“Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddətinin 2 il müəyyən edilməsi təklif olunur. Hazırda bu müddət 5 ildir.
Modern.az xəbər verir ki, dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələr üzrə müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Test imtahanları rübdə ən azı bir dəfə təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslərə 2 il müddətində qüvvədə olacaq sertifikat veriləcək.
Sertifikatı qüvvədə olan şəxs onun qüvvədəolma müddətinin hər ili ərzində beş vəzifə üzrə müsahibəyə ödənişsiz qeydiyyatdan keçə biləcək. Beşdən artıq vəzifə üzrə müsahibədə iştirak ödənişli olacaq.
Müsabiqədə ilk dəfə iştirak edənlərin, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailəsi üzvlərinin test imtahanı üçün ödənişi dövlət büdcəsi hesabına qarşılanacaq.
Məcəllə qüvvəyə minənədək verilmiş və etibarlılıq müddəti bitməmiş sertifikatlar isə öz müddətinin sonunadək keçərli olacaq. Həmin sertifikatların sahibləri müsahibələrdə iştirak hüququnu saxlayacaqlar.