Modern.az

Abel Məhərrəmovun bağlatdırdığı məscid fəaliyyətini davam etdirirmiş

Abel Məhərrəmovun bağlatdırdığı məscid fəaliyyətini davam etdirirmiş

Ölkə

14 Sentyabr 2010, 18:21
Bakı Dövlət Universitetinin (BDU) “Tələbə şəhərciyi”ndə yerləşən İlahiyyat məscidi ətrafında yaranan hay-küyü yəqin ki, çoxların unutmayıb. Sözügedən ibadətgah BDU-nun rektoru Abel Məhərrəmovun məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayəti əsasında 22 may 2009-cu il tarixində müvəqqəti olaraq qapadılmışdı. Aradan xeyli vaxt ötdüyündən bu məscidin məsələsi unudulmuşdu.

Bu günlərdə İlahiyyat məscidinə baş çəkən Modern.az-ın əməkdaşı onun fəaliyyət göstərdiyinin şahidi olub. Məscidin imamı Ağayar Seyidov əməkdaşımızla söhbətdə ibadətgahın fəaliyyətini davam edtdirdiyini bildirib. 

Ağayar Seyidovun dediyinə görə, İlahiyyat məscidi heç vaxt bağlanmayıb: “Hay-küy qaldırblar, bağlanmaq söhbəti olub, amma bağlanmayıb”. İmam deyib ki,  məscidin bağlanmasını tələb edənlər iddia edirmişlər ki, məcidin sənədi yoxdur. “Amma sənədlər var. Və biz məscidi qeydiyyatdan keçirəcəyik”.

Ağayar Seyidov bildirib ki, məscidi Türkiyə Diyanet İşləri Vəqfi və məsciddə ibadət edənlərin ianələri hesabına maliyyələşir”.
İmam deyib ki, İlahiyyat məscidində heç bir məshəbdən olanlara qadağa yoxdur, hamı burada rahat namaz qıla bilər.

“Sünnisi, şiəsi, vəhhabisi, kim olursa-olsun, hamısı burada namaz qıla bilər. Bu məsciddə ayrı-seçkilik yoxdur. Elə buna görə bizim məscid digərlərindən fərqlənir. Bütün camaatlar burada namaz qılırlar. Biz də istəyirik ki, belə olsun. İlahiyyat məscidinin birinci üstünlüyü budur. Elə Allah da bu məscidi qoruyur. İnşallah belə də davam edər. Bu birliyi istəməyənlər çalışırlar ki, bizim məsciddə təxribat, söz-söhbət olsun. Biz də çalışırıq ki, hadisələr, qarşıdurmalar olmasın. Bəzi qurumlardan bizə xəbər gəlir ki, ora camaat çox gəlir, camaatın ora axını çoxalıb. Əlbəttə, camaatın bura axını olacaq, insanlar yaranmış mənəvi boşluğu doldumağa çalışır. Bəzi məcidlərin bağlı olmasına görə insanlar bura gəlirlər. Onların bura gəlməyində məscid günahkar deyil. Səbəb məscidlərin bağlı olmasıdır. Allah qoruyur bizim məscidi, təxribatın da qarşısını biz ala bilmərik. Təxribat hər yerdə ola bilər. Bu məscidin qorunmasına dövlət qurumları da çalışmalıdır. Necə metronu qoruyurlar, elə də məscid qorunmalıdır, çünki məscid də ictimai bir yerdir. Camaata rahat ibadət etməyə şərait yaradılmalıdır. Biz sadəcə xalqa xidmət edirik, xalqın mənəvi ibadətinə çalışırıq”.  

Modern.az İlahiyyat məscidinin fəaliyyəti ilə bağlı Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinin də mövqeyini öyrənib. 
Komitənin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov deyib ki, İlahiyyat məscidinin qeydiyyatı ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb. “Sənədlər daxil olarsa, əlbəttə qeydiyyat məsələsinə baxılacaq. Amma hələ daxil olmayıb”.

Xatırladaq ki, BDU rəhbərliyi ötən il İlahiyyat məscidinin fəaliyyətinin universitetdə dərs keçirilməsinə mane olması barədə müvafiq qurumlara müraciət etmişdi. Rektor A.Məhərrəmov bildirmişdi ki, İlahiyyat məscidinin tutumu 250-300 nəfər üçündür. Ancaq bəzən məscidə namaz qılmaq üçün 8 min adam gəlir.

İlahiyyat məscidi Türkiyə Diyanet İşləri Vəqfinin maliyyəsi ilə 1991-93-cü illərdə tikilib.

Vüqar Ağamalıoğlu

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı