Modern.az

Böyük Orta Doğu projesinin “kiçik” detalları (analiz)

Böyük Orta Doğu projesinin “kiçik” detalları (analiz)

Ölkə

27 Avqust 2010, 14:22

Böyük Orta Doğunun peşəkar aktyorları və Qərbin dahi rejissorlarının birgə istehsalı olan “Açılımlar” serialının gizli tərəfləri

Son günlər Türkiyədə baş verənlər dünyanın diqqət mərkəzindədir. PKK tərəfdarlarının ölkənin müxtəlif bölgələrində törətdiyi kütləvi iğtişaşlar, terror aktları ölkədə ciddi narahatlığa səbəb olur. Polislərlə küçə döyüşlərinə çıxan PKK tərəfdarları uşaqları önə verərək, obyektləri, avtomaşınları yandırır, polisi daşa basır, böyük dağıntılar törədirlər. Ölkənin müxtəlif bölgələrində ardıcıl olaraq davam edən teraktlar və göstərilər zamanı xeyli sayda əsgər, polis və mülki vətəndaşın ölümünə səbəb olur. Lakin son günlərdə PKK terror aktlarına ara verdiyini bəyan edib.

Əslində, bu fakta sevinmək lazımdır, nədən ki, bununla yüzlərlə insanın həyatı xilas olur, ölkə rahat nəfəs alır. Lakin məsələnin arxasında başqa məsələlər var. Məlum olduğu kimi sentyabrın 12-də Türkiyədə Ana Yasa dəyişikliyi ilə bağlı referendum keçirilməlidir.

Bu dəyişikliklərin AKP-nin mətbəxində hazırlanması və amacının bu partiyanın (eləcə də partiyanın tabe olduğu təriqətin) Türkiyədə hakimiyyətini möhkəmləndirmək, dövlətin güc strukturlarını neytrallaşdırmaq və son nəticədə dini ideolojiyə əsaslanan dövlət sistemini yaratmaq olduğu haqda ciddi iddialar var.

Cumhuriyyət qurulandan bəri ilk dəfə dini təriqət mənsublarının ölkədə öz siyasi hakimiyyətlərini möhkəmləndirmək, müxalifəti və demokratik quruluşları neytrallaşdırmaq, Atatürk prinsiplərindən imtinanı reallaşdırmaq, Böyük Öndərin Cumhuriyyətin əbədi qoruyucusu elan etdiyi Ordunun prosesə əngəl törətməkdən hüquqi olaraq kənarlaşdırılması üçün böyük bir şans əldə edilib. Bu şansı qaçırmamaq üçün AKP və onun “ağsaqqalları” var gücləri ilə mübarizə aparırlar. O dərəcədə ki, sanki bu referendum onlar üçün ölüm-qalım məsələsidir.

Son günlərdə Türkiyənin siyasi gündəmində AKP-nin hətta PKK liderləri ilə gizli danışıqların aparıldığı haqda məlumatlar, müxalifət liderlərinin və bəzi sivil toplum örgütlərinin sərt təpkilər haqda yazırlar mediada. Cumhurbaşqanı Gül və Baş nazir Ərdoğan bu xəbərləri təkzib etsələr də, kürd liderlərin açıqlamaları başqa şey deyir.

Yaranmış situsiya AKP-nin qələbəsi üçün ölkədə nisbi sabitlik yaratmaq, ictimai rəydə müsbət fikir yaratmaq cəhdləri planının arxasında duran xarici güclərin bu yolda bütün imkanlardan yararlandığını ortaya qoyur.

Ölkə müxalifəti bu strateji planların milli-etnik münasibətlərin qızışdırılması və Türkiyənin federativ dövlətə, daha sonra parçalanmasına xidmət etdiyini bəyan edir.
Hazırda Türkiyədə cəmiyyət referendumda “əvət” və ya “hayır” kəsimlərinə bölünüb və hər iki cəbhə arasında mübarizə getdikcə qızışır. Sosial şəbəkələrdə və mediada qarşılıqlı ittihamlar savaşı getdikcə güclənir.

Kürd siyasətçilərin tələblərinin Türkiyənin unitar yapısına, Cuymhuriyyət qanunlarına və Atatürk prinsiplərinə zidd olması ölkədə az qala açıq milli qarşıdurma yaradacaq səviyyəyə gəlib. Bu üzdən, PKK-nın dövləti bu tələblərin yerinə yetirilməsinə zorlamaq üçün həyata keçirdiyi terror əməliyyatlarına maratorium qoyması hansısa gizli razılaşmaların olduğu və onlara bəzi vədlərin verildiyini düşünməyə əsas verir.

PKK-nın haradan və kimlər tərəfindən yaradıldığı, hansə məqsədlərə yönəldildiyi heç kimə sirr deyil. SSRİ KQB-si tərəfindən yaradılan bu terrorçu təşkilatın eyni zamanda ABŞ, Avropa və Rusiya tərəfindən idarə edildiyi və Türkiyəni çökdürmək üçün kullanıldığını hər kəs bilir.

30 ildən çox müddətdə 30 min türk insanının qətlə yetirən, ölkəyə 300 milyard dollardan çox maddi ziyan vuran, fasiləsiz olaraq terror və iştişaşlarla ölkədə çaxnaşmalar yaradan PKK Türkiyəyə təzyiq üçün Qərbin və Rusiyanın əlində ən önəli alətdir. Kürdlərə müstəqil dövlət yaratmaq üçün yardım edəcəkləri vədi ilə aldadılan insanların bu təşkilatı açıq və ya gizli şəkildə dəstəkləməsi sonucunda onların böyük bir planın qurbanına çevrilmələrini şərtləndirib.

Terrorçu təşkilatın AKP-nin dəstəyi ilə Böyük Millət Məclisinə çıxarılmış siyasi qanadı olan DTP-nin ləğvindən sonra başqa adla yeni partiya yaradan separatçılar Türkiyə gündəmindən terror mövzusunun düşməsinə imkan vermirlər. Kürd xalqını öz əllərində oyuncağa çevirməyə çalışan liderlər ölkədə milli ayrı-seçkiliyi qızışdırmaq və siyasi dividentlər əldə etməyə çalışırlar.

Türk kəşfiyyatı PKK-nin ABŞ, Avropa və Rusiyadan dəstəkləndiyini sübut edəcək kifayət qədər fakta malikdir və bu faktlar mütamadi olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərə təqdim olunur. Lakin özlərinə lazım olmayanları terrorçu elan edən Qərb nədənsə sıralarında çox sayda erməninin də döyüşdüyü dünyanın ən böyük terrorçu təşkilatını “qara siyahıya” salmağa tələsmir.

Səbəblər aydındır. Sovetlər dönəmində Türkiyəni və qonşu dövlətləri təzyiq altında saxlamaq üçün Kremlin yaratdığı PKK-ya ABŞ və Avropanın da eyni məqsədli ehtiyacı yarandı və SSRİ dağıdıldıqdan sonra Brüssel və Vaşinqton bu təşkilatdan istifadə etmək üçün planlar qurmağa başladılar.

Qlobal finans çevrələrindən PKK hesablarına köçürülən milyonlar bu gün Türkiyədə öz nəticəsini verməkdədir. Hər halda adını Kürd Fəhlə Partiyası qoymuş terrorçu qurumun maliyyə qaynaqlarının Qərbdən formalaşdırıldığı heç kimə sirr deyil. Yoxsa, dünyada 18 telekanal, yüzlərlə radio, qəzet, informasiya agentliyi və internet portalları, sivil toplum örgütlərini idarə etmək üçün böyük para qaynağını dağlara çəkilmiş bir dəstə terrorçu haradan əldə edə bilərdi?

PKK-nın Ermənistanla işbirliyi içində olduğu haqda həm Azərbaycan, həm də Türkiyə xüsusi xidmət orqanlarında kifayət qədər faktlar var. Hələ I Qarabağ savaşında Ermənistan ordusunda çox sayda PKK üzvü döyüşürdü. Ermənistanda PKK-nın təlim düşərgələri bu gün də var. Türk Ordusunun ələ keçirdiyi PKK-çılar arasında çox sayda erməninin olduğu da faktdır.

30 ildir PKK-ya qarşı savaş verən Türkiyə Silahlı Qüvvələri bir neçə dəfə terrorçu təşkilatın bazalarına qarşı genişmiqyaslı uğurlu əməliyyatlar həyata keçirib. PKK-nın bütün imkanlarını sona yetirən Türkiyə Ordusunun generaliteti təşkilatın maliyyə qaynaqlarını da dayandırmaq üçün dünya ölkələrinə müraciət etsə də, bir sonuc almadı.

Lakin buna baxmayaraq, türk uçaqlarının genişmiqyaslı hava hücumu ilə Qəndildəki və yaxın ərazilərdəki PKK bazalarını güclü bombardmanla darmadağın etməsindən sonra PKK öz tarixi ərzində ən zəif duruma salınmışdı.

Terrorçular pərən-pərən düşmüş, onların nəzarətində olan torpaqlarda yerli əhali də terrorçulara dəstək verməkdən imtina etmişdi. Ankara cənub-şərq əyalətlərində güclü ordu birləşmələri toplayaraq sərhədlərdə sərt nəzarət tətbiq edirdi. Bunun nəticəsində PKK dalana dirənmiş duruma düşmüşdü.

Lakin, son məqamda AKP-nin yürütdüyü siyasət PKK-nın əl-qolunu açdı. Könüllü təslim olanlara tətbiq olunan amnistiyadan sonra ictimai rəyi aldatmaq üçün bir neçə terrorçunun dağdan endirilməsi və onların qəhrəman kimi qarşılanması Türkiyə dövlətinin aşağılanması demək idi. Bu, ölkə müxalifətinin, AKP-nin nəzarətində olmayan türk mediasının və sivil toplum örgütlərinin sərt təpkisi ilə üzləşdi.

Son 30 ildə PKK ilə savaşlarda minlərlə şəhid verən Türk əsgərinin qüruruna toxunulmuşdu. Belə çıxırdı ki, onlar səhv ediblər və nahaqdan şəhid olublar. Əlləri minlərlə türkün qanına batmış terrorçular isə Türkiyə hökuməti ilə şərtlə danışırdılar. Bundan ruhlanan PKK-lı göstəricilər hətta, ədliyyə və polis binalarına belə baskı düzənləyərək dövlətdən qorxmadıqlarını açıq şəkildə ortaya qoydular.

Bu aksiyalara Öcalanın 6.5 kv.m-lik həbsxana köşəsinə köçürülməsi (AB tələblərinə görə, minimum 6 kv.m olmalıdır) bəhanə kimi gətirilsə də, əslində, məsələ başqa cürdür.  

Amac ilk növbədə Türkiyədə milli münasibətləri gərginləşdirməklə ölkənin parçalanmasına və ya federasiyalaşmasına nail olmaqdır. Düzdür, məsələ təkcə bu deyil, həm də digər planların da reallaşması vaxtında gecikmə var. Dolayısı ilə, türk ictimaiyyətinə belə bir mesaj verilir- AKP-nin “barış” siyasəti reallaşmasa, ölkənin günü belə keçəcək!

Bəziləri artıq baş terrorçunun kürd xalqının lideri kimi tanınmasını istəyir və onu belə də təqdim edir. Kürd açılımının əsas mahiyyəti də budur. Çünki, Qərb PKK-nın milli azadlıq hərəkatı kimi tanınmasını, Öcalanın azad edilməsini və sonda kürdlərə ən azı yüksək muxtariyyət verilməsini arzulayır və buna çalışır.

Öcalanın əmrləri aldığı yerlərdə zatən çox uzun illərdir bu haqda planlar qurulur. İndi bunu gerçəkləşdirmək üçün ən gözəl zəmin yaranıb. Türk müxalifəti hesab edir ki, AKP-nin yürütdüyü politika buna aparır, başqa sözlə açılımların əsil mahiyyəti də budur. “AKP artıq PKK terroru problemini kürd probleminə çevirə bilib”- müxalifət liderləri belə deyir.

Türkiyənin kürd problemi ABŞ-dakı beyin mərkəzlərinin də gündəmindədir. Vaşinqtonda Türkiyə olayları bir fürsət kimi dəyərləndirilir. Amerikan strateji araşdırma mərkəzləri Ağ Evin Türkiyədəki planlarının həyata keçməsi üçün ideal vaxtın yetişdiyini qeyd edirlər.

Türkiyədəki son olaylara- AKP-nin PKK ilə gizli anlaşması haqda xəbərlərə müxalifət partiyalarının da sərt təpkiləri sürməkdədir. CHP-nin yeni lideri Kılıcdaroğlu və MHP lideri Bağçalı "Dövlət başçıları İmralı ilə aparılan gizli danışıqları xalqa açıqlamalıdır”-deyə tələblər irəli sürürlər. Yayılan informasiyalar, kürd liderlərin AKP lidrlərinin sözlərinə əks-açıqlaması hökuməti çətin duruma saldı. Baş nazir Ərdoğan PKK ilə danışıqların danışıqların hökumətlə deyil, dövlətlə aparıldığını deyərən durumdan çıxmağa çalışdı.

Türk ordusunun prosesləri nəzarətdə saxladığı və dövlət üçün ciddi təhlükə yaranacağı halda müdaxilə edəcəyi qorxusundan Ordunun başı ilə başqa məsələlərlə qatılır. Hökumət-ordu münasibətləri son günlərdə kriz durumuna gəlmişdi. Genelkurmay və Quru Qşunları komutanlığına təyinatlarda razılaşma əldə edilsə də, hökumətlə Ordu arasında soyuqluğun davam etdiyindən xəbər verir.

Türkiyə Cumhuriyyətinin Atatürk prinsiplərindən uzaqlaşdırılması planlarının qarşısında əsas maneə Türk Ordusudur. Bu üzdən də Genelkurmay başqanlığına öz adamlarının gətirilməsinə cəhd edən AKP-ni anlamaq olar.

Yeri gəlmişkən, türk mediasında Cumhurbaşqanı Gülün ABŞ dövlət katibi Pauellə 3 apel 2003-cü il tarixdə gizli anlaşmaya imza atdığı iddia olunan videomateriallar (ATR kanalı) yayımlanmaqdır.  

İnternet saytlarda da yayımlanan materiala görə, 14 maddəlik  həmin sənəddə açağıdakılar nəzərdə tutulur:

1.     Ermənistanla sərhədlərin açılması və hərtərəfli əlaqələrin bərpası;

2.     Türk əsgərinin Quzey İraqdan çəkilməsi və İraqda ABŞ-ın siyasətinin müdafiə edilməsi;

3.     Bundan sonra Ankaranın ölkə sərhədlərindən kənarda antiterror əməliyyatları aparmaması;

4.     Ölkə daxilində PKK-ya qarşı hərbi əməliyyatlar üçün Vaşinqtondan icazə alınması;

5.     ABŞ-ın Orta Doğuda və İranda aparacağı əməliyyatlara dəstək verilməsi;

6.     İraqın quzeyində yaranacaq oyuncaq kürd dövlətinin Ankara tərəfindən tanınması;

7.     PKK rəhbərləri haqda böyük əhv çıxarılması;

8.     PKK-Kadekın rəsmləşdirilməsi; 

9.     Bələdiyyələrə yüksək müstəqillik verilməsi;

10. Türk Ordusunun maddi-texniki bazası və canlı qüvvəsinin azaldılması,

11. Türkiyənin federativ dövlətə çevrilməsi;

12. Egedə Yunanıstanın tələblərinin nəzərə alınması;

13. Quzey Kiprdə Annan planının dəstəklənməsi, Ankaranın Denktaş hökümətinin arxasından çəkilməsi;

14. PKK-ya qarşı əməliyyatlar zamanı ABŞ-ın kürd xalqının maraqlarını qorumaq haqqının tanınması.

Bir sözlə planda Cumhuriyyəti təməl prinsiplərinin tədricən ləğv edilməsi nəzərdə tululurdu.

Göründüyü kimi, plan ardıcıllıqla həyata keçirilmək üzrədir. Düzdür, bəzi məsələlər obyektiv səbəblərdən bir qədər gecikib, lakin bu, elə də fərq etməz, bu planı reallaşdırmaq üçün Qərb onillərlə çalışıb. Türk qorxusu o qədər güclüdür ki, Türkiyədə hətta islamçıların belə hakimiyyətə gətirilməsinə yardım edirlər, təki türkçülər hakimiyyətdə olmasın.

Qərb və Rusiya Türkiyədə indiyədək yalnız bir hakimiyyəti dəstəkləyib- AKP-ni. Düzdür, bunu pərdələmək üçün üzdə hərdənbir qarşılıqlı sərt bəyanatlar verilir, lakin pərdənin arxasında başqa oyunlar oynanır. Böyük Orta Doğu projesinin əsas konturları artıq sezilir, tam reallaşması üçün isə az zaman qalıb kimi görünür.

Ərdoğanın dediyi kimi, “Türkiyə bu bölgədə önəmli aktyordur”.
Rəcəb bəy deməsə də bu tamaşanın rejissorlarının kimlər olduğu hamıya məlumdur.

Yeri gəlmişkən, AKP hökumətinin Ermənistanla sərhədləri açmaq cəhdlərinə həm ölkə daxilindən həm də Azərbaycandan ciddi təpkilər olduğundan geri çəkildilər. Lakin hər imkanda NATO-nu, AB-ni bəhanə edərək buna cəhd göstərmələrinin səbəbini anlamaq çətin deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı