Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün mövcud pensiya güzəştləri yeni pensiya mexanizmində də saxlanılacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, bu məqsədlə layihəyə şərti pensiya kapitalı mexanizmi daxil edilib. Hərbi qulluqçulara əmək pensiyası təyin olunarkən həmin kapital da nəzərə alınacaq.
Komitə sədri əlavə edib ki, layihə qəbul olunarsa, hərbçinin tərxis edildiyi günə təminat xərcliyi barədə xidmət etdiyi qurumdan ayrıca məlumat təqdim edilməsinə ehtiyac qalmayacaq.
“Aylıq pensiya əlavəsinin məbləği hər rütbələr üzrə müəyyən olunacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında qeyri-bərabərlik ortadan qalxacaq. Mövcud qanunvericiliyə uyğun olaraq ordumuzun hərbi qulluqçularının pensiya təminatında xüsusi güzəştlər müəyyən edilib və bu yanaşma aparılan islahat çərçivəsində də qorunub saxlanılıb. Bu məqsədlə layihədə şərti pensiya kapitalı mexanizmi öz əksini tapıb. Yeni mexanizm sözügedən hərbi qulluqçuların pensiya kapitallarını optimallaşdırmağa və onlara əmək pensiyasının məhz bu şərti pensiya kapitalı nəzərə alınmaqla daha səmərəli şəkildə təyin edilməsinə imkan verəcək”, - deyə komitə sədri vurğulayıb.