
Milli Məclisə keçirilən seçkilər siyasi gərginliklə yanaşı, maraqlı situasiyalarla da diqqəti çəkib. Modern.az xəbər verir ki, bu ilki parlament seçkilərində bir ailədən 3 qardaş seçki marafonuna qatılıb və DSK-larda namizəd kimi qeydə alınıb. Onlardan biri deputat, biri ictimai fəal, digəri isə işsizdir.
İlk olaraq marafona böyük qardaş qatılıb. 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə “AXCP-Müsavat” blokunun vahid namizədi, millət vəkili Arzu Səmədbəyli yenidən deputatlığa iddialıdır. Arzu bəyi xüsusi təqdim eləməyə ehtiyac yoxdur. Demokratik hərəkatın fəalllarından olan A.Səmədbəyli həm də bir dəfə, 2005-ci ildə seçkilərdə Milli Məclisə seçilib. Millət vəkili olan A. Səmədbəyli həm də Müsavat başqanının müavinidir. O, bu dəfə Milli Mclisin sədri Oktay Əsədovla üz-üzə gələcək.
İkinci qardaş da ictimaiyyətə az-çox tanışdır. Bu 35 saylı Xətai üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Aqil Səmədbəylidi. “AXCP-Müsavat” blokunun dəstəklədiyi Aqil bəy ictimai kəsimdə ən çox Əbülfəz Elçibəyin kürəkəni və BAB fəalı kimi tanınır.
Kiçik qardaş Pərviz Səmədovun namizədliyi isə 19 saylı Nərimanov birinci seçki dairəsindən qeydə alınıb. Pərviz digər qardaşları kimi populyar olmasa da, bir sıra gənclər təşkilatının üzvü olub. Bitərəf kimi seçkilərə qatılan üçüncü qardaş bu dairədə YAP-ın icra katibi Əli Əhmədovla üz-üzə gəlib. İşsiz olan namizəd Türkiyədə ali məktəbi bitirib.
Modern.az