Modern.az

Zəngəzur dəhlizi, günəş enerjisi, turizm – Cəbrayılın yeni imkanları

Zəngəzur dəhlizi, günəş enerjisi, turizm – Cəbrayılın yeni imkanları

Ölkə

Bu gün, 16:30

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri fonunda Cəbrayıl və Qubadlı rayonlarının iqtisadi potensialının üzə çıxarılması, yeni iş yerlərinin yaradılması və yerli imkanlardan səmərəli istifadə məsələləri aktuallaşır. Bölgənin coğrafi mövqeyi, həyata keçirilən infrastruktur layihələri və yaradılan iqtisadi zonalar gələcək inkişaf üçün yeni perspektivlər açır.

Bəs Cəbrayıl və Qubadlı tarixən hansı sahələrlə tanınıb, gələcəkdə Azərbaycanın hansı iqtisadi istiqamətlər üzrə mühüm mərkəzlərinə çevrilə bilər?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bölgənin ənənəvi təsərrüfat sahələrindən və gələcək inkişaf imkanlarından danışıb.

Deputatın sözlərinə görə, Cəbrayıl və Qubadlı tarixən əkinçilik, heyvandarlıq və xalçaçılıq ənənələri ilə seçilib. Bu sahələr bölgə əhalisinin həyatında mühüm yer tutub.

1554062

“Bilmək lazımdır ki, ümumiyyətlə, Cəbrayıl və Qubadlı, yəni Qarabağın bu hissəsi həmişə əkinçilik və heyvandarlıqla məşğul olub. Tarixə nəzər saldıqda bu ərazilərdə maldarlığın, heyvandarlığın və əkinçiliyin inkişaf etdiyini görürük. Eyni zamanda, bu bölgədə xalçaçılıq da mövcud olub. Demək olar ki, elə bir ev yox idi ki, orada hansısa xalça toxunmasın, xalça və kilimlərdən istifadə olunmasın. Bu da bizim zəngin tariximizi və mənəviyyatımızı göstərir”, – deyə deputat qeyd edib.

Ceyhun Məmmədovun fikrincə, ənənəvi kənd təsərrüfatı sahələri bölgənin gələcək iqtisadi inkişafında da əhəmiyyətini qoruyacaq. Hazırda Cəbrayılda əkinçilik və heyvandarlığın inkişafı istiqamətində işlər görülür.

Rayonun digər üstünlüyü strateji coğrafi mövqeyi ilə bağlıdır. Zəngəzur dəhlizi marşrutu üzərində yerləşməsi Cəbrayılın nəqliyyat və logistika imkanlarını genişləndirə, iqtisadi əlaqələrin inkişafına şərait yarada bilər. Bu mövqe turizm sahəsinin inkişafı üçün də əlavə imkanlar yaradır.

“Bu gün Cəbrayıl Zəngəzur dəhlizinin üzərində yerləşdiyi üçün həmin marşrutun əsas istiqamətlərindən biridir. Bu da Cəbrayıla imkan verəcək ki, turizm potensialı inkişaf etsin, bölgədə turizm güclənsin və bu sahədə uğurlara nail olunsun. Hesab edirəm ki, bu, bizə əlavə imkanlar, stimul və şərait yaradacaq. Bu barədə də düşünməliyik”, – deyə millət vəkili vurğulayıb.

Cəbrayılın inkişaf perspektivləri enerji və sənaye sahələri ilə də əlaqəlidir. Rayonda günəş elektrik stansiyasının inşası bərpa olunan enerji istehsalının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Araz İqtisadi Zonası və digər iqtisadi zonalar isə istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.

Beləliklə, Cəbrayıl və Qubadlının gələcək iqtisadi inkişafında kənd təsərrüfatı ilə yanaşı, nəqliyyat-logistika, bərpa olunan enerji, turizm və sənaye istiqamətləri də mühüm rol oynaya bilər.

Sizə yeni x var
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər