Modern.az

Şeyxin telekanallara tövsiyyəsi: "Yalançı "dinşünaslar" ekrana çıxarılmasın"

Şeyxin telekanallara tövsiyyəsi: "Yalançı "dinşünaslar" ekrana çıxarılmasın"

Ölkə

17 Avqust 2010, 12:24

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ramazan ayı başlayan ərəfədə Azərbaycanda fəaliyyət göstərən telekanalların rəhbərlərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, şeyxin müraciətində telekanallara tövsiyyə olunub ki, mübarək Ramazan ayı müddətində  televiziya verilişlərinin hazırlanması zamanı milli və dini dəyərlərimizə ehtiram göstərilsin.

“Xüsusən Quranın nazil olduğu bu mübarək ayda telekanalınızda milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olmayan məqamlara yol verilməməsi həm dinimizin vacib buyurduğu orucu tutan insanların bir vətəndaş olaraq hüquqlarına hörmətlə yanaşmanın, həm də müqəddəs dinimizə ehtiramın təzahürü olar”-deyə müraciətdə bildirilib.

Şeyx telekanallara onu da tövsiyyə edib ki, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə həsr olunan verilişlərə müsahib və ekspert qismində əksər hallarda dinimizin dəyərlərindən bixəbər, yalançı "dinşünasların" dəvət olunması insanları narahat edir və bununla bağlı QMİ-yə çox sayda müraciətlər olunur: “Odur ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə məsləhətləşmə milli adət və mənəvi ənənələrə daha çox fayda gətirərdi”.

Allahşükür Paşazadə bəyan edib ki, şəxsi maraqları naminə özlərini müxtəlif KİV-lərdə "din xadimi, molla, islamşünas" kimi təqdim edən, din adından sui-istifadə edən bəzi şəxslərin fikirlərinin düzgün kimi təlqin olunması milli-mənəvi dəyərlərimizə uyğun deyil.
“Bu həm də milli dövlətçiliyimizin möhkəmlənməsinə, dini-mənəvi dəyərlərin inkişafına xidmət edən Qafqaz Müsəlmanları İdarəsinə və tərəfimizdən təyin edilmiş hörmətli din xadimlərinin nüfuzuna xələl gətirir. Odur ki, bu məsələdə obyektiv olmağınızı xahiş edirik. Həmçinin, mübarək ay ərzində milli mentalitetimizə uyğun olmayan film və verilişlərin, habelə reklam çarxlarının yayınlanmamasını tövsiyə edərdik. İnşəallah, bu məsələlərin rəhbəri olduğunuz telekanallar tərəfindən nəzərə alınacağına ümidvarıq”.

Mübarək Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi bu ayın dəyərini, fəzilətlərini daha yaxşı işıqlandıracaq veriliş və materialların hazırlanmasını tövsiyə edib.
“Diqqətinizə çatdırmaq istərdik ki, dinimizə, mənəvi ənənələrimizə ehtiramlı şəkildə ərsəyə gələcək materialların yaradıcılarını ruhlandırmaq məramı ilə, sizin tövsiyənizlə, ən yaxşı veriliş müəllifini müqəddəs Həcc ziyarətinə yollamaq nəzərdə tutulur”-deyə Allahşükür Paşazadənin telekanal rəhbərlərinə müraciətində qeyd edilib.

Bu gün Ramazan ayının 7-ci günüdür. Telekanallar şeyxülislam hacı Allahşükür Paşazadənin tövsiyyələriə əməl edirlərmi?

Modern.az suala cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.
İdarənin mətbuat xidmətinin rəhbəri hacı Rəhimə Dadaşova bildirib ki, QMİ Ramazan ayı ərəfəsində təkcə telekanallara deyil, Mətbuat Şurasına da müraciət ünvanlayıb: “Biz telekanallara və Mətbuat Şurasına müraciət etmişik. Müraciətdə elektron və yazılı mediada orucluqla bağlı tərbiyəvi, maarifçi əhəmiyyətli verilişlərə, yazılara yer verilməsi tövsiyyə olunub. Bizim müraciətimiz tövsiyyə xarakterli olduğundan ona cavab almağı nəzərdə tutmamışıq”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseyinzadə Modern.az-a bildirib ki, Azərbaycanda mətbuat azad mühitdə fəaliyyət göstərdiyindən dini mövzuda yazılara daha geniş yer verilməsi məsləsində hamı sərbəstdir: “Əlbəttə, Ramazan ayında media Qafqaz Müsəlmanları İdarəsinin tövsiyyə etdiyi kimi, dini mövzulara sayğı ilə yanaşsa, daha yaxşı olar. Biz də mətbuat orqanlarına dini məsələlərə həmişə sayğılı yanaşmağı tövsiyə edirik”.

Mail Ağaxanov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı