”Bizim səhvimiz onda oldu ki, teatra getmədik”

Modern.az saytda “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki qonağı əməkdar artist, kinoaktrisa Xalidə Quliyevadır. O, oxucularla Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində birgə təhsil aldığı xalq artisti, kinoaktrisa Nuriyyə Əhmədova haqqında xatirələrini bölüşür:
“Atam rəhmətə gedəndə Nuriyyə mənə çox dəstək oldu”
“Biz 1971-ci ildə Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşuq. Sentyabr ayında dərslər başlayanda qəbul olunanları iki yerə - kino aktyorluğu və dram aktyorluğu şöbələrinə ayırdılar. Biz Adil İsgəndərovun rəhbərik etdiyi kino aktyorluğu şöbəsinə düşdük. Ədil müəllim kino aktyorluğu fakültəsinin yaranmasının təşəbbüsakarı idi. Biz - Nuriyyə Əhmədova, mən, Fatma Mahmudova, Kazım Abdullayev, Eldəniz Rəsulov, Zilli Namazov və başqaları o fakültəyə qəbul olunduq. Ədil İskəndərov, Allah ona qəni-qəni rəhmət etsin, eyni zamanda Azərbaycan Milli Dram Teatrında rejissor olub və teatr həmin müddətdə qızıl dövrünü yaşayıb, böyük nailiyyətləri olub. Ələsgər Ələkbərovun Otello obrazını canlandırdığı “Otello” pyesini Moskvaya, nümayişə aparmışdılar. Hətta Moskvadakı bir teatrşünas demişdi ki, biz hələ belə bir Otello obrazı görməmişik. Ədil müəllimin kinostudiyaya gəlişi ilə də çox şeylər dəyişdi, orada kinoaktyorluq ştatı yarandı. İnstitutu bitirəndə bizim təyinatımız həmin ştata idi.
Nuriyyə çox aktiv, ünsiyyətə tez girən, təşəbbüskar qız idi. O instituta daxil olmamışdan əvvəl iki-üç il idi ki, Musiqili Komediya Teatrında-xorda işləyirdi. İşləyə-işləyə sənədlərini verdi və instituta daxil oldu. Yəni belə səhnə görmüş, istiqanlı, mehriban, dostsevən, təşkilatçı idi. Tələbəlik həyatını bizə hardasa Nuriyyə Əhmədova yaşatdı desəm, düzgün olar. İnstitut illərində elə birinci kursdan başlayaraq harasa getməyimiz, bir tədbir keçirməyimiz, yəni uşaqları bir yerə toplamaq, bizi bir-birimizə isinişdirmək- bunları Nuriyyə təşkil edirdi. Bir dəfə bizi bağ evinə qonaq aparmışdı. Orada qəşəng süfrə açmışdı.

İnstituta girən ili atam rəhmətə getdi və mən o vaxtı çox sarsıldım. Nuriyyə o dönəmdə mənimlə daha çox yaxınlıq etdi. Bir o, bir də Fatma Mahmudova mənə böyük mənəvi dəstək oldular. Uşaqlar pul yığmışdılar, bizim evə gəldilər. Nuriyyə o pula əynimə ayaqqabı və s. aldı”.
“Nuriyyə yeri gələndə dava da edərdi”
“Tələbəlik vaxtı xəstəxanadan instituta bizdən qan almağa gəlmişdilər. Qanvermə aksiyası idi. Hamını da yoxlayıb, qanını alırdılar. Mənim qanım-hemoqlabinim həmişə aşağı olub, zəif qız olmuşam da, arıq idim. Ona görə məndən qan götürmədilər. Dedilər, sənin hemoqlabinin onsuz da aşağıdır. Nuriyyə xanımın qanını yoxlayanda baxdılar ki, belə çox enerjili qızdır, həkim qayıtdı dedi, “burada yazılıb “aktrisa” (gülür).
Nuriyyə çox təmiz qız olub. Kişi kimi qız idi, sözü üzə deyən idi. Yeri gələndə dava da edərdi. Heç vaxt sözü ürəyində saxlamaz, deyərdi. Elə bir dava da olmuşdu. Kursumuzda adını deməyəcəm, bir az göylə gedən qızımız var idi, Nuriyyəylə o tutuşdular. Mən də dava-filan olanda bir az çəkinirəm, qəbul edə bilmirəm ki, kimsə bərk danışsın, ya kimsə kiməsə bir söz desin, təhqir etsin. Nuriyyə nə lazımdır, o qıza dedi, ürəyində saxlamadı.

