Modern.az

Dünən erkən evliliyi müdafiə edənlər bu gün "təhsil hüququ" tələb edir

Dünən erkən evliliyi müdafiə edənlər bu gün "təhsil hüququ" tələb edir

Ölkə

Bu gün, 17:51

Məktəblərdə vahid geyim qaydaları ətrafında müzakirələrdə əsas məqam arxa plana keçirilir, söhbət məktəbli formasından gedir. Buna baxmayaraq, məsələni “hicab qadağası” kimi təqdim etmək məktəb qaydası ilə bağlı mübahisəni dini qarşıdurma istiqamətinə yönəldir.

Vahid məktəbli geyimi ümumi qaydanın və bərabər məktəb mühitinin təmin olunmasına xidmət edir. Onun tətbiqi zamanı yaranan çətinlikləri müzakirə etmək, həll yolları axtarmaq mümkündür. Lakin məktəbli formasına dair tələbi dinə qarşı siyasət kimi təqdim etmək uşağın təhsil məsələsindən uzaqlaşır, dini həssaslıq üzərindən ictimai gərginlik yaradır.

Bu müzakirələrdə təhsil hüququnu önə çəkən bəzi şəxslərin erkən evliliyə münasibəti də nəzərdən qaçmamalıdır. Qızının məktəbi bitirməsini vacib saymayan, onun erkən yaşda ailə qurmasını məqbul hesab edən valideynin bu gün təhsil hüququ tələb etməsi ciddi ziddiyyətdir. Dünən qızın gələcəyi evlilik planına tabe edilirdisə, bu gün onun oxumasının əsas prinsip kimi təqdim olunması isə izah tələb edir.

Erkən evlilik və qohum nikahlarına məhdudiyyətlər ətrafındakı müzakirələrdə də dini əsaslandırmalara müraciət olunurdu. Qohum evliliyinə qadağaya etiraz edənlər “əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib” kimi ifadələr səsləndirirdilər. Erkən evlilik isə zaman-zaman dinin buna icazə verməsi arqumenti ilə müdafiə edilirdi. Bu yanaşmalar uşağın təhsilindən və gələcək imkanlarından çox böyüklərin qəbul etdiyi evlilik qərarını önə çıxarırdı.

Bu iki məsələnin mahiyyəti fərqlidir. Erkən evliliyə qarşı tədbirlər uşağın yetkinləşmədən ailə məsuliyyəti altına salınmasının qarşısını almağa yönəlir. Qohum nikahlarına məhdudiyyətlər isə gələcək nəsillərin sağlamlığının qorunması məqsədi daşıyır. Hər iki halda ailənin istəyi ilə uşağın və gələcək nəslin maraqları arasında hüquqi sərhəd qoyulur.

Azərbaycanda 2025-ci il iyulun 1-dən nikah yaşını bir il azaltmağa imkan verən istisna ləğv edilib, qohum nikahlarına qadağanın əhatəsi genişləndirilib. Yetkinlik yaşına çatmayanlara dini kəbin kəsilməsinə və erkən evlilik mərasimlərinin keçirilməsinə görə məsuliyyət müəyyən olunub.

Erkən evliliyə qarşı bu tədbirlər göstərdi ki, dövlət uşağın gələcəyini onu məktəbdən ayırıb evləndirməyə hazır olan valideyndən daha çox qoruyan mövqe tutur. Belə də olmalıdır. Uşaqlar ölkənin gələcəyidir. Onların təhsili, sağlamlığı və müstəqil həyat qurmaq imkanları valideynin evlilik planlarına qurban verilə bilməz. Dövlətin vəzifəsi uşağı ailədə də hüquqsuz qoymamaq, onun böyüməsi və yetkin yaşda sərbəst qərar verməsi üçün müdafiə yaratmaqdır.

Məhz buna görə erkən evliliyi müdafiə edən şəxsin vahid geyim məsələsində birdən-birə təhsil hüququnun müdafiəçisi kimi çıxış etməsi inandırıcı görünmür. Təhsil onun üçün həqiqətən vacibdirsə, qızının məktəbi başa vurmasına, peşə qazanmasına, işləməsinə və evlilik qərarını özü verməsinə də dəstək göstərməlidir. Təhsil hüququna münasibət məktəb qarşısında səsləndirilən şüarla deyil, ailədə verilən qərarla ölçülür.

Qızın təhsilini evlilik naminə yarımçıq qoymağa hazır olan valideynin geyim mübahisəsində onun hüquqlarını əsas gətirməsi seçici yanaşmadır. Uşağın adından danışılır, amma özünün nə istədiyi yenə ikinci plana keçir. Dünən evlilik planına, bu gün isə etirazın tələbinə uyğun davranması gözlənilir.

Vahid geyim qaydasını “hicab qadağası” kimi təqdim edən kampaniyanın siyasi tərəfi də burada ortaya çıxır. Məqsəd uşağın dərsə davam etməsini təmin etməkdirsə, müzakirə həllə yönəlməlidir. Mövzu dövlətlə dindarlar arasında qarşıdurmaya çevrilirsə, təhsil hüququ etirazı genişləndirmək üçün vasitəyə çevrilir. Belə davranış məktəbdə ümumi qaydanın tətbiqinə müqavimət göstərir və ictimai asayiş üçün gərginlik riski yaradır.

Bu cür etirazların bir mərkəzdən idarə olunması ayrıca araşdırılmalı məsələdir. Ortaq şüarlar və oxşar çağırışlar koordinasiya ehtimalını gündəmə gətirir. Eyni qayda İranın mümkün təsiri barədə iddialara da aiddir. Dini narazılığın siyasi təzyiqə çevrilməsi xarici təsir üçün imkan yarada bilər.

Dini tələblərin məcburi idarəçilik qaydalarına çevrildiyi ölkələrdə qadınların vəziyyəti isə bu müzakirə üçün mühüm müqayisədir. İranda məcburi hicab qaydaları qadının geyim seçimini dövlət nəzarətinə tabe edir. BMT-nin araşdırma missiyası 2025-ci ildə həmin qaydalara əməl etməyən qadınlara qarşı təqibin və elektron izləmənin gücləndiyini bildirib.

Talibanın idarə etdiyi Əfqanıstanda məhdudiyyətlər daha ağırdır. Qızların orta təhsilə, qadınların universitetlərə çıxışı qadağan edilib, işləmək və ictimai həyatda iştirak imkanları ciddi şəkildə daraldılıb. UNICEF-in 2026-cı il məlumatına görə, 2021-ci ildən bəri 2,6 milyondan çox qız orta təhsildən məhrum qalıb. Dini əsaslandırılan bu qadağalar bütöv bir nəslin gələcəyini məhdudlaşdırır.

Azərbaycanda da məsələ bu meyarla qiymətləndirilməlidir. Vahid geyim qaydası ilə bağlı mübahisənin uşağın dərslərdən uzaq qalmasına çevrilməməsivalideyn həll axtarmalı, bərabərliyi qəbul etməlidir. Uşağın gələcəyi isə qarşıdurmanın girovu ola bilməz.

Dünən erkən evliliyi müdafiə edənlərin bugünkü təhsil tələbinin inandırıcı olması üçün ailədəki münasibət də dəyişməlidir. Qızın əlində dərslik qalmalı, məktəbi bitirmək və öz gələcəyini qurmaq imkanı qorunmalıdır. Təhsil hüququnu müdafiə etmək məhz bu məsuliyyəti üzərinə götürməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!