“Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, etimad böhranı, dini və etnik dözümsüzlük, artan qütbləşmə beynəlxalq dialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qarşılıqlı anlaşma, sülh və əməkdaşlığı təşviq edən siyasi-humanitar platforma kimi çıxış edir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
Deputatın sözlərinə görə, Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusu müasir dövrün əsas çağırışlarını əks etdirir. Onun fikrincə, müxtəlif siyasi mövqelərə, dini inanclara və mədəni dəyərlərə malik cəmiyyətlərin bir-birini dinləməsi və ortaq maraqlar naminə əməkdaşlıq etməsi beynəlxalq ictimaiyyətin başlıca vəzifələrindəndir.
S. Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü Şərqlə Qərb, İslam dünyası ilə Avropa arasında mədəni dialoqun inkişafına yönəlmiş əməkdaşlıq formatının əsasını qoyub:
“2011-ci ildə keçirilən ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ötən müddətdə bu təşəbbüs qlobal humanitar əməkdaşlığın tanınmış platformalarından birinə çevrilib. Azərbaycan dialoqu yalnız siyasi bəyanat kimi deyil, konkret dövlət siyasətinin tərkib hissəsi kimi təqdim edir”.
Deputat bildirib ki, Azərbaycanın tarixi multikultural mühiti, müxtəlif dini və etnik icmaların birgəyaşayış ənənələri, mədəni müxtəlifliyə hörmət prinsipi Bakı Prosesinin mənəvi və ictimai əsasını təşkil edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Forumdakı çıxışında ölkənin sabit inkişafının əsas səbəblərindən biri kimi cəmiyyətdəki ahəngdarlığı göstərib.
“Azərbaycan dünyaya aydın mesaj verir: mədəni müxtəliflik cəmiyyətlərin parçalanması üçün səbəb deyil, onların zənginləşməsi və inkişafı üçün imkandır. Bunun üçün qarşılıqlı hörmət, bərabərlik və etimad beynəlxalq münasibətlərin əsasına çevrilməlidir”, – deyə deputat vurğulayıb.

S. Fətəliyeva dövlət başçısının ikili standartların beynəlxalq siyasətdən çıxarılmasının vacibliyinə dair fikirlərinə də diqqət çəkib. O bildirib ki, Prezidentin müstəqil ölkələrə necə yaşamaq barədə dərs verilməməli olduğuna dair mövqeyi dialoqun mahiyyətini ifadə edir: həqiqi dialoq bərabərhüquqlu tərəflər arasında mümkündür.
Deputat Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq tərəfdaşlarla birgə təşkilinin Bakı Prosesinin əhatə dairəsini göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, Forumun gündəliyindəki sülh və təhlükəsizlik, dinlərarası münasibətlər, qadınların və gənclərin ictimai proseslərdə iştirakı, təhsil, mədəni irsin qorunması, süni intellekt və medianın məsuliyyəti kimi mövzular bir-biri ilə sıx bağlıdır:
“Mədəniyyətlərarası dialoq ənənəvi mədəni mübadilə çərçivəsindən çıxaraq təhlükəsizlik, sosial inkişaf və beynəlxalq əməkdaşlığın mühüm istiqamətinə çevrilir. Gənclərin bu prosesə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Dezinformasiya, nifrət ritorikası və stereotiplərin yayıldığı bir dövrdə təhsil və media savadlılığı qarşılıqlı anlaşmanın təsirli vasitələrindəndir”.
Deputat Azərbaycanın postmünaqişə mərhələsində sülh və regional əməkdaşlıq gündəliyini irəli sürdüyünü də vurğulayıb. O, Forum iştirakçılarının oktyabrın 29-da işğaldan azad edilmiş Şuşa və Füzuliyə səfərinin qonaqlara münaqişənin nəticələrini və bərpa prosesini yerində görmək imkanı yaradacağını bildirib.
S. Fətəliyeva hesab edir ki, Forumun uğuru yalnız iştirakçıların sayı və müzakirələrin miqyası ilə ölçülməməlidir:
“Əsas nəticə bu müzakirələrin gələcək əməkdaşlıq təşəbbüslərinə, təhsil və mədəniyyət proqramlarına, ictimai institutlar arasında davamlı əlaqələrə çevrilməsidir. Dialoq öz dəyərini insanların həyatına müsbət təsir göstərdiyi zaman təsdiqləyir.
Mədəniyyətlərarası dialoq xalqların bir-birini tanıması ilə bitmir. Bu, fərqliliklərə baxmayaraq, ortaq gələcək qurmaq iradəsidir. Bakıda keçirilən Forumun əsas fəlsəfəsi də bundan ibarətdir”.