Modern.az

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Mina qurbanlarına xüsusi status və yardım verilə bilər

Ölkə

Bu gün, 15:29

Milli Məclisin mina qurbanlarının övladlarının dövlət təhsil müəssisələrində ödənişsiz təhsil alması ilə bağlı qəbul etdiyi qərar bu istiqamətdə atılan mühüm addımlardan biridir. Mina qurbanlarının ailələrinin sosial müdafiəsi və onlara dəstək göstərilməsi cəmiyyət üçün həssas və daim diqqət mərkəzində olan məsələlərdəndir.

Mövzu ilə bağlı Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov və deputat Elman Məmmədov danışıb.

Azər Badamov bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya aldığı xəsarətlərdən sonradan vəfat edən minatəmizləyicilərin övladlarının 23 yaşınadək təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödənilir.

Deputat bu addımı mühüm hesab etsə də, dövlət dəstəyinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, həlak olan minatəmizləyicilərin ailələrinin sosial təminatı gücləndirilməli, övladları üçün təhsil güzəştləri və təqaüdlər genişləndirilməli, xəsarət alan şəxslərin tibbi və psixoloji reabilitasiyası təmin olunmalı, əlilliyi olan minatəmizləyicilərin məşğulluğuna dəstək göstərilməlidir. Azər Badamov qeyd edib ki, minatəmizləyənlər hər gün həyatlarını riskə ataraq insanların təhlükəsizliyinin təmin olunmasına, torpaqlarımızın dirçəldilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına xidmət edirlər.

Deputat Elman Məmmədov isə bildirib ki, mina hadisələri nəticəsində zərər çəkənlər yalnız ANAMA əməkdaşları deyil, mülki vətəndaşlar da bu təhlükə ilə üzləşirlər. O, mina partlayışı nəticəsində həlak olanlara xüsusi status verilməsinin, onların ailələrinə güzəştlərin tətbiq olunmasının tərəfdarı olduğunu deyib. Deputatın sözlərinə görə, ərazilərin minalanması və mina xəritələrinin düzgün təqdim edilməməsi həm minatəmizləmə işçilərini, həm də mülki əhalini təhlükə qarşısında qoyur. Elman Məmmədovun qeyd etdiyinə görə, 44 günlük Vətən müharibəsindən sonra 400 nəfərdən çox şəxs minadan zərər görüb, həyatını itirib və ya əlil olub. O hesab edir ki, bu şəxslərə və onların ailələrinə xüsusi status verilməli, dövlət tərəfindən müəyyən yardımlar təyin olunmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir