Futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə turniri çərçivəsində A qrupunda Azərbaycan milli komandasının Bakıda Türkiyə yığmasına qalib gəlməsi qardaş ölkədə şok yaradıb.
1-0 hesabı ilə nəticələnən matçdan bir gün keçsə də Türkiyədə həm azarkeşlər, həm də aparıcı kütləvi informasiya vasitələri hələ də məğlubiyyəti həzm edə bilmirlər.
Ötən həftə Almaniya yığmasına 0-3 hesabı ilə məğlub olan Türkiyə milli komandasına Bakıdan 3 xalla qayıtmaq hava-su kimi lazım idi.
Türkiyədə bir çoxları milli komandanın bu vəzifənin öhdəsindən asanlıqla gələcəyinə şübhə etmirdilər.
Hətta Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqsun matçda sürpriz ola biləcəyi haqqında bəyanatı Türkiyədə bəzi icmalçılar tərəfindən gülüşlə qarşılanmışdı.
Hakimin final fitinin Türkiyə milli komandasının 0-1 hesabı ilə məğlubiyyətini rəsmiləşdirməsi isə ölkədə əsl şok effekti yaratdı.
Bir sözlə, türkiyəli futbolsevərlər çaş-baş qalıblar. Modern.az oyundan sonra Türkiyə mətbuatında dərc olunan yazılardan seçmələri təqdim edir.
“Yaziyoor” xəbər portalının “Emre Belözoğlundan şok açıklama” başlıqlı yazısında ünlü futbolçu məğlubiyyəti özündə və dostlarında gördüyünü bildidb, bütün Türkiyə xalqından üzr istəyib. Sonra da milli komandanı tərk edəcəyini deyib.
“Habertürk” online qəzetinin “Tarih yazdık” başlıqlı yazısında Türkiyə yığması kimi güclü komandanın Azərbaycan millisi kimi zəif ölkəyə məğlub olmaqla “tarix yazdığıı” vurğulanıb.
“Fotomaç” qəzeti manşetə “Utanc, nereye gidiyoruz?” başlığı altında yazı verib. Yazıda “Azərbaycan önündə ən pis Türk milli komandasını utanaraq, ağlayaraq, əsəb keçirərək izlədik” deyə qeyd edilib. Həmçinin qəzet Azərbaycanın dünya 3-cüsü Türkiyəyə futbol dərsi verdiyini vurğulayıb.
“Türkiyenin qazetesi”nin “Azerbaycana ilk kez yenildik” başlıqlı yazısında dərin bir üzgünlük var.
“Hürriyyet” qəzetinin “Baküde hüsran” adlı yazısında da Türkiyənin biabrçı məğlbiyyətindən bəhs olunub, bunun səbəbi baş məşqçi Quus Hiddinkdə görülüb.
“Milliyyet” qəzeti oyunu “Komedi dükkanı!” adlandırıb. Qəzet Azərbaycanı “Futbolun iməkliyən ölkəsi” adlandıraraq, Türkiyənin belə bir ölkəyə yenilməsinin utandırıcı olduğunu vurğulayıb.
“Vatan” qəzeti “Ne taktiği beyler!” başlıqlı yazıyla Hiddinkin həmişə tərəfini saxladığı oyunçuları danlayıb. Qəzet yazıda ikinci yarıya girən oyunçulara Hiddinkin “hamınız mənə baxıb nə deyəcəyimi gözləyirsiniz..? Stadiona çıxın və qürurunuzu qurtarın. Rəqibiniz Azərbaycan, bəlkə də sizin qazandığınızın 30-da birini qazanmayıb. Stadiona çıxın və bu işi bitirin” sözlərini yayımlayıb.
“Zaman” qəzeti də biabrçı oyundan sonra kapitan Əmrənin milli komandanı terk edəcəyini bildirib.
“Tribun dergisi” hazırda Türkiyənin “Eskişehirspor” klubunda çıxış edən və oyunun yeganə qolunun müəllifi Rəşad Sadıqova gələn tərif məktubların yayımlamağı, Türkiyənin utandırıcı məğlubiyyətini verməkdən üstün bilib.
Hazırladı: Vüqar Ağamalıoğlu