Şirkətlərin fəaliyyətinə nəzarət edən vəzifəli şəxslərin işdən ayrıldıqdan sonra həmin şirkətlərdə işləməsinə iki il müddətinə məhdudiyyət qoyulması təklif olunur.
Modern.az xəbər verir ki, bu müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə görə, müvafiq vəzifəli şəxs iki il ərzində əvvəl nəzarət etdiyi şirkətdə işləyə və ya onunla müqavilə bağlaya bilməyəcək. Həmçinin, özəl şirkətin idarəetmə orqanında olmuş şəxs dövlət vəzifəsinə keçdikdən sonra iki il həmin şirkətlə bağlı dövlət adından qərar qəbul edə və müqavilə bağlaya bilməyəcək.
Qeyd edək ki, layihədə bu qaydaların pozulmasına görə məsuliyyət, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak və imtiyazların dövlətin xeyrinə geri alınması da nəzərdə tutulur.