Hər bir xalqın milli kimliyini, tarixini və dövlətçilik iradəsini ifadə edən müqəddəs rəmzləri var. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağı da məhz belə bir dəyərdir. O, sadəcə dövlət atributu deyil, azadlığımızın, birliyimizin, milli qürurumuzun və müstəqilliyimizin rəmzidir. Bayrağımızın hər dalğalanışında xalqımızın keçdiyi mübarizə yolu, Vətən sevgisi və gələcəyə olan inamı əks olunur.
Ulu Öndər Heydər Əliyev dövlət bayrağının xalqın mənəvi dünyasındakı yerini yüksək qiymətləndirərək onu milli şərəf və ləyaqətin ifadəsi kimi səciyyələndirirdi:
“Bayraq namusdur, bayraq iffətdir, bayraq qeyrətdir, bayraq bir millətin şərəfidir, ləyaqətidir, bayraq Vətən üçün canını vermiş şəhid oğullarımızın al rəngli kəfənidir”.
Bu sözlər üçrəngli bayrağımızın bizim üçün nə qədər böyük mənəvi məna daşıdığını aydın ifadə edir. Çünki bu bayrağın ucalığında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın mübarizəsi və müstəqillik arzusu var.
Azərbaycanın üçrəngli bayrağı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib. 1990-cı il noyabrın 17-də isə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycanın Dövlət Bayrağı statusunu bərpa edib.
Ulu Öndər Heydər Əliyevin bayrağımıza verdiyi dəyər sonrakı illərdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev də dəfələrlə üçrəngli bayrağımızın xalqımız üçün xüsusi əhəmiyyətini vurğulayıb. Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi məna daşıyır:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır”.
Həmin çıxışında Prezident İlham Əliyev bayrağımızın işğal altında olan torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə dalğalanacağına əminliyini ifadə etmişdi. Bu arzu 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə gerçəkləşdi. Şuşanın azad olunmasından sonra Prezident İlham Əliyev xalqa müraciətində “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır” sözləri ilə tarixi müjdəni verdi.
Bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərdə ucaldılan bayrağımız xalqımızın tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin olunmasına və dövlət suverenliyimizin güclənməsinə verdiyi böyük dəyərin rəmzidir.
Ulu Öndər Heydər Əliyevin “Bayraq namusdur, bayraq iffətdir, bayraq qeyrətdir” fikri bu gün də hər bir azərbaycanlı üçün mənəvi çağırışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində ucaldılması isə bu müqəddəs rəmzin daşıdığı arzuların gerçəyə çevrildiyini göstərir.
Bayrağımız bu gün yalnız dövlətimizin deyil, həm də xalqımızın birliyinin, qələbəsinin və sarsılmaz iradəsinin simvolu kimi ən uca zirvələrdə dalğalanır. Ona ehtiram göstərmək isə hər birimizin milli və mənəvi borcudur.