“Mən çox təəssuf edirəm ki, bəzi müxalifət mətbuatında belə fikirlər irəli sürülür ki, insanların aylıq məvaciblərinin artırılması seçki ilə bağlıdı. Bunlar mənasız, cəfəng və heç bir real əsası olmayan iddialardır”-deyə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Deputat Modern.az saytına açıqlamasında deyib ki, İlham Əliyev 2003-cu ildə prezident seçiləndən sonra hər il pensiyalar qaldırılır, yaşayış minimumun məbləği yüksəlir, minimum əmək haqqı da artır: “Müavinətlər də artır və büdcədən maliyələşən təşkilatlarda çalışan insanların əmək haqqı da artır. Bu, davamlı inkşafın nəticəsidir, İlham Əliyevin dediyi kimi ölkənin iqtisadi uğurlarını, ölkənin neft kapitalını insan kapitalına çevirmək siyasətidi. Ölkənin butun gəlirləri, iqtisadi gücü Azərbaycan insanının sosial rifahına yönəldilir. Bu addımların atılması ilk növbədə Azərbaycanda sosial durumu gündən-günə yaxşılaşdırmaq və Azərbaycan əhalisinin sosial rifahını yüksəltmək məqsədi güdür. 2008-ci ilin ikinci yarısından başlayaraq dunyanı bürüyən iqtisadi böhranı Azərbaycandan yan keçmədi və müəyyən sahələrdə gərginliklər yarandı. Belə gərginlikləri aradan qaldırmaqdan ötrü müəyyən hallarda inflyasiya təhlükəsini nəzərə almaq şərti ilə bu addımlar da aparılır. Bəzən bizim opponentlərimiz söyləyirlər ki, 10 faiz artımın real əhəmiyyəti yoxdur, bu mənasız bir şeydi. Bilmək lazımdır, artımları 10 faiz deyil, 25-30 faiz etmək bu gün Azərbaycan büdcəsinin, Azərbaycan iqtisadiyyatının gücü daxilində olan bir şeydir. Sadəcə, bunu anlamaq lazımdır ki, birdən-birə pensiyaların, müavinətlərin və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarını yüksək faizlə artırmaq böyük inflyasiyaya gətirib çıxara bilər. Amma 10 faizə qədər olan artımlar tam idarə oluna biləndır. 10-15 faizə qədər olan artımlarda infilyasiya risqini tənzimləmək olur”.
Millət vəkili bildirib ki, bəziləri şəhid ailələrinə verilən müavinətlərin birdən-birə 50 faizə qədər artırılmasının inflyasiyaya o qədər də ciddi təsir göstərməyəcəyini iddia edirlər: “Müəllim, tələbə, doktor, aspirantların əmək haqlarının və müavinətlərin artırılması çox ciddi sosial bir hadisədir. Bu artımlar həmişə davamlı şəkildə olub. Ola bilsin büdcədən maliyyələşən digər təşkilatlarda çalışan insanların da maaşları artırılsın. Ola bilsin ki, həkimlərin maaşları da qaldırılsın. Əgər minimum əmək haqqı 75 manatdan 85 manata qaldırıldısa, özəl sektorda çalışan insanlar da 85 manatdan aşağı əməkhaqqı almayacaqlar”.
Modern.az