Azərbaycanın Milli Ordusunun 42 gün əvbvəl döyüş bölgəsində həlak olan zabitləri- 34 yaşlı kapitan Əhməd Abdullayev və 24 yaşlı baş leytenant Fərid Əhmədova bu günə qədər şəhid statusu verilməyib.
Qeyd edək ki, srağagün hər iki şəhidin 40 mərasimi olub və orada yüzlərlə insan iştirak edib.
Modern.az-ın məlumatına görə, yas mərasimində bu vaxta qədər hər iki hərbçiyə şəhid statusunun veriləməməsindən narahatlıq ifadə olunub.
Cəlilabadın axundu Hacı Malik bildirib ki, hər iki zabitə şəhid statusu verilməlidir: «Yəqin ki, hökumətimiz tezliklə bunu nəzərə alacaq».
Milli Ordumuzun zabiti kapitan Əhməd Abdullayev şəhid olandan sonra Cəlilabadda dəfn edilsə də, baş leytenant Fərid Əhmədovun cəsədi hələ də düşmənin əlindədir. Fərid ailənin yeganə oğlu olub. Onun 40 mərasimindən 3 gün əvvəl atası vəfat edib.
Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın 4-də baş verən şiddətli döyüşdə şəhid olub.
Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb. Ermənilər meytiti qaytarmaqdan imtina edirlər.
Modern.az