Ermənistan parlamentinin cümə axşamı - 29 oktyabrda keçirilən iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.
Modern.az xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputtalarla müxalifətdəki "Güclü Ermənistan" blokunun deputatları arasında baş verən şifahi mübahisə əvvəlcə söz atışmasına, daha sonra isə kütləvi davaya çevrilib.
İnsident hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. Əvvəlcə hakim qüvvənin deputatları ilə müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvləri arasında qarşıdurma yaranıb.
Daha sonra Taron Çaxoyanla “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyan arasında dava başlayıb. Ardınca onlarla deputat insidentə qoşulub.
Qarşıdurma zamanı deputatlar bir-birinə yumruq və təpiklə hücum ediblər.
Parlamentin spikeri Ruben Rubinyan isə hadisəyə dərhal müdaxilə etməyib. Bütün hadisə canlı yayımlanıb. Spiker Ruben Rubinyan açıq şəkildə bildirib ki, ictimaiyyətin baş verənləri görməsi üçün yayımı dayandırmayacaq. O, yalnız dava qızğın mərhələyə çatdıqdan bir müddət sonra təhlükəsizlik əməkdaşlarını çağırıb.
Bundan sonra parlamentin iclasında fasilə elan olunub.