Modern.az

Vergi cinayətlərinə görə axtarılan 13 nəfər tutulub, yoxlamalardan yayınan 245 nəfər tapılıb

Vergi cinayətlərinə görə axtarılan 13 nəfər tutulub, yoxlamalardan yayınan 245 nəfər tapılıb

Ölkə

11 Oktyabr 2010, 12:59

2010-cu ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 241 cinayət işi başlanıb və 73 iş üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 22 iş, qanunsuz sahibkarlığa görə 5 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş olmaqla cəmi 35 nəfər barəsində 33 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Modern.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindəb bildirilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 28 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə vurulmuş ziyandan 2,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 13 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 111 şəxsin məcburi qaydada gətirilməsi, 180 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından yayınan 245 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı