Modern.az

Antiterror əməliyyatının şəhidi - tərxis olunmağına 10 gün qalmışdı

Antiterror əməliyyatının şəhidi - tərxis olunmağına 10 gün qalmışdı

Ölkə

Bu gün, 05:00

Şəhid əsgər Devid Cəlilov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatının iştirakçılarından biri idi.

Modern.az-ın məlumatına görə, Devid Cəlilov 29 fevral 2004-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. O, iki bacının tək qardaşı idi. 2010-2021-ci illərdə Xaçmaz rayon Xudat şəhər Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbində orta təhsil almışdı. Karate, güləş, boks və üzgüçülüklə məşğul olan Devid yeddi illik musiqi təhsili almış, fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdu.

Orta məktəbi bitirdikdən sonra 1 aprel 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, əvvəlcə Gəncədə, sonra isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. O, Komando Briqadasında, komando kəşfiyyat bölüyünün tuşlayıcısı kimi hərbi xidmət edirdi. Könüllü olaraq iki aylıq snayper kurslarına yazılan Devid kursları başa vurduqdan sonra snayper olaraq da xidmətini davam etdirirdi.

Devid Cəlilov 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi təxribat nəticəsində baş verən sərhəd döyüşlərdə də iştirak etmiş, düşmən təxribatının qarşısının alınmasında böyük xidmətlər göstərmişdi. Döyüşlər bitdikdən sonra hərbi xidmətinə davam edirdi.

Devid Cəlilov 19 sentyabr 2023-cü ildə Qarabağda separatçı və təxribatçı fəaliyyəti göstərən erməni qəsbkarlarına qarşı rəşadətli Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib.
Cəsur əsgər 20 sentyabr 2023-cü ildə Ağdam rayonunun Papravənd kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Devid subay idi və şəhid olduğu zaman hərbi xidmətinin bitməsinə 10 gün qalmışdı. Şəhid əsgər Devid Cəlilovun nəşi doğulduğu Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Devid Cəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı