Milli Məclisin Sosial siyasət komitəsindən Modern.az saytına verilən məlumata görə, səhiyyə xərcləri üçün 2011-ci ildə dövlət büdcəsindən 545,4 milyon manat (2010-cu illə müqayisədə 36,1 milyon manat və yaxud 7,1 faiz çox) vəsait ayrılması nəzərdə tutulub.
Deməli gələn il səhiyyəyə ayrılacaq vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,3 faizə çatacaq ki, bu da 2010-cu illə müqayisədə 0,2 faiz çoxdur.
Aldığımız məlumata görə, səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 272,9 milyon manatı və ya 50 faizi xəstəxanaların saxlanılması xərclərinə, 180,2 milyon manatı və ya 33,1 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 88,9 milyon manatı və ya 16,3 faizi poliklinikalar və ambulatoriyaların saxlanılmasına, 3,4 milyon manatı və ya 0,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərə yönəldiləcək.
Azərbaycanın müstəqillik tarxində ilk dəfə məqsədli olaraq 2011-ci il dövlət büdcəsindən vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 3 milyon manat vəsait nəzərdə tutulub.
Statistikaya görə, Azərbaycanda vərəmə yoluxanların təxmini sayı 10 min nəfərdən çoxdur. Amma bu da dəqiq rəqəm deyil. Mütəxəssislər, bu qeyri-dəqiqliyi bəzi həkimlərin və vətəndaşların məsuliyyətsizliyində görür. Yəni bir sıra halarda vərəm xəstələri rəsmi qeydiyyata düşnəkdən ehtiyatlanaraq gizli müalicə yolu tuturlar.
Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda vərəmin müalicəsi məcburi qaydada həyata keçirilir.
Bu xəstəliklə əlaqədar maarifləndirmə işlərinin aparılmasına baxmayaraq vərəmə yoluxanların sayı ilbəil artır.
Vərəm yoluxucu xəstəlikdir və o insanlara əsasən hava-damcı yolu ilə yayılır.
Modern.az