Azərbaycanlı həmkarı Elmira Süleymanovaya göndərdiyi məktubda o, məsələnin həlli üçün səlahiyyətləri daxilində əməkdaşlıq etməyə hazır olduğunu yazıb
Ermənistan Ombudsmanı Armen Arutunyan azərbaycanlı həmkarı Elmira Süleymanovaya və qondarma “DQR-in ombudsmanı” Yuri Ayrapetyana məktub göndərib. Məktubda deyilir ki, Azərbaycan və Qarabağ tərəfi cəsədləri qaytarmaq üçün zəruri addımaları atmalıdır.
Ombudsman məktubda qondarma “DQR -hakimiyyətinə” müraciət edərək onları həlak olmuş azərbaycanlı əsgərlər Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədlərini qaytarmağa çağırıb. Bununla yanaşı o, rəsmi İrəvanı Manvel Saribekyanın meytinin qaytarılması üçün bütün tədbirlərin görülməsinə çağırıb. Ombudsman məktubunda qeyd edib ki, o, bu məsələnin həlli üçün səlahiyyətləri daxilində əməkdaşlıq etməyə hazırdır.
Əsirlikdəki şəhidlərimiz:
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər.
Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın 4-də baş verən şiddətli döyüşdə şəhid olub.
Modern.az