Modern.az

Bir varmış bir yox....

 Bir varmış bir yox....

Ölkə

16 Avqust 2010, 17:39

Atamla anam dünyada gördüyüm ən gözəl insanlardır. Onların isə ən böyük var-dövləti biz, üç övlad idik. 6 yaşım vardı. Təzə ev tikdirirdik. Iki mərtəbəli ev hələ də gözümün önündədir. Atam və anam evin tikintisinin bitməsi üçün cehizləri yavaş-yavaş satmağa başladılar. Hətta nişan üzüklərini də satdılar.

Hər ikisi çox zəhmətkeş insanlardır. Atam gecələr tarlada çalışır, günüzlər məktəbdə dərs deyir,  dərsdən sonra isə emalatxanada işləyirdi. Anam isə həm bizə baxır və həm də tarlada atamın işlərini davam etdirirdi. Anam mənə həmişə “Villi” deyə müraciət edərdi. Bu sadəcə mükəmməl ananın övladına taxdığı bir ad idi.

Həmişə tarlada işləyəndə məni özüylə aparardı. Evdə bir inəyimiz bir də buzovumuz var idi. Hər gün buzovla oynayar və onu bezdirərdim. O da meni kəlləsi ilə vurub yerə sərirdi. Mən də ağlaya-ağlaya anamın yanına qaçardım. Anam da “mənim balamı yenə də pis buzov vurub? İndi mən o buzovu döyərəm, ağlı başına gələr” deyərdi.
Hə, bir də eşşəyimiz var idi. Onun da tez-tez quyruğunu çəkərdim. Amma onu evin arxasında bağlayardılar  deyə, ora tez-tez gedə bilmirdim. Arada atamla üzüm gətirməyə gedərdik. O həmişə mənə nəsə öyrədirdi. Ona heyaran idim.

Evimizin tikintisi bitmişdi. 15 gün onun içində yaşadıq. Hər gecə ulduzlara baxıb sanki solğun olduqlarını hiss edirdim. Gecələr isə daha qaranlıqlaşırdı. “Gecələr nə qədər qaranlıq olsa, ulduzlar daha gözəl parlayar” deyimi mənim üçün heç də həqiqət deyildi.

23 avqust 1993-cü il bütün gözəlliklərə son qoydu. O gün 6 yaşlı buzovlu, eşşəkli, bostanlı, bağlı çox gözəl bir həyatı savaş qaraltdı. Gözümün önündə ölən insanlar, fəryadlar hələ də gecələr yuxuma gəlir.

O gün atam sanki bir qəhrəman idi mənim üçün, həyatım boyunca ondan üstün bir qəhrəman bilmirdim onda. Bizi və babamgili bəladan qurtardı. Buna görə biz şanslıydıq desəm, yalan olmaz. Çünki insanlar gözümüzün önündə ölür və yaralanırdılar.

O gündən sonra atamın üzü gülmədi. İşğal altında qalan doğma yurd-yuvam mənim üçün lap nağıla döndü. Bir varmış, biri yox... kimi...

Yazımı atam Ağamalı Quliyevin bir şeiri ilə bitirmək istəyirəm.

                                Qoynunda göz açdım bu kainata,
                                Mənə həm anasan, həm də ki, ata.
                                Gözəllər gözəli sənə kim çata,
                                Vurğunun olmuşam sənin, Cəbrayıl.

    Qalxıb Ziyarətdən baxdıqca sənə,
    Ellər-obalar heyrandır sənə,
    Qurbani sazını dilləndir yenə,
    Toy-büsat oylağı sənsən, Cəbrayıl.

                                Çinarlar hər yerdə verib baş-başa,
                                Xan Araz istəyir sevincdən daşa,
                                Xudafərin olub xalqa tamaşa,
                                Əzizdən əzisən mənə, Cəbrayıl.

   İgidlər yetirmiş bu doğma diyar,
   Oğlu Koroğlutək, qızları Nigar, 
   Ulu babalardan qalmış yadigar,
   Bizə əmanətsən, paysan, Cəbrayıl.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı