Modern.az

İnsan niyə xəyanət edir - XXI əsrin AİLƏ BÖHRANI

İnsan niyə xəyanət edir - XXI əsrin AİLƏ BÖHRANI

Ölkə

Bu gün, 10:20

Sevgi bazara çevrilir, ailə hara gedir?

Bir vaxtlar xəyanət ailə üçün bağışlanılmaz məsələ sayılırdı. İnternet dünyası ilə bu dəyərlər dağıldı. İnsdi mesajlar silinir, ikinci hesablar açılır, görüşlər başqa adlarla yadda saxlanılır, amma insanın daxilində başlayan uzaqlaşmanı heç bir “delete” düyməsi silmir.
“Hər evli kişinin mütləq başqa sevgilisi olur” fikrini indi sübut etməyə ehtiyac yoxdur. Eyni şəkildə, “indi evli qadınların çoxu bu yolu seçir” demək də həqiqətdən uzaq deyil.
Həqiqət odur ki, müasir dünyada xəyanət etmək üçün imkanların sayı tarixdə bəlkə də heç vaxt indiki qədər çox olmayıb.

Ciblərdəki üçüncü şəxs

Əvvəllər yad biri ilə tanış olmaq üçün insan evdən çıxmalı, hansısa məclisə getməli, iş yerində və ya təsadüfi bir məkanda qarşılaşmalı idi.
Bu gün isə potensial tanışlıqlar insanın yataq otağına qədər telefonla daxil olur.
Sosial şəbəkələr köhnə sevgilini tapmağa, yeni insanla gizli yazışmağa və münasibəti mərhələ-mərhələ emosional yaxınlığa çevirməyə imkan verir.
Araşdırmalarda sosial mediada xəyanətlə əlaqəli davranışların daha aşağı münasibət məmnunluğu, daha yüksək tərəddüd və bağlanma problemləri ilə əlaqəli olduğu göstərilib. Başqa sözlə, texnologiya xəyanəti yaratmayıb, amma ona sürət, məxfilik və əlçatanlıq verib.

Müasir insanın faciəsi bəlkə də budur. Əvvəllər insan həyat yoldaşını real bir insanla müqayisə edirdi, indi isə onu minlərlə insanın sosial şəbəkədə nümayiş etdirdiyi ən gözəl anlarla müqayisə edir.
Evindəki adam yorğundur, ekrandakı adam isə həmişə gülümsəyir.
Evdəki qadının qayğıları, uşaqları və yorğunluğu var, ekrandakı qadının isə filtrdən keçirilmiş bir fotosu.
Evdəki kişinin problemləri və məsuliyyətləri var, ekrandakı kişi isə restorandan, avtomobildən və səyahətdən paylaşdığı üç şəkillə “ideal kişi” təsiri yarada bilir.
Beləcə insan həyatın özünü həyatın reklamı ilə müqayisə etməyə başlayır. İş ondadır ki, həyat çox vaxt bu yarışda uduzur.


İnsan niyə xəyanət edir?

Xəyanəti yalnız “evdə sevgi yoxdur” cümləsi ilə izah etmək rahatdır, amma elmi baxımdan məsələ daha mürəkkəbdir.
Araşdırmalar narazılıq, diqqətsizlik hissi, qəzəb və seksual istəklə yanaşı başqa fərqli motivlərin də xəyanətdə rol oynadığını göstərir. Bunların arasında özünü təsdiqləmək ehtiyacı, yenilik axtarışı, aşağı bağlılıq və situativ fürsətlər də ola bilər.
Deməli, xəyanət edən hər adam evində bədbəxt deyil.
Bəzən insan yaxşı ailəsini də riskə atır.

Çünki insanın ən təhlükəli aclıqlarından biri çörək aclığı deyil, əhəmiyyətli olduğunu hiss etmək aclığıdır.
Bir qadına illərdir heç kim “sən gözəlsən” demirsə və qəfildən başqa biri bunu hər səhər yazırsa, həmin mesaj onun üçün sadəcə kompliment olmaya bilər.
Bir kişi evində yalnız pul gətirən, problemləri həll edən və hesabları ödəyən mexanizm kimi hiss edirsə, başqa bir qadının heyranlığı ona itirdiyi şəxsiyyətini qaytarırmış kimi görünə bilər.
Bu səbəbləri anlamaq xəyanətə haqq qazandırmaq deyil.
Səbəbi izah etmək əməlin məsuliyyətini ləğv etmir.

İnsan özünə yüz bəraət hazırlaya bilər: “Məni evdə anlamırlar”, “Onsuz da münasibətimiz bitib”, “Bir dəfədir”, “Hamı edir”, “Sadəcə yazışırıq”, “Mən ailəmi dağıtmaq istəmirəm”.
Ancaq bəzən insanın özünə verdiyi ən böyük yalan məhz “mən heç kimə zərər vermirəm” cümləsidir.
Çünki həyat yoldaşının bilməməsi zərərin ən böyüyüdür.

Xəyanətin ən qəribə paradoksu

Xəyanət edən adam çox vaxt iki dünyanı eyni vaxtda saxlamaq istəyir.
Evdə etibar, sabitlik, övladlar, ailə adı və tanış həyat qalsın. Kənarda isə həyəcan, yenilik, kompliment, seks və gündəlik məsuliyyətlərdən azad başqa bir dünya olsun.
Yəni insan bəzən həyat yoldaşından sədaqət, özündən isə azadlıq tələb edir.

Məhz burada əxlaqi paradoks yaranır.
Telefonunu həyat yoldaşından gizlədən adam sevgilisinin ona başqa biri ilə xəyanət etməsindən qısqana bilir.
Özü iki münasibətdə olduğu halda qarşı tərəfdən təkcə ona məxsus olmağı tələb edir.
Deməli, problem həmişə azadlıq istəyi deyil.
Bəzən problem özümüzə verdiyimiz azadlığı başqasına verməməyimizdir.

Azərbaycan variant, sevgi, status və hesab kitabı

Azərbaycan haqqında danışarkən bütün qadınları və ya kişiləri eyni qəlibə salmaq böyük səhv olar. Bizdə də təmənnasız sevən, xəyanəti qəbul etməyən, ailəsinə bağlı minlərlə qadın və kişi var.
Ancaq əksəriyyətdə çox maraqlı bir iqtisadi modelin meydana çıxdığını görməmək də çətindir.

Qadın münasibətdən diqqətlə yanaşı maddi təminat, hədiyyə, restoran, səyahət və ya sosial status gözləyir.
Kişilər isə həmin münasibəti mümkün qədər az məsuliyyət və xərc hesabına davam etdirməyə çalışırlar.
Bu nöqtədə sevginin dili tədricən bazarın dilinə çevrilir.
Kim nə verir?
Kim nə alır?
Hədiyyə nə qədərdir?
Görüşün əvəzində nə gözlənilir?
Münasibət nə qədər “sərfəlidir”?

Belə münasibətdə romantika çox vaxt vitrindir, arxada isə görünməyən mühasibat gedir.
Bir tərəf öz gözəlliyini, zamanını və diqqətini daha yüksək qiymətləndirməyə çalışır, o biri tərəf daha az resursla daha çox yaxınlıq əldə etmək istəyir.

Amma bunu bütün qadınlara aid edib “qadın satır, kişi alır” demək də yanlış və təhqiramiz ümumiləşdirmə olardı.
Çünki maddi maraq kişidə də, qadında da ola bilər, təmənnasız bağlılıq da hər iki cinsdə mümkündür.
Əsas məsələ cins deyil, insan münasibətinin müqaviləyə çevrilməsidir.

Sevgidə hesab kitabı üstünlük təşkil etməyə başlayanda münasibətin adı sevgi qalsa belə, mahiyyəti dəyişə bilər. Sevgi “sən mənə nə verəcəksən?” sualından başlayırsa, bir gün “başqası daha çox versə nə olacaq?” sualı qaçılmaz şəkildə qapını döyə bilər.


ABŞ - azadlıq çoxdur, amma xəyanət yenə də normal sayılmır

Qərb haqqında ən böyük yanlış təsəvvürlərdən biri budur ki, guya seksual azadlıq xəyanətin də qəbul edilməsi deməkdir.
Halbuki bunlar eyni şey deyil.
İnsan nikahdan əvvəl münasibətlərə liberal yanaşıb evlilik daxilində xəyanəti kəskin şəkildə rədd edə bilər.
Pew Research Center-in 40 ölkəni əhatə edən araşdırmasında nikahdankənar münasibətlər ümumilikdə ən çox rədd edilən davranışlardan biri idi. Ölkələr üzrə median 78 faiz bunu mənəvi baxımdan qəbuledilməz sayırdı. Həmin beynəlxalq sorğuda amerikalıların 84 faizi evli insanın kənar münasibətini mənəvi baxımdan yanlış hesab etmişdi.

Deməli, “ABŞ-da hamı istədiyi adamla yaşayır və heç kim buna fikir vermir” təsəvvürü reallığı əks etdirmir.
ABŞ-da boşanmaq və yeni münasibət qurmaq sosial baxımdan daha asan qəbul edilə bilər, amma gizli xəyanət yenə də etibarın pozulması kimi görülür.
Burada çox mühüm fərq var, azad münasibətlə gizli xəyanət eyni şey deyil.
İki yetkin insan əvvəlcədən hansı münasibət modelinə razılaşıbsa, bu onların seçimidir. Xəyanətin mahiyyətində isə razılaşmanın gizli şəkildə pozulması dayanır.

Paris bütün Avropa deyil

Avropanı da vahid əxlaq xəritəsi kimi təsəvvür etmək olmaz.
Pew-un 2013-cü il məlumatlarında Fransa xüsusilə fərqlənirdi. Fransalıların yalnız 47 faizi nikahdankənar münasibəti mənəvi baxımdan qəbuledilməz adlandırmışdı və 40 faizi bunu ümumiyyətlə mənəvi məsələ hesab etməmişdi.

Amma Almaniya, İtaliya, İspaniya və Britaniyada əksəriyyət xəyanəti yanlış hesab edirdi. Yəni “Avropada xəyanət normaldır” cümləsi də stereotipdir.

Avropada daha böyük dəyişiklik bəlkə xəyanətin normallaşması deyil, insanın uğursuz nikahı ömürlük cəza kimi qəbul etmək istəməməsidir.
İnsanlar ayrılır, yenidən evlənir, nikahsız birlikdə yaşayır və ailə modelini dəyişirlər.
Bu, avtomatik olaraq sədaqətin öldüyü anlamına gəlmir. Sadəcə nikahın “bir dəfə seçdin, ömürlük dözməlisən” modeli bir çox cəmiyyətdə zəifləyib.


Rusiya - ictimai qınaqla şəxsi davranış həmişə eyni olmur

Rusiyada da maraqlı ziddiyyət görünür.
Pew məlumatlarında rusların 69 faizi nikahdankənar münasibəti mənəvi baxımdan qəbuledilməz hesab edirdi. Bu, mühüm bir həqiqəti göstərir, bir ölkədə xəyanət hadisələrinin görünməsi həmin cəmiyyətin xəyanəti mənəvi norma kimi qəbul etməsi demək deyil.
İnsanların dediyi ilə etdiyi arasında məsafə ola bilər.
Əslində bu məsafə yalnız Rusiyaya yox, bütün bəşəriyyətə aiddir.

Türkiyə və müsəlman cəmiyyətləri

Türkiyədə ailə, namus və sədaqət anlayışları ictimai diskursda hələ də çox güclüdür.
Pew-un beynəlxalq araşdırmasında Türkiyə nikahdankənar münasibətləri ən sərt şəkildə rədd edən ölkələr qrupundadır və respondentlərin 90 faizindən çoxu bunu mənəvi baxımdan qəbuledilməz sayırdı.
Bu mənada Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın daha ənənəvi hissələrində xəyanət yalnız iki nəfər arasındakı problem kimi deyil, ailənin və bəzən bütöv qohumluq çevrəsinin məsələsi kimi qəbul edilə bilir.

Lakin sərt ictimai qınaq xəyanətin yox olmasına gətirə bilmir. Bəzən əksinə, qınağın güclü olduğu cəmiyyətdə münasibətlər sadəcə daha gizli yaşanır.
Statistikada görünməyən davranış həyatda mövcud olmaya bilər demək deyil, bəzən sadəcə etiraf olunmur.

Çin - nikahın özünə münasibət dəyişir

Çində baş verənlər isə xəyanətdən daha böyük demoqrafik hadisənin bir hissəsidir.
Rəsmi məlumatlara görə, 2024-cü ildə Çində 6,106 milyon nikah qeydə alınıb və bu göstərici əvvəlki illə müqayisədə 20,5 faiz azalıb. Həmin il 3,513 milyon boşanma rəsmiləşib. Nikahların azalmasında iqtisadi təzyiq, uşağın böyüdülməsi və təhsil xərcləri, iş təhlükəsizliyi və evlənmə yaşındakı əhalinin azalması kimi amillər müzakirə olunur.

Bu rəqəmlər “çinlilər xəyanət edir” nəticəsinə gəlməyə əsas vermir. Onda daha böyük sual doğurur, yeni nəsil ümumiyyətlə evlənmək istəyirmi?
Bəlkə XXI əsrin ailə böhranının ən mühüm mövzusu xəyanət edənlərin çoxalması deyil, nikaha girmək istəyənlərin azalması olacaq.

Cənubi Koreya və yeni tənhalıq

Cənubi Koreya kimi yüksək texnologiyalı cəmiyyətlərdə də münasibətlər romantika ilə yanaşı, iş yükünün, mənzil qiymətlərinin, karyera rəqabətinin və gələcək qorxusunun təsiri altındadır.
Seçimlərin sonsuz görünməsi insanın əlindəkinin qiymətini azaltmağa qadirdir.

Əvvəllər insan “bu münasibəti necə düzəldim?” deyə düşünürdüsə, müasir istehlakçı düşüncəsi ona “bəlkə daha yaxşısını taparam?” sualını pıçıldayır.
Bu cümlə telefon, avtomobil və ayaqqabı üçün normaldır.
Amma insan münasibətlərinə tətbiq ediləndə təhlükəli olur.
Çünki insan məhsul deyil.

Mərkəzi Asiya - ənənə ilə modern həyatın toqquşması

Mərkəzi Asiyada ailə hələ də çox güclü sosial institutdur, lakin şəhərləşmə, qadınların iqtisadi müstəqilliyinin artması, miqrasiya və sosial şəbəkələr köhnə münasibət modelini dəyişdirir.
Məsələn, Qazaxıstanla bağlı 2024-cü il göstəricilərində 40 mindən çox boşanmadan danışılır. Burada əsas məsələ “ailə məhv olur” hökmünü vermək deyil.
Əsas məsələ odur ki, ənənəvi gözləntilərlə müasir fərdi azadlıq eyni evin içində üz-üzə gəlir.

Köhnə ailə modeli insana deyirdi ki, döz. Yeni fərdiyyətçilik deyir ki, özünü düşün.


Xəyanət niyə bazara oxşamağa başlayır?

Kapitalizmin dili həyatımızın demək olar hər sahəsinə daxil olub, qiymət, fayda, alternativ, investisiya, gəlir, itki...
Təhlükə həmin dilin sevgiyə də keçməsidir. Və nə yazıq ki, artqı keçib.  “Bu münasibət mənə nə verir?” sualı müəyyən həddə qədər normaldır. Amma “bu adamdan maksimum nə əldə edə bilərəm?” sualı başlayanda sevgi tədricən kommersiyalaşır.

Bir qadın kişini yalnız pul kisəsi kimi görürsə, o kişini sevmir. Bir kişi qadını yalnız bədən və həzz vasitəsi kimi görürsə, o qadını sevmir.
Birinin məqsədi mümkün qədər baha “satmaq”, digərinin məqsədi mümkün qədər ucuz “almaqdırsa”, ortada emosional bazarlıq var.

Ən faciəlisi odur ki, belə münasibətdə hər iki tərəf bir müddət özünü qalib hesab edə bilər.
Pul verən düşünür ki, istədiyini əldə etdi. Maddi fayda götürən düşünür ki, qarşı tərəfdən maksimum qazandı. Halbuki bəzən ikisi də uduzur. Çünki biri insanı əşyaya, digəri hissi qiymət etiketinə çevirir.

Bəs dünya hara gedir?

Dünya mütləq “əxlaqsızlığa doğru gedir” demək qədər sadə istiqamətdə hərəkət etmir.
Daha mürəkkəb bir proses baş verir. İnsanlar əvvəlki nəsillərdən daha çox şəxsi azadlıq tələb edir, amma eyni zamanda əvvəlki nəsillərin ehtiyac duyduğu qədər sevgi, güvən və yaxınlığa ehtiyac duyurlar.
Texnologiya seçimləri artırır, amma seçimlərin artması xoşbəxtliyin avtomatik artması kimi qəbul oluna bilməz.

Biz sonsuz seçim dövründə qərar vermək qabiliyyətimizi itirmək təhlükəsi ilə qarşılaşmışıq.
Telefon ekranında həmişə daha gözəl biri var.
Daha varlı biri var.
Daha cavan biri var.
Daha romantik görünən biri var.
Amma ekranın bizə göstərmədiyi bir şey də var, o da  həmin insanın qüsurlarıdır.

Yeni adamın üstünlüyü çox vaxt onun daha yaxşı olması deyil. Onun üstünlüyü hələ kifayət qədər tanınmamasıdır.

Bu fikir xəyanətin psixologiyasını anlamaq üçün çox vacibdir. Həyat yoldaşımızın bütün çatışmazlıqlarını bilirik, sevgilinin isə yalnız göstərdiyi tərəflərini görürük.
Bir tərəfdə on ilin reallığını, digər tərəfdə üç aylıq fantaziyanı müqayisə edirik.
Sonra fantaziya qalib gələndə bunu “böyük sevgi” adlandırırıq.

Halbuki sevgilinizlə də on il eyni evdə yaşasanız, onun da səhərlər əsəbi olduğunu, pul problemi yaşadığını, xəstələndiyini, bezdiyini və sizi bezdirə bildiyini görəcəksiniz.
Çünki problem qüsursuz insan axtarmağımızdır.


Xəyanət edən adam özünə bir sual versin

Əgər həyat yoldaşınız bu axşam sizin etdiyiniz hər şeyi sizə etsəydi, bunu azadlıq adlandırardınızmı?

Sizin gizli yazışdığınız kimi yazışsaydı, görüşdüyünüz kimi görüşsəydi, yalan danışdığınız kimi yalan danışsaydı, yenə “burada ciddi heç nə yoxdur” deyərdinizmi?
Əgər cavab “yox”dursa, problem artıq aydındır.
İnsan çox vaxt əxlaqın sərhədini öz hərəkəti ilə yox, eyni hərəkətin ona qarşı edilməsinə reaksiyası ilə müəyyənləşdirir.

Xəyanətdən əvvəl insan “Mən nə qazanacağam?” deyə düşünür. Bəlkə bundan əvvəl başqa sual verməlidir: “Bunun üzə çıxdığı gün nə itirəcəyəm?”

Bir gecənin qiyməti bəzən bir ailədir. Bir mesajın qiyməti illərlə qurulmuş etibardır.
Bir macəranın qiyməti övladın ata və ya anasına baxışının dəyişməsidir.
Və ən ağır qiymətlərdən biri insanın güzgüdə özü haqqında düşündüyünün dəyişməsidir.

Xəyanətin tarixi insanlıq qədər qədimdir, amma XXI əsr ona yeni alətlər verib.
Sosial media alternativ insanları görünən edib, messencerlər gizliliyi asanlaşdırıb, tanışlıq platformaları məsafəni azaldıb və istehlak mədəniyyəti münasibətlərə belə “daha yaxşı variant” düşüncəsini gətirib.
Ancaq texnologiya insanın əlindən seçmək məsuliyyətini almayıb.

Biologiya meyl, mühit fürsət, evlilikdə problem bəhanə yarada bilər.
Amma son qərarı yenə insan verir.

Xəyanət edən kişi “kişilər belədir” deyərək məsuliyyətdən qaça bilməz. Xəyanət edən qadın da “mən diqqət görmürdüm” deyərək bütün məsuliyyəti qarşı tərəfin üzərinə ata bilməz.
Münasibət bitibsə, onu bitirmək mümkündür. Sevgi qalmayıbsa, bunu demək mümkündür. Başqa həyat istəyirsənsə, seçim etmək mümkündür. Amma bir insanı həyat yoldaşı kimi yanında saxlayıb başqa bir həyatı gizlicə yaşamaq azadlıqdan çox, iki insanın taleyi barədə qərarı təkbaşına verməkdir.

Odur ki, düşünmək olar ki, gələcəyin ən böyük münasibət böhranı seks böhranı olmayacaq, etibar böhranı olacaq.

Və bəlkə də bütün bu mövzunun ən sərt sualı budur. Sən həyat yoldaşının bilməsini istəmədiyin bir həyatı yaşayırsansa, həqiqətən öz həyatını yaşayırsan, yoxsa daim ifşa olunmaqdan qorxduğun ikinci bir həyat qurursan?

Xəyanət edən insan bu yazını oxuyarkən özünü ittiham kürsüsündə hiss etməsə də, güzgü qarşısında hiss etməlidir.

Bu yazıda məqsəd insanı daşqalaq etməkdən uzaqdı, məqsəd ona seçimindən əvvəl və ya heç olmasa seçimindən sonra özünə dürüst baxmaq imkanı verməkdir.

Bəlkə ailəniz həqiqətən bitib.
Bəlkə münasibətinizi xilas etmək mümkündür.
Bəlkə ayrılmaq hər ikiniz üçün daha düzgün seçimdir.
Bəlkə də axtardığınız o böyük sevgi illərdir evinizdədir, sadəcə gündəlik həyatın səsi altında onun səsini eşitmirsiniz.

Amma hansı yolu seçirsinizsə seçin, bir həqiqəti unutmaq olmaz:

Sevməmək cinayət, ayrılmaq xəyanət ola bilməz. Başqa həyat istəmək də insanın haqqıdır. Əsl faciə bir insanın sizə həqiqətə inanaraq yaşadığı illəri yalanın içində keçirməsinə bilərəkdən razı olmaqdır.

Dünya da, nikah formaları da, qadınla kişinin sosial rolları da dəyişəcək. Bəlkə münasibətlər haqqında bugünkü təsəvvürlərimizin çoxu əlli ildən sonra köhnələcək.

Amma insanın bir ehtiyacı çətin ki, köhnəlsin, bu, güvəndiyi adamın onu aldatmadığını bilmək ehtiyacıdır.

Sevinc MƏHƏRRƏMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q