Modern.az

İsveç Kral Akademiyasının 27 yaşlı azərbaycanlı üzvü: “Xaricdən gələn iş təkliflərini qəbul etmədim” - MÜSAHİBƏ

İsveç Kral Akademiyasının 27 yaşlı azərbaycanlı üzvü: “Xaricdən gələn iş təkliflərini qəbul etmədim” - MÜSAHİBƏ

Ölkə

17 Dekabr 2014, 12:19


Modern.az sayt
ı elm adamları ilə silsilə müsahibələrini davam etdirir. Bu dəfəki müsahibin 27  yaşı olmasına baxmayaraq Azərbaycan elminə yetəri qədər fayda verə bilib. O. AMEA-nın Gəncə bölməsinin doktorantı, antropologiya və etnoqrafiya sahəsində elmi araşdırmalarına görə İsveç Kral Akademiyasının müxbir üzvi seçilən Elnur Həsənovdur.

- 1987-ci ildə Gəncə şəhərində müəllim ailəsində dünyaya gəlmişəm. Məhəmməd Hadi adına 10 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirərək qəbul imtahanının nəticələrinə görə, Prezident təqaüdünə layiq görüldüm, Gəncə Dövlət Universitetinin əvvəlcə bakalavriat, sonra magistratura pillərini fərqlənmə diplomu ilə bitirmişəm, sonra isə Elmlər Akademiyasının Antropologiya və etnoqrafiya üzrə doktoranturasına qəbul olmuşam. Dünyanın 29 ölkəsində 6 dildə çap olunan 130-dan artıq elmi əsərin, monoqrafiyanın müəllifiyəm.  

- Necə oldu ki, gənc yaşda İsveç Elmlər Akademiyasınım müxbir üzvi seçildiniz?

- Gənc yaşda İsveç Elmlər Akademiyasının müxbir üzvü seçilməyimin səbəbi, ilk növbədə beynəlxalq miqyasda birmənalı surətdə ən nüfuzlu elmi nəşrlər hesab edilən Yaponiya, ABŞ, Fransa, Avstriya, İsveç, Sinqapur, Meksika, Almaniya, İtaliya, Kanada və digər ölkələrin yüksək impakt faktorlu elmi jurnallarında çoxsaylı əsərlər çap etdirməyim, həm də apardığımız tədqiqatların multidissiplinar, daha doğrusu beynəlxalq əhəmiyyətə və tətbiqi dəyərə malik elmi nəticələrlə səciyyələnməsi olub.

- Bu yaşınızda nüfuzlu beynəlxalq jurnallarda çıxan məqalələrin sayı hətta bəzi akademiklərin məqalələrindən də çoxdur. Bunu hansı səbəblə bağlamaq olar?

- Gəncə şəhərində fəaliyyət göstərən Elmlər Akademiyasının Gəncə bölməsi mənim üçün yalnız əmək fəaliyyətinə tələbə ikən başladığım bir müəssisə yox, həqiqi insanlıq məktəbi, təmənnasız, xeyirxah münasibətin dəyişməz ünvanına çevrildi. Bu elm ocağı mənə insanlara səmimi münasibəti, sahib olduğun böyük nailiyyətlərə baxmayaraq, hər zaman təvazökarlıq nümunəsi göstərməyi öyrətdi. Akademik Fuad Əliyevdən həqiqi həyat müəllimliyi örnəyi gördüm, səmimi və tələbkar iş rejimi, işə qəbul və vəzifədə irəliləyişin çox dürüst olmağı məndə yalnız zəhmətlə ucalmaq əminliyini yaratdı. Uğurlarınla qürrələnmə, uğursuzluğuna təəssüf etmə, hər zaman şükr et. Bu düşüncə və imanım mənə kömək oldu.

- Bildiyimizə görə, sizin xaricdə bu qədər məqalələrinizin çıxmasına akademiyada əvvəlcə inanmayıblar.  Hətta yenidən yoxlama işləri də aparıblar.  Bu fakt nə dərəcədə həqiqətə uyğundur?  

- Həqiqətən də, bu əslində təbii haldır. Çünki, elmlə məşğul olan şəxs yalan, iftiradan tam uzaq, dürüst şəxs olmalıdır, əks halda elmdən tezliklə uzaqlaşmaq qaçılmaz olur. Həm də Elmlər Akademiyası son illərdə ölkəmizdə elmin brendinə çevrilib, elm sahəsində çox böyük nailiyyətlər əldə olunub. 2014-cü ildə Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə tərəfindən Akademiyanın Rəyasət Heyətinin qərarı ilə təsis olunan Fəxri mükafat mənə təqdim edildi və bu cür yüksək təltiflər təqdim edilməzdən əvvəl namizədin göstəricilərinin hərtərəfli yoxlanılması çox təbiidir. Bu, Elmlər Akademiyasında obyektivliyin göstəricisidir.

- Araşdırmalarınız daha çox hansı mətləblərə aydınlıq gətirib?

- Həyata keçirdiyimiz tədqiqatların bir qismi ABŞ, Yaponiya alimləri ilə müştərək aparılıb və nəticədə dünya tarixində ilk dəfə olaraq sənətkarlıq ənənələrinin mənşəyi, inkişaf xüsusiyyətlərinin tarixi təkamülü etnoqrafik və arxeoloji mənbələr, yeni, innovativ üsullar əsasında öyrənilib. Təqdirəlayiq haldır ki, tədqiqatlarımız sayəsində ilk dəfə olaraq xalqımızın Qafqaz bölgəsinin yerli, aborigen əhalisi olduğu sənətkarlıq ənənələrimizin araşdırılması nəticəsində sübuta yetirilib.

-Tariximizin sirr qatları niyə bu qədər gec açılır?

- Tarixin “Ağ ləkələri” adlandırılan sirli məqamlarının daha tez araşdırılması üçün tədqiqatçıdan əzmlə çalışmaq, vətənpərvərlik duyğusunu hər bir məqsəddən üstün tutmaq, ən əsası isə elmə gəlir mənbəyi kimi yanaşmamaq vacibdir. Bu cəhətlərə malik olan təəssübkeş tədqiqatçılar çox olarsa, elmi araşdırmalar daha əsaslı və genişmiqyaslı olar.



- Akademiyada gənclərin elmlə münasibətini necə dəyərləndirirsiniz?

- Elmlər Akademiyasında son illərdə elmi tədqiqatların beynəlxalq miqyasda daha çox təqdir edilməsinin səbəbləri içərisində gənc alimlərin sosial rifahının yüksəldilməsi tədbirləri xüsusi əhəmiyyətə malikdir. Çünki, ölkəmizdə ilk dəfə olaraq Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib, gənc alimlərin xarici ölkələrdə elmi ezamiyyələri mütəmadi olaraq təşkil edilir və elmi layihələrin maliyyələşdirilməsi sürətləndirilir.

- Oradakı hansı problemlərin aradan qaldırılması Azərbaycan elminin inkişafına təkan verə bilər?

- Elmimizin daha sürətli inkişafı və fundamental elmi nəticələrin əldə edilməsi üçün ən əsası gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması vacibdir. Çünki bu gün alimlərin maddi durumunun, sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət dəstəyi var, gənc alimlərin ölkə və beynəlxalq miqyasda elmi tədqiqatlarını daha müasir üsullarla həyata keçirmələri üçün Elmlər Akademiyası səviyyəsində hərtərəfli qayğı göstərilir. Bir də gənc alim bilməlidir ki, maddi gəlir heç də hər şey deyil, həyatda maddiyyatdan daha üstün olan mənəvi dəyərlər, məsələn, elmə həyat məqsədi kimi yanaşmaq məsələsi var.

- Bir neçə əcnəbi dili bilirsiniz və xaricdə xeyli sayda məqalələriniz də çap olunub. Nə vaxtsa xarici elmi qurumlardan, universitetlərdən iş təklifi gəlsə qəbul edərsiniz?

- Şübhəsiz ki, elmi uğurları olan şəxsin fəaliyyəti ilə hər zaman xarici elmi qurumların, universitetlərin diqqət mərkəzində saxlanılır və çoxsaylı iş təklifləri edilir. Şəxsən öz adımdan əminliklə deyə bilərəm ki, bu cür təkliflərin sayı çox olub, amma mən nəinki xaricdə, hətta paytaxtda belə, çalışmaq təklifini qəbul etməmişəm. Çünki, başqa yerlərə, xarici ölkələrə gedəndə doğma Gəncə üçün qəribə bir həsrət duyğusu hiss edirəm, tezliklə geri qayıtmaq istəyirəm, Gəncəsiz yaşaya bilməyəcəyimi dəfələrlə özümə sübut etmişəm. Bu şəhər, bu vətən uğrunda əcdadlarımız çox məhrumiyyətlərə qatlaşıblar, çox şəhid vermişik, torpaqlarımızın bir qismi düşmən tapdağı altındadır. Belə bir məqamda doğma vətənimdən qısa müddət üçün də ayrı olmaq mənim üçün ağır duyğu olar.

- Sonda... qısa bir sual: bu gün inkişaf etməyiniz üçün ən çox qarşınızı nə kəsir?

- Bu gün insan olaraq inkişaf etməyim üçün ən çox qarşımı kəsən bəzən yaşadığım tənbəllik, süstlük hissidir. Arxayın olmaq, bu günün işini sabaha qoymaq duyğusunu özümə ən böyük maneə hesab edirəm.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı