Modern.az

Yeni dərs ilində ali məktəblər mühafizəni necə təşkil ediblər?

Yeni dərs ilində ali məktəblər mühafizəni necə təşkil ediblər?

Ölkə

6 Oktyabr 2010, 11:02


Keçən il aprelin 30-da Dövlət Neft Akademiyasında törədilən terrordan sonra ali məktəblərin mühafizəsinin gücləndirilməsi məsələsi aktuallaşdı, bununla bağlı əlavə tədbirlər görüldü. Həmin hadisədən  bir il 5 ay ötür, artıq yeni dərs ili başlayıb. Universitetlərdə mühafizə ilə bağlı indi vəziyyət necədir, ali məktəblərin təhlükəsizliyini kim qoruyur, Neft Akademiyasındakı hadisə unudulmayıb?
Modern.az-ın əməkdaşı bu suala cavab almaq üçün müxtəlif ali məktəblərlə əlaqə saxlayıb.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev: ”Dövlət Neft Akademiyasında törədilən terror hadisəsindən sonra biz xüsüsi mühafizə firması ilə müqavilə bağlamışıq. İndi bizim universitetin təhlükəsizlik işlərinə baxanlar hərbi rejimdə təlim keçmiş idmançılardır. Universitetin hər iki giriş qapısında xüsusi hazırlıq keçmiş mühafizəçilər durur. Burada tələbələr tələbə biletsiz, işçilər vəsiqəsiz içəri buraxılmır. Kənar adam gələrsə, ondan kimin yanına gəldiyi öyrənilir, bundan sonra  həmin adama zəng vurulur, icazə alındıqdan sonra içəri buraxılır. Bizdə kənar adamların icazəsiz içəri keçməsi mümükün deyil”.

Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyev:  “Universitetimizin bütün ətrafı kameralarla izlənilir. Həm də hər bir korpusun giriş qapılarını polis qoruyur.  Universitetin təhlükəsizliyi dövlət tərəfindən yüksək səviyyədə təmin olunub. Qoruyuculara böyük maaş verilir. Hər bir korpusun qabağında polis var. Universitetə tələbə sənədlə buraxılır, bəzən elə tələbə olur ki, tələbə biletini evdə qoyur. Mühafizəçilər onu üzdən tanısalar da içəri buraxmırlar. Bu, artıq neçə ildir bizdə qayda halını alıb. Azərbaycan Dövlət Neft Akademiyasındakı  terror hadisəsindən sonra bu məsələyə diqqət bir az da gücləndirilib. Universitetimizə kənar adam buraxılmır. Bu, ancaq icazə ilə mümkündür”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat xidmətinin rəhbəri İntiqam Mehdizadə: ”Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsindən təxminən bir ay sonra Mədəniyyət və İncəsənət Universitetin giriş qapısında polis postu yaradıldı. Bu polis nəfəri rayon polis şöbəsindən göndərilib. Saat 17.00-da,  dərslər qurtarandan sonra o polis nəfəri qapıları bağlıyıb gedir. Hətta saat 9.00-dan sonra tələbələri də içəri buraxmır. Ona göstəriş verilib, əgər rəhbərlik icazə verməsə, onlar içəri buraxılmır. Ancaq işçilər buraxılır, tələbələr isə ikinci dərsə buraxılır. Digər universitetlərdən fərqli olaraq bizim ali məktəbdə polis tələbəni üzdən tanıyırsa, içəri daxil olmasına icazə verilir, əgər onu üzdən tanımırsa onu saxlıyır.
İ.Mehdizadə onu da bildirib ki, polis tələbələrin hamısını üzdən tanıyır: “Kənar adam universitetə kiminsə yanına gələndə polis telefonla əlaqə saxlıyır, sonra içəri buraxır, bəzən də həmin adamın özü düşür aşağı.  Universitetimizdə təhlükəsizlik kameraları quraşdırılıb. Ancaq buna rektorun otağından nəzarət olunur. Universitetin butun dəhlizlərində təhlükəsizlik kameraları var”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova: ”Bizim özümüzü də içəri girəndə yoxlayırlar, əməkdaşların vəsiqələri evdə qalanda içəri daxil olmaqlarında belə problem yaranır. BDU-nun təklükəsizlik xidməti çox yüksək səviyyədə qurulub. Hər bir korpusun giriş qapısında 2-3 nəfər mühafizəçi durur. Onlar tələbələrin vəsiqələrini yoxlamamış içəri buraxmırlar. Bəzən elə tələbə olur tələbə biletini evdə qoyur, onları içəri buraxmırlar və bu haqda fakültə dekanlığına zəng vurulur. Ondan soruşulur, sizin bu adda tələbəniz varmı? BDU-nun təhlükəsizliyi dövlət tərəfindən qorunmur. Təhlükəsizlik universitetin özünün tərkibində yaranan bir quruma həvalə olunub. Universitetə kənar adam gələndə onun  şəxsiyyət vəsiqəsi alınır, polis tərəfindən qeydiyyat dəftərində qeyd olunur, ondan sonra içəri buraxılır”.

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının (ADİA) tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev: “Akademiyanın giriş qapısında təhlükəsizliyi təmin edən polis var, qeydiyyatı olan adamı içəri buraxırlar. Təhlükəsizliyi qoruyan universitetin ştatlı işçiləridir. Tələbə sənədini yadından çıxarıb evdə qoyursa,  o, binaya daxil olmaq üçün dekanlıqdan müəllim çağırılır, icazə verildikdən sonra həmin tələbə içəri keçir”.
 Ə.Abdullayev onu da bildirib ki, onların cəmi min nəfər kontingenti var: “Kənar şəxs universitetə kiminsə yanına gəlmək istəsə, əvvəlcə qeydiyyatdan keçməlidir, məlum olmalıdır ki, kimdir, kimin yanına gəlib, niyə gəlib və s. Universitetimizdə nəzarət kameraları yoxdur. Əgər zərurət yaranarsa, onu quraşdırarıq. Hələ ki işdətdiyimiz bu qayda özünu doğruldur”.

Qafqaz Universitetin inzibati işlər idarəsinin müdiri, elmlər namizədi Natiq Paşa: “Universitetin özünün təhlükəsizlik sistemi var, kameralar quraşdırılıb. Abşeron rayon mühafizə şöbəsi ilə müqaviləmiz var. Universitetin binasında siqnalizasiya quraşdırılıb, ona polis nəzarət edir. Giriş qapılarında kompüterlər quraşdırılıb. Tələbələr kompüterin onların vəsiqələrini tanıyacağı təqdirdə içəri buraxılır. Kənar adamı bizdə içəri buraxmırlar. Kiminləsə işi olan şəxs bura gəldikdə onunla ancaq universitetin həyətində görüşülür. Kiminsə içəri keçmək zərurəti olursa, qeydiyyat dəftərinə onun kimliyi qeyd olunur, içəri buraxılanda giriş kartı verilir, çıxanda da kartı təhvil alırlar. Qafqaz Universitetinin binasına çöl tərəfdən də təhlükəsizlik kameraları quraşdırılıb, binanın içərisində giriş qapılarında da təhlükəsizlik kameraları işləyir”.

Bakı Avrasiya Universitetinin prorektoru Oruc İsgəndərov: ”Bizim universitetin dörd mühafizəçisi var. Mühafizəçilər özümüzün işçilərimizdir. Bizim üniversitetimiz 600-700 kontingenti olan balaca bir təhsil müəssisəsidir. Ona gördə də buna 4 nəfər mühafizəçi kifayət edir. Tələbənin tələbə bileti üstündə olmayanda mühafizəçi tərəfindən dekanlıqdan müəllim çağırılır. Bizim elə çox tələbəmiz yoxdur. Ona görə də tələbələrin hamısını üzdən tanıyırıq və hətta adını, soyadını belə bilirik. Ancaq Bakı Avrasiya Universitetində təhlükəsizlik kameraları quraşdırılmayıb”.

Mail AĞAXANOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı