Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusuna aşağıdakılar qadağan olunacaq:
- əmək qanunvericiliyində nəzərdə tutulan müvəqqəti əvəzetmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla, əlavə ödənişli, seçkili və ya təyinatlı vəzifə tutmaq;
- qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmaq;
- dövlət orqanlarının, qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmaq;
- dövlət orqanının rəhbərinin icazəsi olmadan beynəlxalq təşkilatın, xarici dövlətin, xarici fiziki və ya hüquqi şəxsin vəsaiti hesabına xaricə getmək;
- qulluq vaxtı siyasi partiyaların fəaliyyətində iştirak etmək;
- dövlət qulluqçusu statusundan dini təbliğat üçün istifadə etmək və dövlət orqanlarının strukturuna daxil olan qurumlarda dini mərasimlərə rəsmi xarakter vermək;
- tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.