları ilə əlbəyaxa olublarmış. Tez maşını saxlayıb və onlara yardıma gedib. Ertəsi günü həmin yerdə, həmin saatda evə qayıdanda həmin Dövlət Yol Polisi onu saxlayıb və təşəkkür edib və dünən niyə özünü təhlükəyə atdığını soruşub. Tanışım da ondan soruşub ki, adi, mülki vətəndaşlar məgər sizə kömək etmirlər ki? Dövlət Yol Polisi əməkdaşı isə “təəssüf ki, çox vaxt ya yaxın qohumları, ya da tanışları polisdə çalışan mülki vətəndaşlar bizə öz yardım əllərini uzadırlar” cavabını verib. Tanışım da “mənim də qohumum polisdir”  deyib, 35-ci bölmənin rəisi kimi adımı verib. Dövlət Yol Polisinin əməkdaşı nə zaman nə işi düşərsə, canla- başla yerinə yetirəcəyini deyib və ona öz nömrəsini vermək istəyib. Tanışım isə onun nömrəsini götürməyib, əvəzində isə ondan bircə xahiş edib:
“Səndən sadəcə bir xahişim var. Öz işini düzgün apar. Mənim sürücüm də olsa, ona güzəştə getmə. Hər şeydə insana güzəştə getmək olar. Ancaq kimsə kiminsə həyatını təhlükə altında qoyursa, bax, onda ona acımamaq lazımdır”. 

Mən 35 -ci polis bölməsində çalışdığım müddət ərzində onunla arabir görüşürdüm. Və düzü sevinirdim ki, bizim vətəndaşlar arasında polisə qarşı bu cür müsbət fikirli insanlar var. Düzdür, ölkə mətbuatında Azərbaycan polisini gözdən salmaq üçün dəridən – qabıqdan çıxanlar da  var. Bir polisin hər hansı bir səhvini aşkar edib, onun haqqında olmayan şeylər yazırlar, amma xalqına, millətinə, dövlətinə şərəflə qulluq edən, onun çətin anlarında dadına yetən polislərimizin qəhrəmanlıqlarından, yaşadıqlarından yazmağa çətinlik çəkirlər.
 Leyla Yunusu bir qəhrəman kimi müdafiə edənlərə bircə sözüm var: O, polisin baş geyimini, üzərində dövlətin rəmzi olan gerbin olduğu papağını ayaq altına atanda ondan niyə yazmırdınız ki, o gerb bizim dövlətimizin rəmzi, atributudur? Niyə özünüzə sual vermirsiniz “biz kimi müdafiə edirik?” Belə bir hadisə başqa bir ölkədə baş vermiş olsaydı, o ölkənin ziyalıları, jurnalistləri onu müdafiə edə bilməz, müdafiə edənləri belə xalq özü cəzalandırardı ki, mənim dövlətimin rəmzini, gerbini ayaqlar altına atan xaindir. Demək ki, Leyla Yunusları müdafiə edənlər də elə onunla eyni qanın daşıyıcılarıdır.

Mən polis kimi həyatda gördüklərimi, 20 ilə yaxın müddətdə öz əməliyyat təcrübəmdə yaşadıqlarımı, şahidi olduqlarımı 5 romanda cəmləşdirmişəm. Toplam həcmi 2 min səhifə olan həmin romanlarımda mən cinayətlərdən, mənzil oğurluqlarından, narkotik adlanan bəlanın neçə  ailəni məhv etməsindən bəhs etmişəm. Bu yazımda isə sizə yol hərəkəti qaydalarını pozan bir gəncin həyatını sizlərə danışdım. Azərbaycan polisi şərəflə, namusla, vicdanla öz xalqını, özdövlətini qoruyur. Azərbaycan polisini də xalq qorumalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı