İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi böyük risk və qəhrəmanlıq tələb edir. Xüsusilə Ağdam və Füzulidə mina çirklənməsi çox yüksək səviyyədə olub. Hazırda Füzulinin böyük hissəsi təmizlənib. Bu, çox vacibdir, çünki Füzuli Qarabağın hava qapısı hesab olunur və bütün region üçün mühüm infrastruktur və nəqliyyat mərkəzidir.
Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, Ağdamın baş planı müxtəlif ölkələrdən olan, bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı və əməkdaşlığı nəticəsində hazırlanıb. “İşğaldan əvvəl Ağdamda tarixi mərkəz, eyni zamanda, şəhərin inzibati mərkəzi idi. Yeni şəhərsalma prinsiplərinə uyğun olaraq, həmçinin keçmişin, bu günün və gələcəyin təbii sintezini qorumaq məqsədilə yeni baş planda inzibati mərkəz tarixi mərkəzdən ayrılıb. Bununla bizim tarixi və mədəni baxışımızın qorunması təmin edilir. Tarixi şəhər mərkəzindəki bəzi dağıntılar isə saxlanılacaq. Onlar açıq səma altında yaradılacaq memorial komplekslərin bir hissəsi olacaq. Şəhərlərin bu şəkildə yenidən qurulması bizim üçün simvolik əhəmiyyət daşıyır”, - deyə xüsusi nümayəndə bildirib.
Emin Hüseynov vurğulayıb ki, Ağdam memorial kompleksi azad edilmiş ərazilərdə yaradılacaq bütün memorial komplekslər arasında ən böyüyü olacaq.