Modern.az

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Təhsil

Bu gün, 09:20

Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu MİQ imtahanı vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. İmtahanın formatı və mövzuları bəzi suallar yaradıb.

Mövzuyla bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a danışıb. O qeyd edib ki, bağça təhsili dövrünə yüksək səviyyəli kadrlar ayrılmalıdır.

"Bağça təhsili artıq uzun müddətdir ki, sadəcə uşaqların vaxt keçirdiyi yer deyil, məktəbəqədər hazırlığın təməli, uşağın şəxsiyyət kimi formalaşdığı əsas dövrdür. Son illər bu sahəyə dövlət səviyyəsində diqqət kəskin artdıqca, şəffaflıq da başqa müstəviyə keçib.
Müəllimlərin işə qəbulu və sertifikasiyası prosesinə müəllimlər arasında müəyyən narazılıqların yaranması gözlənilən və təbii bir prosesdir. Çünki hər dəyişiklik müəyyən adaptasiya dövrü tələb eləyir.
Bağça müəllimliyində də yüksək rəqabət və müəyyən keçid ballarının formalaşması labüddür və bu tendensiya getdikcə güclənəcək. Çünki peşəkar cəmiyyət artıq dərk eləyir ki, uşağın əlifbanı, saymağı öyrənməsindən əvvəl onun psixologiyasına bələd olan, müasir metodikalara yiyələnmiş kadr lazımdır".

Ekspert aşağı ballı müəllimlərin bölgələrə gedə bilməsi ilə bağlı da fikirlərini bölüşdü.

"Hər zaman mərkəzi və paytaxt məktəbləri, bağçaları ilə regionlar arasında rəqabət balı fərqli olur və regionlarda kadr ehtiyacından dolayı müəyyən yumşalmalar yaşanır. Amma unutmayaq ki, təhsilin keyfiyyəti coğrafiyadan asılı olmayaraq eyni standartı tələb edir və bölgələrimizdə də uşaqların haqqıdır ki, ən güclü peşəkar müəllimlərdən təhsil alsınlar.
Ona görə də bal siyasəti sadəcə sərt məhdudiyyət kimi yox, həm də kadrların özünə inkişaf stimulu kimi qiymətləndirilməlidir. Zaman keçdikcə aşağı bal müzakirələri də maksimum peşəkarlaşma tələbi ilə əvəz olunacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı