Bu tədbir AQEM-ə (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Azərbaycanın sədrliyi çərçivəsində keçirilir. Qlobal iqtisadi və texnoloji inkişafda Asiyanın çəkisi getdikcə artır.
Modern.az xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Asiyanın gücü onun müxtəlifliyində, bazarlarında və əlaqələndirmə imkanlarındadır. Limanlarımız arasında əməkdaşlığı gücləndirməklə regional bağlantıları daha təhlükəsiz, səmərəli, dayanıqlı və hər kəs üçün faydalı edə bilərik. Bu konfrans Asiyanın dörd bir tərəfindən liman qurumlarını, nəqliyyat təşkilatlarını, özəl sektoru və beynəlxalq tərəfdaşları bir araya gətirir.
Konfrans regional ticarət və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün həyati əhəmiyyət kəsb edən limanların inkişafı, dəniz nəqliyyatı və multimodal bağlantılarla bağlı praktiki məsələləri müzakirə etmək üçün vaxtında yaradılmış mühüm imkandır. AQEM regionu üçün limanlar sadəcə yüklər üçün fiziki keçid qapısı deyil. Onlar dəniz marşrutlarını dəmir yolları, avtomobil yolları, quru limanları, logistika mərkəzləri və sənaye zonaları ilə birləşdirən strateji qovşaqlardır. Onların səmərəliliyi, təhlükəsizliyi və davamlılığı ticarət xərclərinə, bazarlara çıxış imkanlarına və iqtisadiyyatlarımızın rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Dənizə çıxışı olmayan üzv dövlətlər üçün dəniz infrastrukturuna etibarlı bağlantıların olması onların regional və qlobal ticarətdə tamhüquqlu iştirakı üçün əvəzolunmazdır.
AQEM üçün bağlantıların qurulması praktiki etimadquruculuq tədbiridir. AQEM-in məşvərətçi orqanı kimi Dayanıqlı Bağlantılar üzrə xüsusi Şuranın yaradılması ideyası ən ali siyasi səviyyədə irəli sürülüb. Bu təşəbbüsün mahiyyəti bu gün də son dərəcə aktuallığını qoruyub saxlayır. Məqsəd davamlı nəqliyyat infrastrukturu, multimodal koridorlar, rəqəmsallaşdırılmış logistika, ekoloji cəhətdən dayanıqlı mobillik, eləcə də rahat ticarət və tranzit axınları üzrə dialoqu və praktiki əməkdaşlığı təşviq etməkdir. Bu baxımdan nəqliyyat əlaqələri, ticarətin asanlaşdırılması və peşəkar təmaslar üzrə dialoq müxtəlifliklərlə zəngin olan regionumuzda qarşılıqlı anlaşmanın, proqnozlaşdırılan mühitin və ortaq maraqların güclənməsinə töhfə verə bilər.
Azərbaycanın sədrliyi dövründə bağlantı məsələlərinə xüsusi və davamlı diqqət yetirilib.
"Asiyada daha güclü AQEM bağlantısı, rəqəmsallaşma və dayanıqlı artım" mövzusuna söykənərək, sədrliyimiz nəqliyyat bağlantısını, rəqəmsal transformasiyanı və dayanıqlılığı öz fəaliyyətinin mərkəzinə qoyub. Təhlükəsiz və səmərəli nəqliyyat koridorları sisteminin inkişafı üzrə prioritet sahədə etimadquruculuq tədbirlərinin əlaqələndiricisi kimi Azərbaycan AQEM-ə üzv dövlətlər arasında praktiki əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş bir sıra konfransların, ekspert müzakirələrinin və digər tədbirlərin təşəbbüskarı olub və onları dəstəkləyib.
Bu konfrans nəqliyyat və bağlantı sahəsində AQEM çərçivəsində artıq həyata keçirilmiş praktiki işlərə əsaslanır. 2025-ci ilin dekabr ayında "AQEM-ə Üzv Dövlətlər Arasında Nəqliyyat Koridorlarının Rəqəmsallaşdırılması üzrə Bilik Mübadiləsinin Tətbiqi" konfransı ekspertləri, siyasətçiləri və sahə mütəxəssislərini bir araya gətirərək rəqəmsal həllərin sərhədkeçmə prosedurlarını necə sürətləndirə biləcəyini, kağızsız ticarəti necə təşviq etdiyini və koridorlar boyunca məlumat mübadiləsini necə yaxşılaşdırdığını araşdırmağa imkan verdi. Tərəflər razılaşdılar ki, rəqəmsallaşma çevikliyi artırmaq, ləngimələri azaltmaq və nəqliyyat marşrutlarımızı daha şəffaf və proqnozlaşdırılan etmək üçün ən effektiv vasitələrdən biridir.
Sədrliyimiz dövründə biz, həmçinin AQEM-in Nəqliyyat Şəbəkəsinin Xəritələnməsi layihəsi üzərində işi davam etdirmişik. Bu təşəbbüs regionumuzdakı əsas nəqliyyat koridorlarının, logistika qovşaqlarının və infrastruktur darlıqlarının (darboğazlarının) sistemli mənzərəsini yaratmağı hədəfləyir. Nəqliyyat şəbəkələrimizi daha yaxşı anlamaqla biz çatışmazlıqları daha dəqiq müəyyən edə, investisiyaları prioritetləşdirə və koridorlar üzrə uyğunluğu təmin edə bilərik.
Bu gün keçirilən konfrans bu səylərin təbii davamıdır. O, diqqəti bağlantı zəncirinin həlledici halqasına — limanlarımıza və onların dəniz və quru nəqliyyat şəbəkələrini birləşdirən vasitəçi roluna yönəldir. Bu konfransın nəticələri AQEM çərçivəsində praktiki əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
İqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın mərkəzində bağlantı dayanır. Limanlarımızı gücləndirməklə, logistikanı rəqəmsallaşdırmaqla və multimodal koridorları təşviq etməklə biz sadəcə yük daşımırıq; biz Asiya boyunca tərəfdaşlığı, imkanları və ortaq rifahı inkişaf etdiririk.
Əminəm ki, bugünkü müzakirələr dəyərli fikirlər, yeni tərəfdaşlıqlar və regionumuzda bağlantının gələcəyini formalaşdıracaq praktiki nəticələr verəcək. Bütün iştirakçılara məhsuldar və uğurlu konfrans arzulayıram” - deyə o sonda vurğulayıb.