Modern.az

İndi gənclər evlənmək seçimində valideynləri dinləmir 

İndi gənclər evlənmək seçimində valideynləri dinləmir 

Ölkə

Bu gün, 08:30

Əvvəlki dövrlərdə gənclərin ailə qurması yalnız onların şəxsi seçimi kimi deyil, ailələrin də yaxından iştirak etdiyi bir proses kimi qəbul olunurdu. Həyat yoldaşı seçimində valideynlərin mövqeyi, razılığı və məsləhəti mühüm rol oynayırdı. Valideynlər övladlarının seçiminə münasibət bildirir, öz həyat təcrübələrinə əsaslanaraq onlara yol göstərməyə çalışırdılar. Laki illər keçdikcə, ailə qurmağa münasibət də dəyişib. Bu gün gənclər həyat yoldaşı seçərkən daha çox öz qərarlarına əsaslanır, valideynlərin fikri isə əvvəlki qədər həlledici olmur. Təbii olaraq, bu dəyişiklik valideynlə övladın ailə qurmaq məsələsində münasibətlərinə də təsirsiz ötüşmür. Bu baxımdan, əvvəlki dövrlə indiki vəziyyəti müqayisə etdikdə ailə qurmaq qərarında valideyn və övladın rolunun necə dəyişdiyi diqqət çəkir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, müasir dövrdə ailə qurmaq məsələsində baş verən dəyişiklikləri cəmiyyətin ümumi transformasiyasından ayrı nəzərdən keçirmək mümkün deyil.

"Əvvəlki dövrlərdə ailə qurarkən valideynlərin fikri, razılığı və məsləhəti daha böyük əhəmiyyət daşıyırdı. Bir çox hallarda həyat yoldaşı seçimi yalnız iki gəncin deyil, iki ailənin münasibəti kimi qəbul edilirdi. Bu yanaşma uzun illər ərzində Azərbaycan cəmiyyətində ailə münasibətlərinin mühüm xüsusiyyətlərindən biri olub. Bu gün isə sosial münasibətlər dəyişib, gənclərin təhsil və məşğulluq imkanları genişlənib, onların müstəqil qərarvermə imkanları artıb. Təbii olaraq həyat yoldaşı seçimi də daha çox şəxsi seçim və fərdi qərar müstəvisinə keçib. Mən hesab edirəm ki, burada əsas məsələ valideynin rolunun tamamilə aradan qalxması deyil, onun formasının dəyişməsidir. Gəncin öz həyat yoldaşını seçmək hüququna hörmətlə yanaşmaq müasir ailə münasibətlərinin əsas prinsiplərindən biridir. Heç bir halda valideynin iradəsi gəncin azad seçiminin üzərində dayanmamalıdır.

Lakin bu, valideynin təcrübəsinin, həyat müşahidələrinin və məsləhətinin əhəmiyyətini itirməsi demək deyil. Ailə qurmaq yalnız emosional seçim deyil, həm də böyük məsuliyyətdir. Bu qərarın nəticəsində iki insanın gələcəyi, gələcəkdə dünyaya gələcək uşaqların taleyi və iki ailə arasında münasibətlər formalaşır. Bu səbəbdən gənclərin qərarına hörmət etməklə yanaşı, valideynlərin məsləhətçi və mənəvi dayaq kimi rolunun qorunması vacibdir. Azərbaycan ailə modelinin gücü məhz nəsillərarası bağlılıqdan, böyüyə hörmətdən, kiçiyə qayğıdan və ailə daxilində qarşılıqlı məsuliyyətdən qaynaqlanır. Ona görə də müasirliklə ənənəni qarşı-qarşıya qoymaq düzgün yanaşma deyil".

Deputatın fikrincə, biz müasir ailə münasibətlərində fərdi seçim hüququnu qoruyarkən, milli ailə dəyərlərimizi də yaşatmalıyıq:

"Prezident cənab İlham Əliyevin çıxış və nitqlərində ailə institutunun cəmiyyətin əsas dayaqlarından biri kimi qiymətləndirilməsi də təsadüfi deyil. Dövlət başçısı dəfələrlə milli-mənəvi dəyərlərin, ailə ənənələrinin qorunmasının və gənc nəslin sağlam dəyərlər əsasında formalaşmasının vacibliyini vurğulayıb. Bu yanaşma dövlət siyasətində ailənin xüsusi əhəmiyyət daşıdığını göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai fəaliyyətində də ailə dəyərlərinə, uşaqlara, qadınlara və ailənin sosial rifahına xüsusi həssas münasibətin şahidi oluruq. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı sosial, humanitar və mədəni layihələrdə ailə, uşaq və qadın amili mühüm yer tutur. Bu yanaşma ailə institutunun yalnız məişət məsələsi deyil, cəmiyyətin gələcəyi ilə bağlı strateji məsələ olduğunu bir daha göstərir. Ona görə də mən valideynlərin rolunun azalmasını birmənalı şəkildə mənfi qiymətləndirməzdim. Əsas məsələ valideynin ailə qurmaq qərarını diktə edən tərəf deyil, gəncə düzgün qərar verməyə kömək edən, onun yanında dayanan və gələcək ailəyə mənəvi dəstək verən tərəf olmasıdır".

Milli Məclisin üzvü hesab edir ki, valideynlərin ailə qurma prosesində rolunun azalmasının gənc ailələrin münasibətlərinə, onların dayanıqlılığına və tərəflərin məsuliyyətinə təsirini yalnız “əvvəl belə idi, indi belədir” yanaşması ilə qiymətləndirmək düzgün olmazdı:

"Gənc ailənin dayanıqlılığına təsir edən amillər çoxdur. Burada tərəflərin bir-birinə münasibəti, psixoloji hazırlığı, iqtisadi vəziyyəti, ailə məsuliyyətini dərk etməsi, ünsiyyət mədəniyyəti və problemləri qarşılıqlı anlaşma yolu ilə həll etmək bacarığı mühüm rol oynayır. Valideyn məsləhəti isə bu amilləri tamamlayan mühüm mənəvi resursdur. Həyat təcrübəsi olan valideyn bir çox hallarda gənclərin emosional yanaşdığı məsələyə daha soyuqqanlı və uzaqgörən münasibət göstərə bilər. Bu baxımdan ailə qurmazdan əvvəl valideynlərlə açıq və səmimi fikir mübadiləsinin aparılması faydalıdır. Lakin burada çox həssas bir sərhəd var. Məsləhət ilə müdaxilə eyni şey deyil".

M.Vəliyeva onu da vurğulayıb ki, valideynin məsləhəti gənc ailənin müstəqil qərarvermə imkanlarını məhdudlaşdırmamalıdır:

"Əksinə, sağlam ailə münasibətlərində valideyn öz təcrübəsini bölüşür, lakin son qərarı gənclərin özünə buraxır. Sonrakı mərhələdə də valideynlərin rolu əhəmiyyətlidir. Gənc ailələr müəyyən problemlərlə üzləşə bilərlər. İqtisadi çətinlik, yeni məsuliyyətlər, övladın dünyaya gəlməsi, tərəflərin bir-birinə uyğunlaşması kimi məsələlər ailə həyatının təbii sınaqlarıdır. Belə məqamlarda ailələrin bir-birinə dəstək olması münasibətlərin qorunmasına müsbət təsir göstərə bilər. Amma bu dəstək gənc ailənin daxili həyatına həddindən artıq müdaxilə formasına çevrilməməlidir. Xüsusilə ər-arvad arasında yaranan hər bir mübahisənin valideynlər səviyyəsinə daşınması problemi həll etmək əvəzinə, bəzən daha da dərinləşdirə bilər. Buna görə də sağlam model “hörmətli məsafə və düzgün zamanda dəstək” prinsipinə əsaslanmalıdır. Burada məsuliyyət məsələsi də xüsusi əhəmiyyət daşıyır.

Gənclər ailə qurarkən bilməlidirlər ki, ailə yalnız sevgi və hisslər üzərində qurulan münasibət deyil. Ailə həm də qarşılıqlı hörmət, sədaqət, əməkdaşlıq, səbir və məsuliyyətdir. Valideynlərin məsləhəti bu şüurun formalaşmasına kömək edə bilər, lakin məsuliyyətin özünü gənclərin daşıması vacibdir. Mən hesab edirəm ki, müasir ailə modelində ən doğru yanaşma üç prinsipin vəhdətidir: gəncin azad seçimi, valideynin müdrik məsləhəti və ailənin qarşılıqlı məsuliyyəti. Bu üç amil balanslaşdırıldıqda həm gənclərin hüquqları qorunur, həm də ailə institutunun mənəvi dayaqları zəifləməz. Dövlət siyasəti baxımından da əsas məqsəd ailələrin dayanıqlılığının gücləndirilməsi, gənclərin ailə həyatına hazırlanması və ailədaxili problemlərin erkən mərhələdə sağlam mexanizmlərlə həllinə dəstək verilməsidir. Bu istiqamətdə maarifləndirmə, psixoloji və sosial xidmətlər, ailə məsləhət xidmətləri və gənclərlə iş mexanizmlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır".

Deputat bildirib ki, əvvəlki və indiki ailə modelini müqayisə edərkən ilk növbədə nəzərə almaq lazımdır ki, cəmiyyət dəyişir və ailə münasibətləri də bu dəyişikliklərdən təsirlənir:

"Əvvəllər ailə qurmaq daha çox kollektiv qərar xarakteri daşıyırdı. Valideynlərin fikri, qohumların münasibəti və ailələrin sosial statusu kimi amillər seçim prosesində daha böyük rol oynayırdı. Bu modelin müsbət tərəfləri ilə yanaşı, müəyyən məhdudiyyətləri də var idi. Müsbət tərəf ondan ibarət idi ki, ailə qurmaq məsələsində gənclər daha çox həyat təcrübəsi olan insanların fikrinə müraciət edirdilər. Ailələr arasında münasibətlər daha əvvəl formalaşır, tərəflərin sosial və mənəvi uyğunluğu barədə müəyyən təsəvvür yaranırdı. Gənc ailə də özünü daha geniş ailə sisteminin bir hissəsi kimi hiss edirdi. Lakin əvvəlki modelin bütün xüsusiyyətlərini idealizə etmək də doğru deyil. Bəzi hallarda valideyn və qohumların həddindən artıq təsiri gənclərin şəxsi iradəsini və seçim hüququnu məhdudlaşdıra bilirdi. Müasir hüquqi və demokratik cəmiyyət baxımından insanın öz həyat yoldaşını seçmək hüququ fundamental əhəmiyyət daşıyır. Bugünkü modelin əsas üstünlüyü gənclərin daha sərbəst qərar verməsidir. Onlar bir-birini daha yaxından tanımaq, təhsil və dünyagörüşü baxımından uyğunluqlarını qiymətləndirmək, ailə həyatına dair gözləntilərini müzakirə etmək imkanına daha çox malikdirlər. Bu, ailə münasibətlərinin şüurlu və könüllü əsasda qurulmasına xidmət edə bilər. Digər tərəfdən, fərdi seçimin ön plana keçməsi bəzən ailə qurmaq məsuliyyətinin yalnız şəxsi hisslər səviyyəsində qiymətləndirilməsi riskini də yaradır".

Onun fikrincə, müasir dövrdə gənclər ailə qurarkən yalnız “bir-birimizi sevirikmi?” sualını deyil, “birlikdə həyatın məsuliyyətlərini daşımağa hazırıqmı?” sualını da verməlidirlər:

"Əsas məsələ valideynin rolunun əvvəlki kimi qalması və ya azalması deyil. Əsas məsələ ailə qurmaq prosesində düzgün balansın yaradılmasıdır. Gəncin azad seçimi toxunulmaz qalmalı, valideynin təcrübəsi və məsləhəti isə bu seçimin qarşısını alan deyil, onu daha sağlam və düşünülmüş edən amilə çevrilməlidir. Biz milli ailə dəyərlərimizi qoruyarkən müasir həyatın reallıqlarını da nəzərə almalıyıq. Azərbaycan ailəsinin gücü onun ənənələrindədir, lakin bu ənənələr zamanın tələblərinə uyğun şəkildə yaşadılmalıdır. Ailədə böyüyə hörmət, valideynə ehtiram, övlad sevgisi, qarşılıqlı yardım və məsuliyyət kimi dəyərlər dəyişməz olaraq qalmalıdır. Bu baxımdan Prezident cənab İlham Əliyevin ailə dəyərlərinin qorunmasına verdiyi önəm xüsusi qeyd olunmalıdır. Dövlət başçısı müxtəlif çıxışlarında Azərbaycanın milli-mənəvi dəyərlərinin, ailə ənənələrinin və gənc nəslin düzgün tərbiyəsinin əhəmiyyətini vurğulayır. Bu siyasətin mahiyyətində ailənin cəmiyyətin fundamental institutu kimi qorunması dayanır".

M.Vəliyeva onu da nəzərə çatdırıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqəti də bu dövlət siyasətinin mühüm sosial-humanitar istiqamətlərindən biridir:

"Onun fəaliyyəti ailənin, uşaqların və qadınların rifahının qorunmasına, həssas qruplara dəstəyin gücləndirilməsinə və milli-mənəvi dəyərlərin təşviqinə yönəlmiş çoxsaylı təşəbbüslərlə müşayiət olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi hesab edirəm ki, qarşımızda duran əsas vəzifələrdən biri ailənin müasir çağırışlar qarşısında dayanıqlılığını daha da gücləndirməkdir. Bunun üçün yalnız qanunvericilik tədbirləri kifayət etmir. Ailə maarifləndirilməsi, gənclərin ailə həyatına hazırlanması, valideynlik mədəniyyətinin yüksəldilməsi, ailədaxili ünsiyyətin və psixoloji savadlılığın artırılması da diqqətdə saxlanmalıdır.

Biz gənclərə “əvvəllər belə idi, siz də belə edin” deməklə kifayətlənə bilmərik. Onlara ailənin mahiyyətini, məsuliyyətini və dəyərini izah etməliyik. Eyni zamanda valideynlərə də müasir gəncin düşüncəsini, seçim hüququnu və fərdi sərhədlərini anlamağın vacibliyini çatdırmalıyıq.
Ən sağlam ailə modeli nə yalnız keçmişin, nə də yalnız müasirliyin modelidir. Bu, milli dəyərlərlə müasir hüquq və azadlıqların, valideyn təcrübəsi ilə gənclərin müstəqil seçiminin, ailə ənənələri ilə fərdi məsuliyyətin vəhdətindən yaranan modeldir. Azərbaycan ailəsinin gələcəyi də məhz bu balansın qorunmasından asılıdır. Dövlətin, cəmiyyətin və ailənin qarşılıqlı səyləri nəticəsində elə bir ailə mühiti formalaşdırmalıyıq ki, gənc öz seçimini azad etsin, valideyn öz təcrübəsini paylaşsın, ailə isə bütün tərəflər üçün etibar, hörmət, təhlükəsizlik və mənəvi dayaq məkanı olaraq qalsın", - deyə deputat fikrini tamamlayıb. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, ailə qurulmasında valideynlərin rolunun azalması cəmiyyətin dəyişən sosial münasibətləri ilə bağlıdır və bu prosesi yalnız müsbət və ya mənfi kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə valideynlərin iştirakı təkcə övladlarını evləndirməklə məhdudlaşmırdı:

“Əvvəllər ailə qurulmasının müəyyən ictimai normaları və qaydaları var idi. Valideynlər sadəcə övladına həyat yoldaşı seçmirdi. Onlar tərəflərin bir-birinə uyğunluğunu araşdırır, xarakterlərini, ailə mühitini, əxlaqi keyfiyyətlərini, böyüyə hörmətini, işgüzarlığını, hətta ailədə irsi xəstəliklərin olub-olmamasını belə nəzərə alırdılar. Məqsəd gələcək ailənin sağlam və uzunömürlü olması idi.

Təbii ki, bu heç də hər zaman məcburiyyət formasında olmurdu. İndi bəzən deyirlər ki, əvvəllər qızların fikri soruşulmurdu. Bu, bütün ailələrə aid deyildi. Əksər hallarda qızın da rəyi öyrənilir, qızla oğlanın bir-birini tanıması üçün müəyyən şərait yaradılırdı. Sadəcə bu proses ailələrin nəzarəti altında baş verirdi”.

M.Zeynalova qeyd edib ki, valideynlərin missiyası nikahdan sonra da davam edirdi:

“Əvvəllər ailə qurulduqdan sonra da dəstək mexanizmi vardı. Bu, həm iqtisadi dəstək, həm uşaqların böyüdülməsində kömək, həm də gənc ailənin inkişafına dəstək formasında özünü göstərirdi. Sanki bunların hamısı ictimai münasibətlərin ayrılmaz hissəsi idi”.

O bildirib ki, müasir dövrdə isə qərarı əsasən gənclər özləri verir:

“İndi müxtəlif yanaşmalar var. Bir qisim gənclər bütün qərarları özləri qəbul edir və valideynlərə münasibəti araşdırmaq, uyğunluğu qiymətləndirmək imkanı vermirlər. Halbuki əvvəlki dövrdə tərəflərin bir-birinə uyğunluğu daha ciddi təhlil olunurdu.

Bu gün də hər təbəqənin öz yanaşması var. Kimsə imkanlı ailə axtarır, kimsə biznes maraqlarını düşünür, kimsə isə sadəcə ailə qurmaq və nəsil artırmaq məqsədi daşıyır. Amma əvvəlki dövrlə müqayisədə uyğunluğun araşdırılmasına əvvəlki qədər diqqət yetirilmir”.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə ailə qurmaq üçün müəyyən yaş hədləri də cəmiyyət tərəfindən formalaşdırılmışdı:

“Çalışırdılar ki, oğlan və qız müəyyən yaş dövründə ailə qursun. Bunun da məqsədi həm uşaqların vaxtında dünyaya gəlməsi, həm də nənə-babaların onların tərbiyəsində iştirak edə bilməsi idi”.

M.Zeynalova hesab edir ki, bu gün ailə münasibətlərini əsasən qanunlar tənzimləyir:

“Əvvəllər ailə münasibətlərinə daha çox ictimai normalar nəzarət edirdi. İndi isə bu funksiyanı qanunlar yerinə yetirir. Məsələn, nikahdan əvvəl tibbi müayinələr aparılır, genetik xəstəliklərlə bağlı yoxlamalar həyata keçirilir və qərar gənclərin özlərinə buraxılır”.

O həmçinin vurğulayıb ki, gənclərin ailə qurma qərarını gecikdirməsi yeni sosial problemlər yaradır:

“Bu gün bir çox gənc əvvəlcə karyera qurmaq, maddi imkanlarını yaxşılaşdırmaq istəyir. Nəticədə ailə qurmaq gecikir, uşaqlar daha gec dünyaya gəlir, ailədə uşaq sayı azalır. Digər tərəfdən, emosional qərarla tələsik evlənənlər də olur və sonradan problemlərlə üzləşirlər”.

Həmsöhbətimizin fikrincə, müasir ailə modelində məsuliyyətin bölüşdürülməsi də dəyişib:

“Əvvəllər ailə qurmaqla bağlı məsuliyyət təkcə gənclərin deyil, hər iki ailənin üzərinə düşürdü. İndi isə valideynlər çox vaxt "özün seçim etmisən, öz həyatını da özün idarə et" mövqeyini tuturlar. Nəticədə əvvəllər ailələrin birlikdə daşıdığı məsuliyyət bu gün əsasən qərarı verən gənclərin üzərində qalır. Məhz bu da bir çox çətinliklərin yaranmasına səbəb olur. Bu baxımdan indiki model əvvəlki ailə modelindən xeyli fərqlənir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhəddə ŞOK HAZIRLIQ - Xəndəklər qazılır, hər an...