19 avqust 2026-cı il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.
Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.