Modern.az

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab - Komitə açıqlama yaydı

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab - Komitə açıqlama yaydı

Ölkə

Bu gün, 11:07

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara münasibət bildirib.

Modern.az xəbər verir ki, Komitənin açıqlamasında keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi qeyd olunub.

Bildirilib ki, məskunlaşdırma prosesi yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında aparılır.

Komitənin məlumatına görə, Böyük Qayıdış zamanı şəxsi tələblərinin qanunvericilik çərçivəsində təmin edilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edərək prosesin gedişi və Komitənin fəaliyyəti barədə yanlış fikir formalaşdırmağa çalışırlar.

Açıqlamada Nuranə Abdullayevanın sosial şəbəkələrdə səsləndirdiyi iddialara da toxunulub.

Qeyd edilib ki, N. Abdullayeva vəfat etmiş atasının vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə yeni tikilən binalarda mənzil verilməsini tələb edib. O, həmçinin Ağdamda yaşayış sahəsi ayrılmadığı halda Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını istəyib.

“ Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilmiş, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilmişdir”, - deyə açıqlamada bildirilib.

Komitə qeyd edib ki, həmin hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməyib və məsələ əsasən emosional müstəvidə təqdim olunub.

Açıqlamada sosial şəbəkələrdə “Kanal 15 TV” loqosu ilə yayılan video materiallara da münasibət bildirilib. Qeyd olunub ki, həmin materiallar Komitənin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilib və nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfinin mövqeyi çatdırılıb.

Komitə həmçinin Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün İntiqam Türbəndəyevin sosial şəbəkə paylaşımını diqqətə çatdırıb.

Bildirilib ki, Türbəndəyev Xanyurdu kəndinə köçürülməsi ilə bağlı Komitəyə müraciət edib. Onun Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edildiyi və ailə tərkibinə uyğun olaraq Xanyurdu kəndində 3 otaqlı fərdi evə köçürüləcəyinin bildirildiyi qeyd olunub.

“Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb etmişdir”, - açıqlamada vurğulanıb.

Komitə bildirib ki, müraciət edən şəxslər rəhbərlik tərəfindən qəbul olunub və məsələlərinə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilib. Buna baxmayaraq, sonradan sosial şəbəkələrdə “böhtan xarakterli qərəzli fikirlər” səsləndirilib.

Açıqlamada bu cür paylaşımların ictimaiyyət arasında çaşqınlıq yaratdığı və Böyük Qayıdış proqramına kölgə salmağa yönəldiyi qeyd olunub.

“Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz”, - deyə açıqlamada bildirilib.

Komitə dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar yayılarkən rəsmi mövqenin öyrənilməsinin, faktların tam və obyektiv təqdim olunmasının vacibliyini vurğulayıb.

Həmçinin xatırladılıb ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...