Modern.az

Folklorşünas alim: "Əlinə saz alanların 90 faizi aşıq deyil..."

Folklorşünas alim: "Əlinə saz alanların 90 faizi aşıq deyil..."

Ölkə

7 Sentyabr 2010, 12:16

Azərbaycan Folklor İnistutunun Aşıq yaradıcılıq şöbəsinin rəhbəri, filologiya elmləri namizədi Elxan Məmmədli Modern.az saytının suallarını cavablandırır.

 

- Elxan müəllim, deyəsən son vaxtlar telekanallarda aşıq sənətinin təbliği artıb. Siz aşıq sənətinin indiki durumunu necə qiymətləndirirsiniz?

- İctimai Televiziyanı çıxmaq şərti ilə digər telekanallar aşıq yaradıcılığı məsəsləsinə o qədər də önəm vermirlər. Hətta Azarbaycanın ana televiziyası sayılan AzTV-nin özündə də bu məsələdə mütəmadilik, ardıcıllıq yoxdur. Bəzən aşıqlar tam unudulur, bəzən isə dəblə ayaqlaşmaq xatirinə verilir. Bir sözlə, İTV-dən başqa digər telekanallar demək olar ki, bu gün aşıq sənətini təbliğ etmir. Təbliğatsızlığın nəticəsidir ki, bu gün aşıq sənəti budrəyir. Barmaqla sayılacaq  sənətkarlarımız var ki, onların da çoxu ehtiyac içindədir və yeni şagirdlər yetişdirmək iqtidarında deyillər, buna şərait də yoxdur. Bu gün  əlinə saz alıb meydanlara çıxanların 90 faizinin özlərinə aşıq demələrinə mənəvi haqqı yoxdur. Aşıq sənəti özünün qədim ənənəsi və çox zəngin bir irsi olan bir sənətdir. Amma buna baxmayaraq çox təssuflər olsun ki, indiki aşıqlarımızın çoxu  bir neçə hava, qoşma, gəraylı bilməklə özlərini aşıq hesab edirlər. Bu, doğurdan da qüsurdur. Biz orta məktəbdə oxuyan şagirdə müəllim deyə bilmədiyimiz kimi, bu gün sazı sinəsinə basıb 5-6 hava çalıb-oxuyana da aşıq deyə bilmərik. Aşıq ustad yolu görməlidi, ustaddan dərs almalıdı. Aşıq sənətinə xüsusi qayğı lazımdır. Çox yaxşı olardı ki, aşıq sənəti də ayağa qalxsın, iməkləməkdən qurtarsın və qəddini düzəltsin. Bunun üçün hər bir insan - “mən aşığam” deyən, “mən aşıq olacağam” deyən adam çalışmalıdır, Azərbaycan xalq dastanlarını öyrənməlidir. Saz qəhrəmanlıq, vətənpərvərlik ruhunu aşılayır, saz məhəbbətdi, qeyrətdi, saz bütün varlığımızın, məişətimizin, tariximizin səlnaməsini yaradan bir sahədir. Bu gün solo sahəsində nə qədər yüksəkliyə qalxıbsa ifaçılıq, oxuculuq, ustadlıq məqamında axsamaqdadır.

- Çağdaş dövrümüzün 10 böyük aşığının adını çəkə bilərsinizmi?

- Müasir dövrümüzdə ən yaxşı 10 aşığın içərisində aşıq Cahangir, Pərmixan, Ağamurad, Abbas Müsaxanoğlu, Ramin, Əşrəf, Vüqar Mahmudoğlunun adını çəkə bilərəm.

- Qadın aşıqlarımızın fəaliyyətini necə qiymətləndirisiniz?

- Qadın aşıqlarımızdan Aşıq Zülfiyyə qadınlar arasında  pionerlərdən biri oldu. Sazın təbliğində, qadınlar arasında yayılmasında Aşıq Zülfiyyə az iş görməyib. Aşıq Zülfiyyə indi janrını dəyişib, sintezatorla toylara gedir, əsas ana melodiyalardan, sazın öz havacatından çıxıb başqa melodiyalarda ifa eləməsi yaxşı deyil.

- Son illərdə bizdə yeni aşıq havaları yaranıbmı?

- Son illərdə aşıq havaları yaranmayıb, amma 30-40 il bundan qabaq yaradılıb.

- İndiki sənətçilərimiz aşıq havaları niyə yarada bilmirlər?

- Aşıq havası elə-belə yaranmır. Saz havalarının sayında və təqdimatında bəzən uyğunsuzluqlar olur. Ümümilikdə götürəndə Azərbaycan aşıq sənətində ifa olunan havalar 250-yə qədərdir.

- İndi aşıqlar təxminən 10-15 hava sərgiləyirlər...

- Təssüflər olsun ki, onu çalan adamların özü elə uzun zaman efirə həsrət qlıblar. Aşıq Kamandar, Əmrah, Hüseyin Saraçlı kimi aşıqların sinəsində 100-lərlə havacat getdi. Bu gün Borçalıda həmin havalar yenə də ifa olunur. Aşıqlarımız dastanlardan nə qədər uzaq düşüqblərsə, o qədər də saz havalarından uzaq düşürlər. Böyük bir dastanı danışanda 15 hava ilə kifayətlənmək olmaz, hər bir sözün özünün məqamı var, məqamına uyğun havacatı var.

- Bu gün üzdə olan, ortada olan aşıqların, sizin aşıq hesab eləmədiyiniz adamların buna gücü çatmır?

- İstedadlı gənclərimiz var, amma havacat meyilli, havacat yarada biləcək gəncləri mən görmürəm. Onların içərisində kimsə durub hava yaratsın, elə adam yoxdu. Aşıq Nemət Qasımlı 150-ə yaxın hava çalır, amma Nemət o iqtidarda deyil ki, özündən hava yaratsın, o bildiklərini çox yüksək səviyədə təqdim edə bilir. Heç kim heç kimin qabağında durmur ki, sən yaratma. Adlı Qaymağlının bir dastanı var “Adlı Mehriban” dastanı, o məqam yetişdi dastana uyğun havacata ehtiyac duydu və o hava yarandı, heç kim də seçə bilmir ki, onu Adlı yaradıb. Yaradıcı aşıq gərək dastançılığı bacarsın.

- Bəlkə aşıq sənəti çağdaş dövrümüzlə ayaqlaşmır?

- Aşıq, saz bizim xalqın beşiyidir. Beşikdən eşiyə düşdünsə, xalqa məxsus adam deyilsən. Bir məsələni deyim, meyxana efirə çıxmazdan əvvəl Biləcəridən o tərəfdə bunu kim tanıyırdı? İndi isə qubadlılı, göyçaylı, laçınlı meyxana oxuyur. Ona görə ki, hər şey təbliğatdan aslıdır. Çox təssüflər olsun ki, meyxananı hətta aşıq sənəti ilə qarşılaşdırırlar və meyxanaya üstünlük verirlər.

Mail Ağaxanov            

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı