Modern.az

Səhiyyə və Süni İntellekt Mərkəzi yaradılsın - Təklif

Səhiyyə və Süni İntellekt Mərkəzi yaradılsın - Təklif

Ölkə

Bu gün, 14:45

Tibb sahəsində rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsinə ehtiyac var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, radiologiya, onkologiya, kardiologiya, oftalmologiya və digər sahələrdə süni intellekt həkimlərin qərarvermə prosesini dəstəkləyən mühüm vasitəyə çevrilməlidir:

“Hazırda Azərbaycanda səhiyyə sahəsində böyük məlumat bazası – Big Data formalaşır. Şəxsi məlumatların qorunması şərtilə anonimləşdirilmiş böyük məlumatlardan gələcəkdə xəstəliklərin proqnozlaşdırılması, müalicə və profilaktika planlarının hazırlanmasında istifadə etmək mümkündür. Digər mühüm məsələ isə Azərbaycan dilində süni intellekt həllərinin yaradılmasıdır”.

M.Məmmədli yerli “HealthTech” startaplarının dəstəklənməsini də vacib hesab edib.

“Gənc mühəndislər, proqramçılar və həkimlər birgə tibbi cihazlar, teletibb sistemləri, mobil səhiyyə tətbiqləri və süni intellekt məhsulları yarada bilərlər. Bu həllərin tətbiqi üçün həm TƏBİB-in tabeliyində olan müəssisələrdə, həm də Özəl Tibb Müəssisələri Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində araşdırmalar aparmaq və pilot layihələr həyata keçirmək olar”.

Deputat tibb və texnologiya təhsilinin inteqrasiyasına da diqqət çəkib. O bildirib ki, gələcəyin həkimi yalnız kliniki biliklərlə kifayətlənməməli, rəqəmsal səhiyyə, tibbi məlumatların təhlili və süni intellekt sahəsində də baza biliklərinə malik olmalıdır.

M.Məmmədli səhiyyədə rəqəmsal transformasiyanı sürətləndirmək üçün Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılmasını, yaxud bu istiqamətdə aidiyyəti qurumlarla birgə müzakirələrin təşkilini təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada