Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən sorğuya cavab olaraq bildirilib.
Qeyd olunub ki, sentyabrın 22-də saat 01:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən iki nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Məlumata görə, müxtəlif yanıq xəsarətləri alan şəxslərin müalicəsi hazırda Yanıq Mərkəzində davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
08:20
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Rəhimov Soltan Əflatun oğlu və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məmmədova Məhrəngiz Seymur qızı xəsarət alıblar.
İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib.
07:56
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.