Azərbaycanda “sahilyanı sağlamlıq” adında anlayışı milli qanunvericiliyə daxil edilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi TÜRKPA çərçivəsində səhiyyə sahəsi üzrə artıq beşinci model qanun layihəsinin qəbuluna hazırlaşır:
“Sizin TÜRKPA-dakı uğurlu fəaliyyətiniz nəticəsində Azərbaycan tərəfi artıq səhiyyə sahəsində beşinci model qanunun qəbul edilməsi ərəfəsindədir. Xanım sədrin yaxından dəstəyi ilə biz bu model qanunları hazırlayırıq”.
A.Vəliyev bildirib ki, sonuncu sənəd “Sahilyanı sağlamlıq və müalicə yerləri haqqında” model qanun layihəsidir. Layihənin yay aylarında müzakirədən keçirildiyini və oktyabrda plenar sessiyada qəbulunun gözlənildiyini qeyd edib.
“Azərbaycan dənizi, gölləri, çayları, palçıq vulkanları, duz yataqları və minlərlə mineral su mənbələri ilə zəngin təbii müalicə ehtiyatlarına malikdir. Lakin biz "sahilyanı sağlamlıq" anlayışını hələ milli qanunvericiliyə gətirə bilməmişik”, - o deyib.
Şöbə müdiri hesab edir ki, Azərbaycan tərəfinin hazırladığı model qanun qəbul edildikdən sonra onun müddəalarından milli qanunvericilikdə də istifadə olunmalıdır:
“Düşünürəm ki, bu model qanun qəbul olunduqdan sonra onu milli qanunvericiliyimizə implementasiya etməliyik. Postsovet məkanında yalnız iki ölkədə bu sahədə ayrıca qanun var. Gələcəkdə bu məsələni rəhbərlik qarşısında qaldıraraq milli qanunvericiliyə gətirməyimizi təklif edirəm”.