Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların əhəmiyyətli atəşkəslə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir. Ukraynada müharibənin dayandırılması ilə bağlı pərdəarxası danışıqlarda iştirak edən iki mənbə bu məsələdə ciddi şübhələrini ifadə edib.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Mənbələrin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sərt qışda Ukraynanın enerji infrastrukturuna zərbələr endirməklə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Digər mənbə bildirib ki, Rusiya prezidenti hava zərbələrini Ukrayna pilotsuz uçuş aparatlarının bu yay Rusiyanın ərazisindəki neft emalı zavodlarına və kommersiya anbarlarına hücumlarına cavab kimi qiymətləndirir. Putin əvvəlki atəşkəs razılaşmalarının pozulmasına görə məsuliyyəti də Kiyevin üzərinə qoyur.
İkinci mənbə Putinin mövqeyini çatdıraraq onun belə dediyini bildirib:
“Onlar şərtlərlə razılaşana qədər bütün infrastrukturunuzu məhv edəcəyəm. Gələn ilə Ukraynada heç bir infrastruktur qalmayacaq. Bütün körpülər, limanlar, dəmir yolları, enerji obyektləri, elektrik stansiyaları... hər şey dağıdılacaq”.
Putin atəşkəsin ilkin şərti kimi Ukraynanın Donbasın şərqində qalan ərazilərini güzəştə getməsini tələb edib.
İkinci mənbənin sözlərinə görə, Rusiya prezidenti mümkün razılaşma çərçivəsində NATO ölkələrinin təqdim edə biləcəyi təhlükəsizlik zəmanətləri müqabilində Ukraynadan əlavə ərazi güzəştləri də gözləyir.