Modern.az

Sabahdan istilik mövsümü başlayır - “Azəristiliktəchizat” necə hazırlaşıb?

Sabahdan istilik mövsümü başlayır - “Azəristiliktəchizat” necə hazırlaşıb?

Ölkə

Bu gün, 14:01

Sabahdan - noyabrın 15-dən Bakı şəhərində və respublikanın bir çox digər ərazilərində 2026–2027-ci illər istilik mövsümünə start veriləcək.

Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, istilik mövsümü 2027-ci il aprelin 15-dək davam edəcək.

"Azəristiliktəchizat" ASC-dən Modern.az-a bildiriib ki, qurumun xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda istilik verilişinə noyabrın 1-dən başlanılıb.

Mövsümə hazırlıq dövründə istilik təchizatı obyektlərinin etibarlı və dayanıqlı fəaliyyəti üçün təmir-bərpa və texniki xidmət işləri görülüb. 12 153 metr istilik xətti yenilənib, 5458 kvadratmetr izolyasiya örtüyü bərpa olunub. 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi mexaniki üsulla təmizlənib. Bu tədbirlər qış aylarında avadanlıqların təhlükəsiz istismarına və istilik təchizatında fasilələrin qarşısının alınmasına yönəlib.

Həmçinin nasos və mühərriklər, 5282 siyirtmə cari təmir olunub, 22 dəst nasos yenilənib, 60 kilometr yeraltı və 75 kilometr yerüstü qaz xətti yoxlanılıb. Mövsüm ərzində 88 mindən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuya xidmət göstəriləcək.

Köhnə qazanxanaların yenilənməsi də davam etdirilib. 2026-cı ilin investisiya proqramı çərçivəsində Bakı İstilik Elektrik Mərkəzindən qidalanan 2 istilik məntəqəsi qazanxanaya çevrilib, 1 köhnə qazanxana modernləşdirilib. Bu layihə çərçivəsində xarici qaz, elektrik və su təchizatı sistemləri, eləcə də məhəllədaxili istilik xətləri yenidən qurulub. Qazanxanaya çevrilən istilik məntəqələri Xətai rayonunun Gəncə prospektindəki 27 hündürmərtəbəli yaşayış binasının və 2 uşaq bağçasının, modernləşdirilən qazanxana isə 19 yaşayış binasının, 1 uşaq bağçasının, 2 səhiyyə obyektinin və 20 digər obyektin keyfiyyətli və dayanıqlı istilik təchizatına xidmət edəcək.

Cəmiyyətin daxili imkanları hesabına Sumqayıt şəhərində və Sabunçu rayonunda köhnə qazanxanalar modul tipli qazanxanalarla əvəz olunub. İsmayıllıda isə istismara yararsız qazanların əvəzinə 0,35 Qkal/saat gücündə qazan qurğusu quraşdırılıb.

“Azəristiliktəchizat” ASC-nin xidmət şəbəkəsinə ümumilikdə 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası daxildir. Cəmiyyətin xidmətləri 3838 yaşayış binasını, 272 məktəbi, 159 uşaq bağçasını, 142 səhiyyə obyektini, büdcədən maliyyələşdirilən 167 digər təşkilatı və 2666 digər təsərrüfat obyektini əhatə edir. İstilik təchizatı ilə bağlı müraciətlər 956 Çağrı Mərkəzi vasitəsilə qəbul olunur.

Sizə yeni x var
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?