Türkiyənin ilk atom elektrik stansiyası (AES) olan “Akkuyu”da istehsal edilən enerji 2027-ci ildən ölkənin elektrik şəbəkəsinə ötürüləcək.
Modern.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Onun sözlərinə görə, ətraf mühitə mənfi təsiri minimuma endirməyin əsas yollarından biri elektrik enerjisindən istifadənin genişləndirilməsidir. Bu prosesə güclü təkan verən amillərdən biri isə nüvə energetikasıdır.
Nazir qeyd edib ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən Mersin vilayətində inşa edilən “Akkuyu” AES-ə yaxın bir neçə həftə ərzində nüvə yanacağının yüklənməsi və stansiyanın birinci enerji blokunun fiziki işə salınması planlaşdırılır.
“Ölkələrin enerji təminatı və qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşdiyi bir şəraitdə ekoloji cəhətdən təmiz enerjiyə keçid asan deyil”, – deyə Türkiyənin energetika naziri etiraf edib.
A.Bayraktar Antalyada keçiriləcək COP31 sammitini qlobal iqlim müzakirələri tarixinin ən mürəkkəb tədbirlərindən biri adlandırıb.
O, Ankaranın enerji siyasətinin əldə etdiyi nəticələrə də diqqət çəkib: “Türkiyə ildə 55-60 milyard kubmetr təbii qaz istehlak edən ölkədir və qazı 13 müxtəlif dövlətdən idxal edir”.