Təhsildə və əmək bazarında gender bərabərliyi həm sosial ədalət, həm də iqtisadi inkişaf baxımından müasir dövrün ən vacib çağırışlarından biridir. Statistikalar və reallıq göstərir ki, sahələrarası qeyri-bərabər bölgü həm fərdlərin potensialından tam istifadə olunmasına mane olur, həm də bütövlükdə cəmiyyətin tərəqqisini ləngidir.
Xüsusilə İT sahəsinin gələcəyin iqtisadiyyatını formalaşdırdığı bir dövrdə burada qadınların az təmsil olunması ciddi narahatlıq doğurur.
Mövzuyla bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlama verib. O qeyd edib ki, təhsil sistemində və əmək bazarında gender balansının pozulması sadəcə kağız üzərindəki rəqəmlərdən ibarət rəsmiyyət deyil, bütövlükdə insan kapitalımızın səmərəli idarə olunmasına mane olan ciddi bir struktur məsələsidir.
"Məktəb illərindən başlayaraq qızların humanitar fənlərə, oğlanların daha çox dəqiq elmlərə yönləndirilməsi stereotipi bizim gələcək peşə bölgümüzü əvvəlcədən dizayn eləyir və bu tendensiya ali təhsilə ordan da birbaşa əmək bazarına sirayət edir.
Xüsusilə də, IT sektoru kimi gələcək yönümlü, yüksək əlavə dəyər yaradan və rəqəmsal transformasiya mərkəzində dayanan sahələrdə qadın təmsilçiliyinin az olması gələcəkdə iqtisadi bərabərsizliyin daha da dərinləşməsinə yol aça bilər. Çünki sabahın iqtisadiyyatı məhz rəqəmsal bacarıqlar, texnologiya və süni intellekt üzərində qurulacaqsa, əhalinin yarısının bu prosesdən kənarda qalması və yaxud da azlıq təşkil etməsi həm fərdi inkişaf, həm də ümumi iqtisadi artım üçün böyük itkidir.
Bu bərabərsizlik fəsadları yalnız işsizlik və ya qazanc fərqi ilə məhdudlaşmır, həm də cəmiyyətin intelektual potensialının tam gücü ilə istifadə edə bilməməsinə, innovasiya mühitinin daralmasına və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Çünki istedadın cinsiyyəti olmur.
Vəziyyəti dəyişmək və ya balanssızlığın qarşısını almaq üçün ilk növbədə məktəb aqrarından və erkən karyeradan başlamalıyıq ki, uşaqlara bu peşələrin cinsiyyətə görə qadın və yaxud da kişi olaraq bölünmədiyini aşılayaq".
Ekspert qarşısını alma yollarından da danışıb.
"Qızların STEM layihələrinə, elm, texnologiya, mühəndislik, riyaziyyata marağını artıracaq, təşviqedici proqramlar, təqaüdlər, layihələr həyata keçirmək lazımdır. Eyni zamanda işəgötürənlər səviyyəsində də dəyişiklik edilməlidir. IT və innovasiya şirkətlərində qadınların karyera qurması üçün əlverişli mühit yaradılmalıdır. Cəmiyyətdə mövcud olan o köhnəlmiş stereotiplər artıq maarifləndirmə kampaniyaları vasitəsilə qırılmalıdır. Çünki güclü və rəqabətə davamlı iqtisadiyyat qurmaq istəyiriksə, insan resurslarımızı cinsinə görə yox, məhz bacarıq və ya potensialına görə dəyərləndirməyi öyrənməliyik".