Modern.az

Kamran Bayramov: Bakı və Berlin yeni strateji alyans yaradır

Kamran Bayramov: Bakı və Berlin yeni strateji alyans yaradır

Ölkə

Bu gün, 08:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına gerçəkləşən son rəsmi səfəri Bakı və Berlin arasında ikitərəfli əməkdaşlıq dinamikasını köklü şəkildə yenidən formalaşdıran geostrateji və iqtisadi sıçrayış kimi qiymətləndirilir. Qlobal böhranlar və geosiyasi təlatümlər fonunda baş tutan bu diplomatik dialoq Birgə Bəyannamələrin imzalanması ilə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni - tammiqyaslı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir ki, bu da Bakı və Berlin arasında yeni strateji alyansın yaradılmasına işarə vurur.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında qeyd edib.

K.Bayramov bildirib ki, səfər çərçivəsində dövlət başçısı Almaniya siyasətinin aparıcı simaları ilə mühüm görüşlər keçirərək gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirmişdir. Kansler Fridrix Merts ilə görüşdə Avropanın enerji təhlükəsizliyi arxitekturası diqqət mərkəzində saxlanıldığı halda, "Villa Borsig"də Prezident Frank-Valter Ştaynmayer ilə aparılan danışıqlarda hər iki dövlətin mövcud beynəlxalq gərginliklər mühitində "sabitlik adası" rolu xüsusi vurğulanmışdır. Bununla yanaşı, diplomatik gündəlik Almaniyanın biznes elitası ilə sıx təmaslarla tamamlanmış, Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms ilə geniş müzakirələr aparılmış, eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanmışdır.

Baş tutmuş səfərin nəticələrini və bunun gələcək perspektivlərini yüksək qiymətləndirən deputat səfərin iqtisadi tərəflərinin xüsusilə həlledici olduğunu bildirərək diqqəti ona yönəldib ki, Rusiyaya qarşı sanksiyaların gücləndiyi və onun enerji tədarükü imkanlarının məhdudlaşdığı bir şəraitdə Azərbaycan lideri Avropaya, o cümlədən Almaniyaya daha böyük həcmdə enerji resursları çatdırmaq əzmini bir daha nümayiş etdirmişdir. Rəsmi Bakının Avropa İttifaqı ilə strateji tərəfdaşlığa sadiqliyi və Berlin üçün prioritet sayılan "yaşıl" texnologiyalar sahəsində əməkdaşlığa maraq göstərməsi çoxşaxəli dialoqun mühüm göstəricisidir.

K.Bayramov əlavə edib ki, Bakı və Berlin arasında imzalanan sənədlər iki ölkənin münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarır və burada Azərbaycan təkcə etibarlı enerji təminatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən geoiqtisadi körpü kimi çıxış edir. O qeyd edib ki, Orta Dəhliz çərçivəsində nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, investisiya axınının stimullaşdırılması və Almaniyanın bu prosesdə fəal iştirakı regional inteqrasiyaya böyük təkan verəcəkdir.

Deputatın sözlərinə görə, geosiyasi aspektdən yanaşdıqda, Berlinin Cənubi Qafqazda sabitliyin bərqərar olunmasında maraqlı olduğu və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini yaxından dəstəklədiyi aydın görünür. Tərəflər arasında hələ də həllini gözləyən bəzi məsələlərin qalmasına baxmayaraq, Bakı və İrəvanın qarşılıqlı təmaslar vasitəsilə problemlərin nizamlanmasına yönəlmiş birgə səyləri Almaniya tərəfindən yüksək qiymətləndirilir.

K.Bayramov həmçinin vurğulayıb ki, Almaniyanın ənənəvi olaraq insan hüquqları və demokratik təsisatlara diqqət yetirməsinə qarşılıq, Azərbaycanın müstəqil regional oyunçu kimi öz mövqeyini möhkəmləndirmək səyləri hər iki tərəfin prioritetlərini əks etdirir. Bütün bunlar göstərir ki, Almaniya üçün bu səfər enerji təhlükəsizliyini təmin etmək və regionda proqnozlaşdırılan tərəfdaş qazanmaq deməkdirsə, Azərbaycan üçün də Almaniya investisiyalarını və innovativ texnologiyalarını cəlb etmək, eləcə də Avropanın aparıcı dövləti ilə tərəfdaşlığı möhkəmləndirmək baxımından böyük diplomatiya uğurudur. Yaradılan Biznes Şurası isə nəqliyyat, loqistika, bərpa olunan enerji və ticarət marşrutları sahəsində şirkətlərarası əlaqələri kağız üzərində deyil, praktiki müstəvidə reallaşdırmaq imkanı verəcəkdir.

Yekun olaraq deputat qeyd edib ki, Bakı və Berlin arasındakı qarşılıqlı əlaqələr artıq sahəvi əməkdaşlıq çərçivəsindən çıxaraq geniş tərəfdaşlıq modelinə keçmişdir və gercəkləşən səfər bu modelin tərəflərin milli maraqları ilə tam uzlaşdığını göstərir.

Sizə yeni x var
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi