Dünyada qardaş xalqlar çoxdur. Dil qohumları lap çox. Ancaq onların hamısı bir-biri ilə dost deyil. Prezident İlham Əliyev IV Şuşa Media Forumunda bu haqda maraqlı bir həqiqəti söyləmişdi. O demişdi ki, eyni etnik kökdən olub, bir-biri ilə nəinki dost ola bilməyən, hətta bir-biri ilə savaşan xalqlar da az deyil.
Elə yaxın coğrafiyalara - Qərbi Asiyaya, postsovet məkanındakı müharibələrə baxmaq yetər ki, Azərbaycan Prezidentinin söylədiyi fikrin doğruluğuna bir daha əmin olasan.
Bir-birinin axırına çıxmağa çalışan qardaş etnoslar, doğma dövlətlər arasında baş verən müharibələrə dair tarixdə çoxlu misallar var. Məsələn, Paraqvay savaşı. XIX yüzilin sonuna doğru - 1864-1870-ci illərdə Paraqvaya hücumda Braziliya ilə yanaşı iki ispandilli ölkə də iştirak edirdi Argentina və Uruqvay. Beş il yarım davam edən savaşda 1,3 milyon Paraqvaylıdan cəmi 210 min nəfər salamat çıxmışdı.
Dediyim kimi, belə savaşlar bugün də var.
Ancaq bugünkü türk xalqlarına baxaq: bir-biri ilə dostluq, qardaşlıq münasibətlərini müxtəlif sferalarda, o cümlədən, iqtisadi layihələrlə, bağlantı layihələri ilə daha da möhkəmləndirirlər.
"Dostluq" mənəvi, "qardaşlıq" etnomədəni anlayışlardır. Bu anlayışlar maraq və mənafeləri arxa plana keçirmir, əksinə türk xalqlarının simasında - Türk Dövlətləri Təşkilatı müstəvisində, eləcə də, türk dövlətlərinin ikitərəfli münasibətləri kontekstində qarşılıqlı siyasi, ticari, humanitar anlaşmalarla maddiləşdirilir, möhkəmləndirilir.
Bu mənada (elə bütün mənalarda!) türk xalqları arasındakı münasibətlər başqa qardaş və qohum xalqlar üçün, yenə də Prezident İlham Əliyevin Şuşada dediyi kimi, hazır modeldir, nümunədir.
Dünən - iyulun 31-də Qırğızıstanda keçirilən görüşlər, imzalanan sənədlər türk xalqları arasındakı misilsiz sinergetikanın daha bir örnəyi, təsdiqidir.
Məhz həmin gün Çolpon-Atada Azərbaycan Respublikasının və Qırğız Respublikasının prezidentləri - İlham Əliyev və Sadır Japarov iki ölkə arasında imzalanmış yeni razılaşmaları mübadilə etdilər.
İki ölkənin Dövlətlərarası Şurasının üçüncü iclasının qərarı imzalarla təsdiqləndi. İki ölkə arasında müttəfiqlik haqqında müqavilə imzalandı. Doğrudur, sənədlər müvafiq qaydada qarşılıqlı ratifikasiya prosedurlarından sonra qüvvəyə minəcək. Ancaq Azərbaycan və Qırğızıstan parlamentlərində, bütövlükdə cəmiyyətlərdə iki ölkənin dostluğuna, müttəfiqliyinə tam dəstək olduğu üçün bu ratifikasiya proseduru, sözün müsbət mənasında formal xarakter daşıyır. Bu səbəbdən tam əminlikl deyə bilərik ki, Azərbaycan və Qırğızısta müttəfiq dövlətlərdir.
Əlbəttə, Azərbaycanla Qırğızıstan arasındakı müttəfiqlik münasibətlərinin xüsusi önəmi var. Çünki hər iki ölkə Sovetlərin dağılmasından sonra müstəqilliyini qazansa da, Qırğızıstan müəyyən dövrlərdə bəzi obyektiv və subyektiv səbəblərdən tam müstəqil xarici siyasət kursu yürüdə bilməmişdi. Eyni zamanda xeyli müddət bu ölkədə dayanıqlı ictimai sabitlik də əldə oluna bilmirdi. Hazırda Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvü olsa da, Sadır Japarovun hakimiyyəti dövründə ölkə müstəqil diplomatiya kursu seçib. Bu səbəbdən, eləcə də, Azərbaycanın, Prezident İlham Əliyevin simasında etibarlı tərəfdaş qazandığından Qırğızıstan da rəsmi Bakının təşəbbüslərinə müsbət cavab verib; işbirliyi daha üst mərhələyə qaldırılıb.
Bu mənada, heç şübhəsizdir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da xüsusilə önəmlidir. İki ölkənin energetika nazirlikləri arasında, təhlükəsizlik orqanları arasında, statistika orqanları arasında - demək olar, bütün sferalar üzrə yeni və ya yenilənmiş anlaşmalar əldə olunub. Bu anlaşmaların təhlili göstərir ki, Azərbaycanla Qırğız Respublikası enerji təchizatı, bağlantılar, iqtisadiyyat, maliyyə, kibertəhlükəsizlik və sair baxımından, başqa mühüm istiqamətlər üzrə tərəfdaşlığı irəlilədirlər.
Qırğızıstanın Çolpon-Ata şəhərinin ilə Şuşa, Karakol ilə Qəbələnin qardaçlaşması da xüsusi və dərin rəmzi məna daşıyır. Baku Resort və SPA otelinin də açılışı oldu.
Prezidentin səfəri çərçivəsində başqa önəmli hadisələr də baş verib.
Bu təhlilimizi qısaca yekunlaşdırmaq istəsək, ən azı bir neçə mühüm nəticəni vurğulaya bilərik:
Birincisi, Azərbaycanla Mərkəzi Asiyanın vahid bir geosiyasi məkanda birləşməsi prosesində daha bir önəmli addım atılıb. Bu, Azərbaycan diplomatiyasının uzun müddət üzərində çalışdığı bir strategiyanın reallaşmasıdır. Azərbaycan Prezidentinin Qırğızıstana səfəri bu strategiyanın gerçəkləşməsi baxımından yeni və çox mühüm mərhələdir. Bu, Uzaq Şərqlə Uzaq Qərbi -Çinlə Qərbi Avropanı əlaqələndirmək baxımından Cənubi Qafqazla Mərkəzi Asiyanın rolunu daha da artırır;
İkincisi, Türk birliyinin möhkəmlənməsində bu səfər çox böyük rol oynayır - Çolpon-Ata Bəyannaməsi bu baxımdan çox mühüm sənəddir;
Üçüncüsü, Azərbaycan yeni geostrateji bağlantılarda özünün birləşdirici və uzlaşdırıcı rolunu yüksəldir;
Dördüncüsü, regional və qlobal təhlükəsizlik arxitekturasının qurulmasında yeni bir addım atılıb.
Yazıçı-publisist, əməkdar jurnalist
Bahəddin Həzi