“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında” imzalanmış Sazişə uyğun olaraq artıq bir neçə gündür ki, Makedoniya Respublikasının gömrük mütəxəssisləri ölkəmizdə səfərdədirlər.
DGK-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Makedoniya Gömrük İdarəsinin kinoloqları Koke Koneski, Saşo Peşev və Saşo Velkovski Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində yerli kinoloqlarımızın təcrübəsindən yararlanmaq məqsədilə təlim kursları keçirlər. Bir ay davam edəcək təlim kurslarında makedoniyalı kinoloqlar xidməti itlərdən narkotik vasitələrin, silah-sursatın axtarışında daha da səmərəli istifadə etməyi öyrənəcək, eyni zamanda gündəlik iki saat müddətində tədris materiallarının köməyi ilə nəzəri təcrübədən yararlanacaqlar. Öz xidməti itləri ilə təlim kurslarına qatılan makedoniyalı kinoloqlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin üstün imkanlarından razılıqlarıni ifadə etmiş, beynəlxalq standartlar səviyyəsində inşa edilən bu müasir təlim ocağında keçirilən kursların qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradacağına əminliklərini ifadə etmişlər. Təlim kurslarının sonunda qonaqların gətirdikləri itlərə xüsusi sertifikatlar veriləcək, eləcə də Makedoniya Gömrük İdarəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təlim keçmiş iki baş it hədiyyə ediləcək.
Xatırladaq ki, Azərbaycan Gömrük Xidməti tərəfindən Bolqarıstan, Moldova, Rumıniya, Türkiyə, Gürcüstan gömrük xidmətlərinə də təlim keçmiş itlər hədiyyə olaraq verilib.
Modern.az