Daxili İşlər Nazirliyi Daxili Qoşunların keçdiyi xidmət yolunun şərəfli səhifələri taleyüklü anlarda, Vətən qarşısında ağır sınaqlarda yazılıb. Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə döyüş meydanına atılan, verilən əmri hər şeydən üstün tutan qoşunların hərbçilərinin həyat fəlsəfəsi “öncə Vətən!” kəlməsi üzərində qurulub. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı DİN Daxili Qoşunların şəxsi heyəti döyüş əzmi və peşəkarlığı ilə Vətənə sədaqət andını şəhid qanı ilə möhürləyərkən, bunu bir daha təsdiqlədi.
Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə nəticələnən həmin döyüşlərdə Daxili Qoşunların 12 hərbi qulluqçusu şəhid oldu. Onlar eyni dəstədə xidmət etmiş, illərlə bir birini tanımış, birgə təlimlərdən keçmiş, sentyabrın 19-da isə eyni döyüş tapşırığının icrasına yollanmışdılar.
Gizir Vaqif Yaqub oğlu Rəcəbov da onlardan biri idi.
1982-ci il fevralın 23-də Naxçıvan şəhərində dünyaya gələn Vaqifin uşaqlıq arzusu hərbçi olmaq deyildi. O, göylərə baxır, təyyarəçi olmaq istəyirdi. Bəlkə də yeniyetmə xəyalında özünü nə vaxtsa səmanın ənginliklərində təsəvvür edirdi. Tale onun bu arzusunu gerçəkləşdirmədi, əvəzində illər sonra ona səma ilə başqa bir görüş nəsib etdi. DİN Daxili Qoşunlarda xüsusi təyinatlı hazırlığı keçən Vaqif paraşütlə tullanma üzrə yüksək hazırlıq səviyyəsinə çatdı və birinci dərəcəli döş nişanını daşıdı.
2009-cu ilin noyabrında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayan Vaqif xüsusi təyinatlı dəstədə mexanik sürücü və sürücü kimi xidmət edib. Zirehli avtomobillərin idarə edilməsi və onlara texniki qulluq üzrə hazırlıq keçib, xüsusi təyinatlı kimi paraşüt təlimlərinə qatılıb.
Sonrakı illərdə xüsusi vasitələrin tətbiqi dəstəsində sürücü atıcısı, döyüş təminatı yarımqrupunda və xüsusi vasitələrin tətbiqi bölməsində operator kimi xidmətdətini davametdirib. 2015-ci ildə DİN Daxili Qoşunların Ali Hərbi Məktəbində gizirlərin hazırlanması kursunu keçərək gizir hərbi rütbəsinə yüksəlib.
Xidmətdə qazandığı nəticələr diqqətdən kənarda qalmayıb və “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanına, 2018-ci ildə isə III dərəcəli “Qüsursuz xidmətə görə” medalına layiq görülüb.
44 günlük Vətən müharibəsi zamanı Vaqif Gəncədə cəbhə xəttindən kənarda xidmətdə olsa da, müharibə onun xidmət etdiyi şəhərə qədər gəlib çatmışdı. Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanlar həlak olur, evlər dağılır, şəhərin səhərləri partlayışların ağrılı məzərəsi ilə açılırdı.
Ön cəbhəyə göndərilmək üçün müraciət etsə də, buna gərək qalmır və beləcə, həmin günlərdə döyüş meydanında olmaması daxilən ona rahatlıq vermir. Silahdaşları deyir ki, tez-tez şəhidlərin və qazilərin yolunu davam etdirməyin onların da üzərinə düşdüyünü söyləyirmiş.
Vətən müharibəsindən sonra Vaqif müxtəlif vaxtlarda Laçına, Zəngilana, Kəlbəcərə və Şuşaya ezam olunub. Bir neçə il əvvəl uğrunda döyüşə getmək istədiyi torpaqlarda indi Azərbaycan hərbçisi kimi xidmət edib, təhlükəsizliyin təmin olunması üzrə tapşırıqlar yerinə yetirib.
Nəhayət, 2023-cü ilin sentyabrı gəlir...
Sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri başlananda polkovnik-leytenant Rəşad Hüseynovun komandiri olduğu xüsusi vasitələrin tətbiqi dəstəsi də döyüş tapşırığı alır. Sentyabrın 19-dan 20 nə keçən gecə bir qrup hərbi qulluqçu Laçın rayonunun Nağdalı kəndindən Vəngli istiqamətində hərəkətə başlayır.
Bu təhlükəli yolda düşmənin silahlı qruplarının ilk hücumları dəf edilir, atəş nöqtələri susdurulur və dəstə tapşırıq üzrə hərəkətini davam etdirir. Vəngliyə bir neçə kilometr qalmış isə yolun kənarlarından müxtəlif çaplı silahlardan qəfil atəş açılır.
Hərbçilərmiz dərhal mövqelənərək cavab atəşi açırlar. Atəş altında irəliləyən Vaqif ona yaxın cinahda düşmənin arxasına sızmağa çalışarkən, ayağından yaralanır, ancaq yenə də irəli atılır, vuruşmağa davam edir. Düşmən üzərinə atılan bu qəhrəman oğlun qarışısnı düşmənin ikinci gülləsi alır. Başından ağır yaralanan gizir Vaqif Rəcəbov döyüş meydanında şəhidlik zirvəsin ucalır. Bir vaxtlar uçmaq istədiyi səmədan da ucada olan zirvəyə...
Vaqif bu görüşdən bir gün əvvəl, sentyabrın 18-də doğmaları ilə görüşmüşdü, əzizləri ilə sağollaşıb evdən çıxmışdı. Vətənə sədaqət andı içən bütün uniformalı peşə sahiblərinin ailələri belə gedişlərə öyrəşirlər - qapı açılır, mundirli oğul evdən çıxır, xidmətinə gedir və doğmaları onun yolunu gözləyirlər...
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə gizir Vaqif Rəcəbov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.



