İri dövlət investisiya layihələri təsdiqlənməzdən əvvəl onların tikinti dəyəri ilə yanaşı, növbəti 10 il ərzində yaradacağı istismar və təmir xərcləri də hesablanmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Deputat iri layihələr üçün “10 illik maliyyə öhdəliyi pasportu” mexanizminin tətbiqini təklif edib.
O bildirib ki, dövlət vəsaiti hesabına tikilən məktəblərin, xəstəxanaların, idman komplekslərinin və inzibati binaların sonrakı kommunal, texniki xidmət və təmir xərcləri də büdcənin üzərinə düşür.

“Bu gün verdiyimiz investisiya qərarı gələcək illərin büdcəsi üçün uzunmüddətli maliyyə öhdəliyi yaradır”, – deyə V.İskəndərov vurğulayıb.
Deputat bəzi dövlət dəstək proqramlarının üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsindən keçirilməsini də məqsədəuyğun sayıb.
Onun fikrincə, məqsədinə çatan proqramlar davam etdirilməli, nəticələri zəif olanların mexanizmi dəyişdirilməlidir. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilməlidir.
V.İskəndərov qeyd edib ki, bu yanaşma sosial hüquqların məhdudlaşdırılmasına deyil, dövlət vəsaitinin daha səmərəli istifadəsinə xidmət etməlidir.