Modern.az

Cığıraçan

Cığıraçan

Ölkə

9 Aprel 2015, 13:51

Cəmiyyətə örnək ola biləcək bir neçə insanın adını çəkməyimi istəsələr, körpəsayağı barmaqlarımı qatlayaraq ilk sırada İlham Pirməmmədovun adını çəkərdim. Heç bərkə-boşa düşmədən, tərəddüd etmədən belə asan ad çəkməyimin səbəbi bu insanı yaxından tanımağım, onun şəxsi xarakterinə və xüsusiyyətinə bələdçiliyimdən doğur.

Onu tanıdığımda nurani, pirani gördüm, ləyaqətli ömür sürməyi, təmənnasızlığı həyat amalına çevirməyi bacaran və bu prinsiplərindən bir addım belə geri çəkilməyən İlham Pirməmmədovun üstün, fərqli cəhətlərini sıralamağa düşünürəm ki, lüzum yoxdur. Aqillər demiş, görünən dağa nə bələdçi. Aveyin qoynunda pərvazlanıb, Daş Salahlı böyüklüyünü Bakıya gətirən, el-elat mədəniyyətini həmişə qoruyub saxlayan İlham Pirməmmədovu həmişə ucalıqda saxlayacaq bir amil var. Şəhərin qalmaqalı, min bir türlü oyunları bu insanı öz ağuşuna ala bilmədi. Onun təmizliyi və sadəliyinə üstün gələ bilmədi. Çünki saf duyğularla, təmiz niyyətlə yaşayır, el-oba bağlantısını və sevgisini dünyanın heç bir ləzzətinə dəyişmir. Və dəyişə də bilməz. Xeyirxah, sadə, əməksevər Teymur əminin, Hava xalanın övladları pis ola bilməzdi və olmadılar da.


“Övlad var ev üçün, övlad da var el üçündür”. İlham müəllimin timsalında ataların bu müdrik deyiminin necə də dəqiq bir ifadə və düstur olduğunu gördük. İndiyə qədər iştirak etdiyim irili-xırdalı, böyüklü-kiçikli məclislərdə “İlham müəllim el üçün doğulub” deyimini eşitdik, fərəhləndik. Kənddən Bakıya ali təhsil dalınca gələnlər də,  içi mən qarışıq hamımız üçün o, keçiləsi çətin, lakin şərəfli olan bir yol cızdı. Bu yolda irəliləmək üçün gərgin əmək, zəhmət lazımdır. Amma hamıya örnək ola bilmək üçün İlham müəllim bu istiqamətdə də gözəl örnəklər yaratdı.

Doğulub boya-başa çatdığı obanı heç zaman unutmayan bu aqil insan sabahı düşünərək Bakıda ali təhsil alan gəncləri bir araya gətirən tədbirlərin də ağsaqqalı oldu. Tənqidi fikirlərini, öyüd və nəsiyyətlərini saf bir türkcədə balalara çatdırır və onlara Qazaxı sevməyin Azərbaycanı sevməkdən başlandığını anladır. Elm-təhsil yolunda çətinlikləri aşmağın yolunu göstərir. İlham Pirməmmədovun gənclərin inkişafına yönəlik bu cür fikir və düşüncələri bu gənclərin gələcəkdə əsl vətənpərvər, millətini və dövlətini sevər insanlar olmasının əsasını yaradır. O görüşlərin birində Azərbaycan tarixini, mədəniyyətini bilməyən insanların bu cəmiyyətdə heç bir üstün dəyərə sahib olmadığını dönə-dönə xatırladan İlham Pirməmmədov bir yol da göstərdi: “Elinizi, obanızı unutmayın. Çətinliyinizi bir-birinizlə paylaşın, kömək olun və təhsilinizi bitirəndən sonra elinizə-obanıza dönün. Orda sizə daha çox ehtiyac var”.

Təkcə Azərbaycanın deyil, Qafqazın ziya ocağına çevrilən Qazaxın maarifpərvərlər ordusunda Qarabağda ilk qız məktəbini yaradan məşhur pedaqoq İsmayıl Qarayev, professorlar Əhməd Seyidov, Rəşid Məmmədovdan sonra İlham Pirməmmədov da öz şərəfli pedaqoq peşəsinə sadiq qaldı. 1990-cı ilin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanın milli təhsil sisteminin qurulmasında, yeni dərsliklərin hazırlanmasında, ali məktəblərin Avropa təhsilinə inteqrasiyasında öz bilik və bacarığını sərf etdi. Təhsilimizin milliləşməsi prosesi uzun zaman alsa da, bu gün bu proseslərin uğurla aparılmasında İlham müəllimin zəhməti əvəzsizdir. Çünki nəzəri biliklə yanaşı, ənənələrdən gələn təhsilin idarə olunması təcrübəsinə sahib olan çox az sayda insanlar var ki, məhz bu insanlardan biri də İlham Pirməmmədovdur. Vaxt gəlib, zaman keçəcək. Bu xeyirxah əməl sahibinin Azərbaycan üçün etdiyi xidmətlər, dövlətin yeni təhsil sisteminin qurulmasında iştirakı araşdırmaların, tədqiqatların mövzusu olacaq. Arxasız, köməksiz gənclərə təmənnasız maddi və mənəvi yardımlarının özü də tarixin özü qədər yaşayacaq.

60 yaşın mübarək, İlham müəllim.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı