Azərbaycan Rusiyada yaranmış benzin çatışmazlığının müəyyən hissəsinin aradan qaldırılmasında potensial təchizatçılardan biri ola bilər.
Modern.az xəbər verir ki, bunu MİEP MGİMO-nun direktor müavini Aleksandr Frolov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyaya müəyyən həcmdə benzin tədarük edə bilər. Bununla belə, ekspert hesab edir ki, mümkün tədarüklər Rusiya bazarının ehtiyaclarının yalnız kiçik hissəsini qarşılaya bilər.
Müstəqil enerji eksperti Kirill Rodionov isə Rusiyada çatışmayan benzin həcmlərinin Hindistan, Türkiyə və Sinqapurdan tədarük hesabına qismən kompensasiya edilə biləcəyini bildirib.
Rodionovun fikrincə, bu ölkələr arasında ən böyük ixrac potensialına Hindistan malikdir. Ölkədə benzin istehsalında əhəmiyyətli profisit formalaşıb. Avqustda Hindistandan Rusiyaya ilk benzin partiyasının çatdırıldığı bildirilir.
Rusiya yanacaq bazarındakı çatışmazlığı aradan qaldırmaq üçün digər idxal istiqamətlərini də nəzərdən keçirir. Potensial mənbələr arasında Qazaxıstan da göstərilir. Ekspertlərin hesablamalarına görə, Azərbaycan və Qazaxıstandan mümkün tədarüklər məhdud həcmdə olsa da, bazardakı vəziyyətin qismən yumşaldılmasına kömək edə bilər.