Tələbəlik vaxtı da onun aktrisalıq qabiliyyəti yaxşı idi. Bu cür fiziki görünüşə mailk olan adamın dramatik rolu oynamağı çox gözəl, daha real, həyati, daha inandırıcı olur, tamaşaçıya daha yaxın olursan. Məsələn Cülyetta Mazina, İnna Çurikova kimi. İtaliya rejissorları bu məqama çox diqqət yetirirlər, onların filmlərində demək olar ki, belədir. Məsələn, baş qəhrəmanları da heç gözəl olmur. Daha real, həyata yaxın, həyata bənzər kino estetikası ilə işləyirlər. Hesab edirəm ki, Nuriyyə xanım Əhmədova da neorealizm janrının aktrisasıdır.
Ümumiyyətlə, Nuriyyə sözün əsl mənasında bu sənətin yolçusudur. Çox zəhmətkeş qız idi. Çətinlikdən qorxmaz, məqsədinə çatanacan mübarizə etməyi bacarırdı. Əgər Nuriyyə Əhmədova kolxozda pambıqçı işləsəydi, o mütləq Sosialist Əməyi Qəhrəmanı adını alacaqdı. Hiperaktiv uşaqlar olur e, Nuriyyə də hiperaktiv qız idi. Yəni hansı sahədə olsaydı, bütün gücünü, enerjisini o işə verəcəkdi”.
“Nuriyyənin ikinci övladının süd anası olmuşam”
“Nuriyyənin çox qəribə, tükənməyən bir enerjisi var idi. İndi də o cürdür. Məhz Nuriyyənin səbəbinə, təşəbbüsü ilə biz onunla çox yaxın olduq. Məsələn, mən onun evində qalırdım, elə olurdu o məndə qalırdı. Nuriyyənin evi Mərdəkanda idi. İnstitutda oxuduğu üçün məcbur idi ki, şəhərdə ev tuta, o da çox baha idi. Düzdür, kirayə də çox qalmışdı, amma bizim evdə də çox qalırdı. Artıq onunla bacı kimi idik. Məsələn, rollarımızı bir məşq edirdik, tapşırıqlarımız olanda bir-birimizə kömək edirdik. Hətta mən onun ikinci övladının süd anası olmuşam. Təxminən üç il onun övladına süd də vermişəm.

Nuriyyənin paltar yumağı mənfi cəhətidir. Təmiz paltarı da yuyur. Necə yuyursa, əlləri paltar yumaqdan kobudlaşmışdı. Paltar yumağı çox sevirdi. Bir yerdə olanda tezdən dururdum, görürdüm, Nuriyyə hanı, paltar yuyur. Bütün axşamı paltar yuyub. Deyirəm, “bunun nəyini yuyursan? Təmizdi axı”. Deyir, “yox, çirklidi”.
Nuriyyə kinoaktyorluq fakültəsini bitirməyinə baxmayaraq, kinoya gec-hardasa 1982-ci ildə gəldi. Müqayisə etmək istəmirəm, amma mən instituta girən ildən artıq filmlərə çəkilməyə başlamışdım, çox dəvətlər alırdım. 82-ci ildə artıq kinoaktyorluq ştatında işləyirdim, onu kinostudiyada görəndə dedim, “Nuriyyə, görərsən, az müddət keçəcək, sən çox məşhurlaşacaqsan”. Və elə dediyim kimi də oldu. Çünki Nuriyyə filmə çəkilməyi, məşhur olmağı çox istəyirdi. O sənətini, peşəsini çox sevirdi. Bir deyim var ki, sən nəyisə çox istəsən, o arzu mütləq həyata keçir. Nuriyyə də istəyinə çatdı, aktrisa olmaq istəyirdi, oldu. Ən böyük istəyi o idi. O xalq artisti adını da aldı, prezident təqaüdçüsüdür.
Dostluğumuz 3-4 il çəkdi, sonra müəyyən səbəblərdən ayrılası olduq, daha o qədər yaxınlıq etmədik. O da, mən də ailə həyatı qurmuşduq. Artıq bir övladım vardı, ikinci övladım 85-ci ildə dünyaya gəldi, uşaq balacalıqda çox xəstəliklər keçirtdi və mən bir az sənətimdən uzaqlaşdım. Yəni mənim üçün vacib məqam övladımın sağlamlığı idi. Ona görə analıq vəzifəmi yerinə yetirməyə çalışdım. Və beləcə, demək olar ki, bizim yollarımız ayrıldı. Nuriyyə artıq kinostudiyada filmlərə çəkilməyə başladı. Əvvəl xırda-xırda rollarla, xarakterik obrazlarla çəkildi. Sonra mən səhv etmirəmsə, onun ən müvəfəqqiyətli rolu “Həm ziyarət, həm ticarət...” filmində oldu. O roldan sonra artıq Nuriyyə xanım məşhurlaşdı. O, eyni zamanda rejissor Vaqif Mustafayevin aktrisası idi desəm, yanılmaram. Çünki Vaqif müəllimin özünün öz komandası var və Nuriyyə xanım da o komandanın üzvü idi. Nuriyyə xanım onun filmlərində çox çəkilib, hamısı xarakterik obrazlardı. Vaqif müəllimin o vaxt çəkdiyi filmlərə eksentrik komediya deyərdim. “Yaramaz”ı onun ən müvəfəqqiyyətli filmi hesab edirəm. Vaqif müəllim indi böyük bir tarixi film çəkir”.
“Böyük faciələr yaşadı Nuriyyə”

“Aktyor, aktrisa mütləq teatrda işləməlidir. Aktyor teatrda püxtələşir, formasını saxlaya bilir, tamaşaçılarla təmas ona həmişə stimul verir. Nuriyyə Milli Akademik Dram Teatrında olsaydı, özünəməxsus rollar oynayardı. Onun görüntüsü, danışığı- hər şeyi özünəməxasusdur. O səhnədən maraqlı görünərdi. Bizim səhvimiz onda oldu ki, teatra getmədik. Bilmirəm, Nuriyyə niyə teatra getmədi. Çünki o, onsuz da hər şeyini sənətinə, kinosuna sərf edirdi, qastrollara gedirdi. Mən niyə getmədim?
Mən yenə qayıdıram, ailəyə bağlıyam. Hər gün harasa gedə bilmirəm. Bir gün gedəndə artıq ev üçün çox darıxıram. Evdə harmoniyamı tapa bilirəm. Başqa yerdə darıxıram, sıxılıram, çox az yerlərdə özümü rahat hiss edə bilirəm.
Nuriyyə xanım teatra getmədiyi üçün daxili patensialını tam xərcləyə bilməyib. Çünki aktyor ancaq klassik pyeslərdə oynadıqca, yaxşı rejissorla işlədikcə öz potensialını ortaya qoya bilir. Məsələn, mən Vaqif Mustafayevin filmlərində Nuriyyənin bütünlüklə özünü göstərmək üçün şansı yarandığını hiss edirəm. Orada oynamağı ilə potensial qüvvəsini ortaya qoyub. Sonra “Həm ziyarət, həm ticarət...”də. Axı bu aktyor üçün, bizim üçün azdır. Çox azdır. Aktyorun materialı əsəbdi, sinirdi, daxili gərginlikdi, bunlar Nuriyyədə var. Vaqif Mustafayevin filmlərindəki rollarını bəyənirəm. Ümumiyyətlə, Nuriyyənin oynadığı bütün rollar özünəməxsus, inandırıcı və səmimidir. Bəzi epizod roları var, o da yaddaqalandır.

Nuriyyə xanımın başına gələnə bütün faciələr barədə heç danışmaq istəmirəm. Çünki hələ də o övladlarının başına gələn hadisələri həzm edə bilmirəm. Bu ilin sentyabr ayında Nuriyyə Əhmədovanın oğlu, bir neçə il əvvəl isə qızı dünyasını dəyişib.
Böyük faciələr yaşadı Nuriyyə. Allah ona səbr versin. O məqamlara toxunmaq istəmirəm. Düzdür, ondan əvvəl də həmişə efirə çıxır, öz dərdlərini danışırdı. Bircə ona təəssüflənirəm ki, Nuriyyə ev ala bilmədi, evsiz qaldı. İndiyə qədər o kirayənişin həyatı yaşayır. Biz bir dəfə evi təmir etməliydik, qalmağa yerimiz yox idi. Getdik iki aylıq kirayə qaldıq. Mən onda bildim ki, Azərbaycanda kirayənişin olmaq nə deməkdir. Dünyada bu artıq bir qanundur, yəni çoxları kirayə yaşayır, hər şey normaldır. Amma bizdə kirayə oldun, məsələn çox qonşu tərəfindən başqa cür qarşılanırsan, sənə başqa cür baxırlar. Son illər də əxlaqi dəyərlər, hər şey o qədər dəyişilib, cılızlaşıb, o qədər maddiləşib ki, bilmirsən ki, neyləyəsən. Ümumiyyətlə, dünyanın işindən doğrudan da baş çıxartmaq çox çətindir. Dünyadakı səliqə-səhmanı yaratmağa gücüm çatmasa da, evdə olmağımla, heç olmasa evdəki səliqə-səhmanı yaratmaqla rahatlıq tapa bilirəm. Mən özüm özümlə dostam. Bütün enerjimi evə, ailəyə, evin səliqə səhmanına yönəltdim və arada-bərədə çəkilməyə başladım. Son illər şükür Allaha, qurdumu öldürə bilirəm. Azərbaycan adlı bir məkanda qaynadığımı, yaşadığımı yaxşı bilirəm. Teatrdan da, kinomuzdan da xəbərim var, hər şeyi müşahidə edirəm, izləyirəm, təzə filmlərə baxıram. Son dəfə məni sevindirən “Nabat” filmi oldu. O filmə baxandan sonra az qalırdı gözümdən yaş axa. Çox sevindim ki, Azərbaycan kinosu nəhayət dünya kinosu səviyyəsinə qalxa bildi. Yəni nəyimizsə var ki, festivallara çıxardaq. Bununla fəxr edirəm, məni sevindirir.
Nuriyyə şən, deyən-gülən idi. Hamıyla danışırdı, ünsiyyətcil qız idi. İşdə də elə idi, hamıyla dost idi, münasibət saxlaya bilirdi. Həmişə aktiv olub, hara dəvət etsələr gedib, heç kimə rədd cavabı verməyib.
Son vaxtlar başına gələn işlərdə ancaq ona səbr diləyirəm, nəvəsi Faiq var, onun toyunu görsün. Faiqdən gözü dolusu görsün, onunla rahatlığını tapsın. Tanrıdan da ancaq ona səbr diləyirəm. Biz hamımız bir kurs yoldaşı, bir həmkar kimi onun xətrini çox istəyirik. Mən Nuriyyə xanıma can sağlığı, uğurlar arzu edirəm. Həmişə səsi gəlsin”.

Misranə Həsənzadə